Məzmuna keç

Azərbaycan şairi Nizami/Nizamidə eşq fəlsəfəsi

Vikimənbə saytından
Nizaminin həyata və insana münasibəti Azərbaycan şairi Nizami. Nizamidə eşq fəlsəfəsi
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin dinə münasibəti və ictimai idealı


Arasaq dünyanın oluşunu,
Eşqdə taparıq duruşunu!
N i z a m i


Xalqa xidmətdən zövq alan kamil insan ruhunun ölməzliyinə inanan nikbin şairin bu görüşə uyğun bir fəlsəfəsi vardır. Nizamiyə görə, kainatın söykəndiyi yeganə dayaq eşqdir. Bütün varlıqlar eşqlə dayanır və onunla hərəkət edirlər. “Fələyin eşqdən başqa bir məhvəri yoxdur!”. Dünya yalnız eşq manivelası üzərində dönməkdədir. “Eşqin qulu ol, çünki qulluq ediləcək yeganə ağa odur”. Ərənlər ancaq bu işlə məşğul olmuşlar. “Eşqdən başqa dünyada nə varsa, hamısı oyuncaqdır”.

Dünyada nə varsa, hamısı bazi,
Illa ki, təriqi-eşqbazi!

“Asiman aşiq olmasaydı, yer necə yaranardı?!”
“Eşqdən nəsibi olmayan insanın yüz canı belə olsa, yenə ölüdür”.
“Leyli və Məcnun”dan götürdüyümüz bu fikir aşağıdakı kimi davam edir:
“İt kimi yalnız yemək və yatmaqla kifayətlənmə; bir pişik də olsa, ona könül ver. Çünki bir pişiyin eşqi ilə aslan olmaq, öz nəfsinə düşkünlükdən yaxşıdır”. “Eşqdən bir dənə olmadıqca, kimsənin toxumu göyərməz; eşq evinə sığınmasa, heç kəs özündən əmin ola bilməz”.
Nizamiyə görə, eşq cansızlara belə hakimdir. “Maqnit aşiq olmasaydı, elə bir şövq ilə dəmiri necə qaldıra bilərdi”. “İçində bir eşq mayası olmasaydı, kəhrəba samanı necə çəkə bilərdi?!” “Dünyada nə çox daş və nə çox mineral vardır: amma bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkir!”.
“Son dərəcə müxtəlif növlü şeylərdə öz mərkəzlərinə doğru meyl etmək xüsusiyyəti vardır. Od yerin mərkəzində qərar tutmamış olsaydı, kürəmiz partlayar, havaya uçardı!” “Su havada çox qaldıqda ağırlığının təsiri ilə yerə qayıdır”. “Cisimlər arasında daimi bir yaxınlaşma və qovuşma vardır ki, filosoflar buna eşq demişlər!” “Yaxşı diqqət edilsə, yaradılışın ancaq eşq üzərində durduğu görünər!”
Varlığı eşqin məhsulu kimi qəbul edən şairin özü də ən böyük aşiqdir. Necə ki, “Xosrov və Şirin”dən götürdüyümüz yuxarıdakı fikirləri o, özünə aid bu sözlərlə bitirir: “Eşqsiz özümdə can görmədim; qəlbimi verdim, can aldım!”
Insan vücudunun mühərriki – ürək bahasına alınan bu cana bərabər eşq, şübhəsiz, sözün geniş mənasında götürülür. Belə ki, “Leyli və Məcnun”da eşq barəsində aşağıdakı sözləri oxuyuruq:

Yüksələn nurun eşq aynasıdır,
Şəhvət, əlbəttə, eşqin ayrısıdır.
Gər qərəz güdsə eşq, fanidir,
Eşq çunki qərəzin aridir.
Qərəzə eşq hərgiz olmaz yar,
Qərəzin qonduğundan eşq uçar.

Eşqi qərəzdən ayıran şair, eşqdən də fədakarlıq tələb edir. Aşiq – özündən keçən fədakar deməkdir. Həmin “Leyli və Məcnun”da bu sözlərə rast gəlirik: “aşiq canını verib, cananını istər; canından qormaz”.
Bu aşiq dayanmadan cananına can atar. Bu kimi insanlarda sevgiliyə yetişmək yolunda səbr və təhəmmül olmaz. “Onlar pərvanə kimidirlər: yansalar belə, sevdikləri oda qovuşmaq istərlər”. Şairin səbirsizliklə xarakterizə etdiyi eşq “gənclik şəhvətinin oyuncağı” olan keçici bir həvəs deyil, “əbədi vurğunluq”dur.
Nizami sənətinin həyatsevərlikdən, özgəgüdərlikdən və aşiqliqdən yoğrulmuş, zəriflik və gözəllikdən ibarət parlaq “çölü”, kökləri eyni qaynaqlara əsaslanan yüksək fikirlərdən təşkil olunmuş “içi” ilə tam həmahəngdir.
Zaman etibarilə kürəmizi kainatın “ilk nəsli” (“bətn”) kimi təsəvvür edən şair, məkan etibarilə, insanı dünyanın son nəsli hesab edir.
Yaradılmışların ən şərəflisi və varlıqların ən kamili olan insanın Nizamiyə görə, ən böyük dəyəri, böyük Yaradanla mənəvi və ruhi təmasa girə bilmək qabiliyyətinə malik olmasıdır.
Pessimistlərin nəzərində yerdə sürünən səfil və aciz insan, Nizaminin optimist baxışlarında yüksəkliklərə qalxan, Allahın lütflərini görən, planetlərin mövcudluğu və hərəkətlərinin sirlərini anlayan qüdrətli bir qəhrəmandır. Bu qəhrəmanın necə varlıq olduğunu Nizami, yuxarıda qeyd etdiyimiz beytlərdə müəyyən etmişdir. Burada həmin beytlərdən yalnız bir-iki misranın təkrarı məqsədəuyğundur: “Göydəki bütün ulduzlar insanın bir fəaliyyət vasitəsi olmaqdan başqa bir şey deyildir. Onların özlüyünü təmin edən işıq bizik. Yaradılışı irəlilədən mələk insandır. Yaradanın vəzifəsi isə yalnız yol göstərməkdir”. Nə olduğunu və hansı qaynaqdan gəldiyini anlamış insan, Nizaminin nəzərində, yaşamaq üçün ətdən və sümükdən ibarət bir cəsədə möhtac deyildir. Bu, yüksəklərdə uçan bir ruhdur (“can”) ki, qətiyyən məhv olmur, yalnız şəklini (“qəlbini”) dəyişir.

____