Məzmuna keç

Azərbaycan şairi Nizami/Nizamidə farslıq

Vikimənbə saytından
Nizami mövzuları Azərbaycan şairi Nizami. Nizamidə farslıq
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizamidə türklük

Peyğəmbərin məktubunu cıran Xosrov Pərviz haqqında:

Aydınlayan adı görüncə ünvan
Su gördü elə bil it tutmuş insan!
N i z a m i

İran ədəbiyyatında Firdovsidən sonra ən böyük yeri Nizami tutur. Hətta epik əsərə verdiyi lirik ovqat, aşiqanə dastanlarda özünə xas yenilik və psixoloji təhlil baxımından Nizami, Firdovsi də daxil olmaqla, İran ədəbiyyatında heç kəsin fəth edə bilmədiyi bir zirvəyə qalxmışdır. Bununla belə ona, Firdovsi kimi, bir fars şairi adı verə bilərikmi?
– Həm hə, həm də yox!..
“Hə”, çünki əsərlərini farsca yazmış və bununla da fars dilini zənginləşdirmiş, gözəlləşdirmiş, onun püxtələşməsinə xidmət etmişdir.
“Yox”, ona görə ki, Firdovsidə müşahidə olunan fars təəssübkeşliyindən onda heç bir əsər-əlamət yoxdur. Firdovsi qədim İran tarixini canlandıran 60 000 beytlik “Şahnamə”sini yazmaqla, bu “parsi” ilə “əcəmi” diriltdiyinə işarə edir. [1] Halbuki, Nizamidə belə bir məqsəd və öyünməyə təsadüf edilə bilməz.
Firdovsi müxtəlif dastan, əfsanə və hekayətlərdən İran tarixini və fars ənənələrini canlandırmaq və yaşatmaq üçün istifadə etmişdir. Nizami isə tarixi hadisələrdən, özü üçün əsas məqsəd olan həqiqət naminə, gözəllik yaratmaq üçün faydalanmışdır.
Firdovsidə qatı bir irq təəssübü hökm sürdüyü halda, Nizamiyə bu təəssüb yabançıdır. Onun üçün mühüm olan qan deyil, imandır. Nizamini maraqlandıran İran və ya fars qanı deyil, təkallahlılıq əqidəsi və ədalət anlayışıdır. Nizamidə Firdovsinin əsas predmeti olan ərəb və türk düşmənçiliyindən zərrə qədər əsər yoxdur. Firdovsi, məlum olduğu kimi, İran-Turan müharibələrinin dastanını vermişdir. Fars milliyyətçiliyinin bu şair ideoloqunun fikrincə, İran xeyir başlanğıcı olan Hörmüzdü, Turan isə şər başlanğıcı olan Əhriməni təmsil edir. Halbuki müsəlman Nizami bu dualist çoxallahlılığa qətiyyən əhəmiyyət vermir. O, İran-Turan istilahını yalnız bir və ya iki yerdə işlətmiş, özü də bu məfhumla iki düşmən dünyanı deyil, yalnız iki coğrafi ərazini nəzərdə tutmuşdur. Nizaminin nəzərində Turan qəhrəmanı Əfrasiyab İran qəhrəmanı Keyxosrovla bir məqamdadır. “Xosrov və Şirin”də hökmdar Şemirami qardaşı qızı və vəliəhdi şahzadə Şirinə aşiqi Xosrovla ehtiyatlı olması üçün öyüd verərkən, “o, Keyxosrovdursa, biz də Əfrasiyabıq” – deyir. Bir kraliçanın diliylə edilən bu qarşılaşdırmanın əslində şairə aid bir ölçü və meyar olması aşkardır.
Sasani padşahı Xosrov Pərvizin Həzrəti Peyğəmbərin məktubuna göstərdiyi səfeh münasibətin tarixçəsi məlumdur: Pərviz onu İslama dəvət edən Məhəmmədin məktubunu cırmış, elçini təhqir etmişdir. Daha sonra İranın milli qəhrəmanı Rüstəm-Zalın ərəb orduları komandanı Sə’d ibn Vəqqasa yazdığı məktuba İran millətçiliyi və fars təəssübü ilə yanan Firdovsi “tfu sənə ey fələk ki, kərtənkələ yeyən və dəvə südü içən ərəb durub Kəyan tacına göz dikmişdir!” mənasını verən aşağıdakı beytləri daxil edir:

Ze şir-e şotor xordən-o-susmar,
Ərəb-ra be cayi rəsideəst kar,


Ke tac-e Kəyan-ra konəd arizuy
Tfu bər to ey çərx-e gərdan, tfu!

