Azərbaycan şairi Nizami/Nizami mövzuları
←İsgəndərnamə | Azərbaycan şairi Nizami. Nizami mövzuları Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Nizamidə farslıq→ |
Onu anlamayanlardan şikayət edərkən:
Türkcəmi bu həbəşlikdə alan yox,
Dovğanı bir yemək deyə sayan yox.
Nizami
Klassik İran ədəbiyyatı deyildiyi kimi, yalnız farsların sərvəti deyildir. Bu, danışıq dilləri heç də fars dili olmayan müxtəlif millətlərin də iştirakı ilə yaradılmış müştərək bir ədəbiyyatdır. Bu müddəanı mövzuları baxımından mənalandırılan Nizami də bir daha təsdiq etməkdədir.
Islamdan sonrakı İran ədəbiyyatı yalnız türk hökmdarları və sülalələrinin himayəsi ilə yaranmış ədəbiyyat deyildir; bu ədəbiyyatı vücuda gətirən tanınmış ustadlar arasında türk xalqlarından olan bir çox şair və mütəfəkkirlər də vardır.
Nizami doğulduğu yer (Gəncə) və “bülbüllük etdiyi bağ” (Azərbaycan Atabəyləri sülaləsi) baxımından azərbaycanlıdır. Azərbaycan artıq o dövrdə türklərlə məskun idi. Türkmənlərin Azərbaycanda yerləşməsi XI əsrdə başa çatmışdır.
Azərbaycanlı Nizaminin danışıq dilinin türk olması barədə, əksər hallardakı kimi, qaynaqlarda bir aydınlıq yoxdursa da, əsərlərinin diqqətlə araşdırılması bu gəncəlinin fars olmadığını aşkara çıxarır.
Digər araşdırmalara əl atmadan, Nizaminin İran ədəbiyyatına “danışıq dili farsca olmayan bir mühitdən gəldiyini” mövzularının tədqiqi və təhlilindən də başa düşmək olar.
Nizaminin mövzuları...
Diqqətli oxucunun şübhəli baxışlarını sezirik. Bəri başdan deyək ki, bu əngin dəryaya atılmış bir dalğıc vəziyyətində olmaq niyyətində deyilik. Bir türk və bir qafqazlı olduğumuzdan məqsədimiz, yalnız bizi maraqlandıran bir neçə məsələ üzərində dayanmaqdır.
Avropalı bir tədqiqatçının fikrincə, əsrinin bir növ ensiklopediyasını təşkil edən “Beşlik” mövzularından yalnız beşindən bəhs edəcəyik; bunların təhlili, bizcə, Nizaminin mənəvi şəsxiyyəti və yetişdiyi mühitlə əlaqələrini göstərmək baxımından son dərəcə mühümdür.
Təhlil edəcəyimiz mövzular aşağıdakılardır:
1. Nizamidə farslıq. 2. Nizamidə türklük. 3. Nizamidə Qafqaz. 4. Nizaminin ruslar haqqında təsəvvürü. 5. Nizaminin qadına münasibəti.