Azərbaycan şairi Nizami/Nizami Azərbaycan şairi
←Milliyyət baxımından ədəbiyyatda forma və məzmun | Azərbaycan şairi Nizami. Nizami Azərbaycan şairi Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Nizaminin yaradıcılığı→ |
Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.
Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.
Iran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən bəlkə də ən böyük simasını təşkil edən Nizaminin, əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də daha çoz) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.
Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də o, əlbəttə, bir Azərbaycan şairidir.
Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də - red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik. [1]
Təkrar edirik: əsərlərini farsca yazdığına baxmayaraq, Nizaminin, qeyd etdiyimiz kimi, məzmun və hissiyyat nöqteyi-nəzərindən azərbaycanlı bir türk təfəkkürünə malik olduğunu aşağıdakı səhifələri çevirdikcə açıqca görəcəksiniz.
____
- ↑ O zamankı Azərbaycanda türkcənin müəyyən bir hökmü olduğunu yalnız Nizaminin deyil, müasirləri olan başqa şairlərin də farsca yazdıqları əsərlərində işlətdikləri türk sözlərindən açıq-aydın görürük: məsələn, Xaqaninin aşağıdakı beytlərində işlənmiş Azərbaycan sözlərinə nəzər salaq:
1/ Əvvəle-şəb Aytəkin vuşaq amədim, leyk
Alparslan şodim be payane-cobhqab.2/ Ku şəh – Toğan-e cud ke, mən bəhre-ətməgi
Pişəş zəban beqoftən – esən-sən dəravərəm.