[2]

Eyni hadisədən bəhs edən müsəlman Nizami, atəşpərəst hökmdarı Pərvizin Həzrəti-Peyğəmbərin mübarək məktubuna qarşı göstərdiyi hörmətsizliyi pisləyərək, padşahın məktubu cırmasını “quduzluq” kimi qiymətləndirib bu beyti yazır:

Ço onvanqah-e aləmtab-ra did,
To qofti səggəzide ab-ra did.

[3]

Nizaminin fars təəssübü mənasındakı iranlılıqdan uzaq olması, aşağıda qeyd edəcəyimiz digər cəhətlərdən başqa, Xosrov Pərvizin Peyğəmbərə qarşı göstərdiyi hörmətsizlik üzündən düçar olduğu aqibəti üzərində xeyli müfəssəl dayanması ilə də sübut olunur.
Xosrov Nizamini İranın tarixi bir şəxsiyyəti olaraq deyil, yalnız eşq dastanının bir surəti kimi maraqlandırmışdır. Bununla belə, “Xosrov və Şirin” hekayətini aşiqlə məşuqun qovuşması ilə bitirməklə kifayətlənməyib, şair, hekayənin “İslami rəngini” də verməkdən özünü saxlamamışdır. Sənətkar və şair Nizamiyə Xosrov və Şirinin min bir macəra və iztirabdan sonra ər-arvad olub rahatlığa çəkilmələri kifayət olduğu halda, sənətini fikirlərini təbliğ üçün istifadə edən filosof Nizamiyə kifayət etməmişdir; bunun üçün şair müsəlman Peyğəmbərinə kobudluq edən atəşpərəst hökmdarının yalnız maddi fəlakət və süqutunu verməklə kifayətlənməyib, eyni zamanda, İran imperiyasının mənəvi tənəzzülünün tarixçəsini də əsərinə daxil etmişdir. Peyğəmbərin Xosrovun yuxusuna girməsi, əlindəki qırmancla onu vurması, vəziri Büzürgümidin ona ərəb peyğəmbəri haqqındakı söhbəti, Məhəmmədin doğulduğu gün Kəsra tacının çökməsi və atəşgədələrin sönməsi kimi əhvalatlar da özünəməxsus şəkildə “Xosrov və Şirin” hekayəsinə əlavə edilmişdir.
Firdovsidəki iranlılıq, daha doğrusu, farsçılıq təəssübündən Nizamidə zərrə qədər əsər olsaydı, şübhəsiz, sənət baxımından poemanı heç də dəyərləndirməyən bu əlavələrə qətiyyən lüzum görməzdi.
Firdovsi ilə Nizami arasındakı hiss başqalığını, biz böyük İskəndərin mənşəyi haqqında mövqelərinin müxtəlifliyində də görürük: İran qanının üstünlüyü və yenilməzliyinə inanan Firdovsi, Kəyan taxtına çıxan bir rumlunun yadlığına dözə bilmir; İranın məğlubiyyətini İskəndərin damarlarında axan qanla əlaqələndirir. Onun fikrincə, İskəndər Kəyanilərdən Darabın oğludur. Darab ilə Filəqus (Filip) arasındakı bir döyüşdə Rum ordusu məğlub olmuş, Darabın istəyi ilə, Filəqus qızı Nahidi ona göndərmişdir. Iran padşahı Rum şahzadəsinin yanına girmiş, fəqət ağzından pis iy gəldiyini duyub yatağı tərk etmişdir. Həkimlər Nahidin dodağına “iskəndər” [4] deyilən yandırıcı bir bitki sürtüb bununla qoxunu aradan qaldırmışlarsa da, bir dəfə diksinmiş olan padşah artıq qızdan soyumuş və onu atasının yanına geri göndərmişdir. Bu təmasdan hamilə qalan Nahid atasının evində bir oğlan uşağı doğmuş və ağız qoxusunu yox edən otun xatirəsi ilə ona İskəndər adını vermişdir. Filəqus isə qızının başına gələni gizlətmək məqsədilə xalqa İskəndərin öz oğlu olduğunu bildirmiş və vəliəhd etmişdir. Bu halda, Firdovsinin nəzərincə, İskəndər bir yad və istilaçı deyil, Kəyan tacının həqiqi varisi və İranın qanuni hökmdarıdır. Onun Kəyan taxtına çıxa bilməsinin sirri də bundadır.
Iskəndərin mənşəyi barədə İran rəvayətini Nizami də görmiş, amma ona əhəmiyyət verməmiş, inanılmaz bir uydurma sayıb kənara atmışdır. Onun fikrincə, İskəndər Filəqusun öz oğludur və sevdiyi yerli bir qadından doğulmuşdur. Yalnız Kəyan taxtına deyil, bütün dünyaya sahib olmasının sirrini, Nizami İskəndərin qanında deyil, imanında, fikirləri və idarə sistemində görmüşdür.
Nizaminin farspərəstlikdən uzaq olmasını göstərən kəskin dəlillərdən biri də atəşpərəstliyə düşmən olmasıdır. Məcusilik, zərdüştilik və atəşpərəstlik Nizamidə daim zərərli və alçaq sayılır. Təkcə Peyğəmbər və müsəlmanlar deyil, İskəndər belə atəşpərəstliyin düşmənidir. Kəyanilərin bütün idarələri içərisindən İskəndər yalnız atəşkədələri dağıdır. Hər hansı bir vilayətin düşmənləri İskəndəri bu vilayətə qarşı qaldırmaq üçün orada atəşpərəstliyin hələ yaşamaqda olmasından söz açırlar. Nizami İskəndəri şövqlə tərifləyərkən “dünyanı məcusilikdən təmizlədiyini” xüsusi bir razılıqla qeyd edir.
Farslığın ən böyük və ən parlaq ənənəsi zərdüştlük və atəşpərəstlikdir. Belə olduğu halda, fars şerinin, Firdovsidən sonra, ikinci böyük dirəyi olan Nizami bu təlimə nə üçün bu qədər düşməndir? Onun üçün ki, sözün həqiqi mənasında Nizamidə farslıq duyğusu yoxdur. O, bütün duyğu və şüuru ilə müsəlmandır, tək Allaha inanır. Təkallahlılıq mövqeyindən də o, hər cür ikilik və çoxluğu rədd edən bir “vəhdaniyyətçidir”. Zərdüştiliyin xeyrin ayrı, şərin də ayrı mövcud olub, öz aralarında vuruşan ikiallahlılıq sisteminə onun nə sufiliklə yetişdiyi Allah məfhumu, nə də daşıdığı xalis müsəlman əqidəsi uyğun gəlmir.
Nizami hər şeydən əvvəl, bir müvəhhiddir, Allahın təkliyinə inanır. Farsca yazsa da, duyğu və şüuru farslıqdan uzaqdır. Bu uzaqlığı onun zamanında olduqca qüvvətli olmuş ismailiyyə məzhəbinə qarşı gizlətmədiyi düşmənçilik və nifrəti də göstərməkdədir. Məsələyə vaqif olanlar bilirlər ki, sıralarında Həsən Səbbah kimi qorxulu terrorçular yetişərək xilafətə qarşı şiddətlə mübarizə aparan bu hərəkat qədim farslığın İslama qarşı müxalifətinin bir ifadəsi idi. Nizaminin mədh etdiyi Azərbaycan Atabəyi sultan Qızıl Arslanın bunlar tərəfindən öldürüldüyü rəvayət edilir. Ərəb xilafəti ilə Türk sultanlığına möhkəm düşmənçilik edən bu “iranlı” məzhəbin adı, Nizaminin dilində bir söyüşdür. “Dediyim kimi deyilsə, ismaili olum” [5] tipli ifadələr (onun) əsərlərində bir-iki deyildir...
Ərəblərə qarşı bəslənən “Firdovsi kini”ndən heç bir əsər olmayan azərbaycanlı Niaminin həm də, eyni “Firdovsilik” baxımından türklüyə olan münasibətini araşdırmaq lazımdır.

____

  1. Bəsi rənc bordəm dər in sal-e si,
    Əcəm zende kərdəm bedin parsi.

    Tərcüməsi: Otuz il ərzində çox əziyyət çəkdim. Bu parsi ilə əcəmi diriltdim.

  2. Türkcəsi:

    Yediyi kərtənkələ, dəvə südü içər,
    Ərəbin halına bax, keylərin tacını dilər.
    Tfu sənə, dönən fələk, tfu, üzün böylə dönər.

  3. (

    Elə ki, aləmi işıqlandıran ünvanı gördü,
    Sanki it tutmuş adam suyu gördü – red.)

  4. Giyahi ke suzənde-ye kam bud,
    Və bər Rum İskəndərəş nam bud.

    (Elə bir ot ki, ağzı yandırırdı
    Və Rumda adı İskəndər idi – red.)

  5. Gər tiğ rəvan koni bər in sər,
    Qorban-e xodəm koni bər in dər.

    Esmaili be xod besəncəm,
    Esmailiyəm gər əz to rəncəm.

    Türkcəsi:

    Qılıncla vurasan boynumu gər sən,
    Səsimi çıxarmam, qurbanınam mən,
    Sənə sevgilim, mən İsmailəm,
    Söylər isəm yalan – ismailiyəm!..