Azərbaycan şairi Nizami/Nizaminin həyata və insana münasibəti
←Nizaminin yaradıcılığının təkamülü | Azərbaycan şairi Nizami. Nizaminin həyata və insana münasibəti Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Nizamidə eşq fəlsəfəsi→ |
Tanrıya müraciətindən:
Dünyanın özü də bunca gözəlkən,
Bəqanı Cənnətə saxladın nədən?
Insana müraciətindən:
Sürən məlakəsi sənsən varlığın,
Yol göstərmək işi ancaq Xaliqin!
N i z a m i
Nizaminin həqiqi həyat qaynağı olmaq etibarilə sevincə əhəmiyyət və qiymət verməsi onun həyata münasibəti ilə tam bir ahəngdədir. Daha doğrusu, şairin sənətə münasibəti onun həyata münasibətindən doğmuşdur.
Fəlsəfi düşüncələrində fərdi həyatın keçici olduğunu daim irəli sürməklə yanaşı, Nizami dünyanın kədər və qəm üçün deyil, sevinc və nəşə üçün yaradıldığına əmindir. Dünyanın faniliyini, insanı insana qarşı pis əməllərdən çəkindirmək üçün tez-tez qeyd edən filosof Nizami, bir şair kimi həyatın tərənnümçüsüdür. Yaşamaq – gözəllik, nəşə və sevinc içində yaşamaq, Nizaminin ən çox sevdiyi nemətdir. “İskəndərnamə”də, bu fikirlərimizi qüvvətləndirən beytlərində, şair, “dünya kədər və qəm üçün deyil, sevinc və nəşə üçün yaranmışdır” – deyir; və “bu məşəqqət aləmində özümüzü sıxmayaq!” – tövsiyyəsini verir. “Xosrov və Şirin”də “xəzansız olaydı həyat bağı; yıxılmaz olaydı həyat sarayı – nə gözəl olardı!..” deyən şair, “dünən” ilə “sabah”dan kimsənin xəbəri olmadığını söyləyərək, sözlərinə bu şəkildə davam edir: “dünən” keçmiş, “sabah” isə gəlməmişdir, meydanda bir “bu gün” var ki, onun da axşama qədər davam edəcəyinə zəmanət yoxdur; bu halda, gəl bir anlıq mey içərək könlümüzü və dünyamızı yaşadaq; və yaxud: “torpağın altında çox yatacağıq, bir gecəni də olsa, yatmayıb şənliklə keçirək!” – deyir. Həyat zövqünü Xəyyamı andıran bir tərzdə anladırsa da, Nizami, əslində onun kimi bədbin deyildir – dindarlığı buna mane olur.
Dindar və zahid olmasına baxmayaraq, həyatı sevən şair “dünya bu qədər gözəl ikən” Allahdan “əbədiliyi niyə cənnətə saxladın?” – deyə əzabla soruşur. Amma dərhal “hikmətdən sual yoxdur” hökmünü xatırlayıb “sən deyən yaxşıdır!” deyib təslim vəziyyəti alır.
Idealist Nizaminin həyat sevgisi, eqoizmdən irəli gələn epikurist bir sevgi deyildir. Bu, onun bütün əsərlərindən qırmızı xətlə keçən alturist (özgəgüdər) əxlaq prinsipi ilə sıx surətdə bağlıdır.
Nizami həyat gözəlliyinin ən böyük nəşəsini bir insanın başqalarına faydalı olmasında görür. Öz-özünü yüksəltmək, “nəfsini təmizləmək”, “başqalarının yox, öz eyiblərini görmək” şairin təkidlə təlqin etdiyi əxlaq prinsipləridir.
Şair, tovuz quşunda – ayağa deyil, qanada; qarğada isə tüklərin qaralığına deyil, gözlərin ağlığına baxmağı tovsiyyə edir.
Yolunu “candan baxıb müəyyənləşdirərək yeriməyi və bununla iki dünyaya da meydan oxumağı” tövsiyyə edən filosof, “payəndən (məqamından – red.) qorxmamaq üçün aşağıya, sayəndən (kölgəndən – red) qorxmamaq üçün geriyə baxma!” – deyir. Həyatda doğruluq, doğru sözlülük şairin tərənnüm etdiyi ən gözəl sifətlərdir.
Şair özgüdərlikdən (eqoizmdən) uzaq, mənfəət məqsədi daşımayan bir həyatı vəsf edir. Onun fikrincə, bütün maddi imkanların dəyəri onların mənəviyyata xidməti ilə ölçülür. Nizamiyə görə, məsələn, varlılığın öz-özlüyündə heç bir dəyəri yoxdur. “Qızıl yalnız müəyyən bir məqsəd sikkəsini daşıdığı zaman dəyərlidir!”.
Ideal yolunda mətanət göstərib çətinliklərə qatlanmaq qədər yüksək bir şey yoxdur; çünki belə bir “riyazət” məktəbini keçməyən insanlıq şərəfini qazana bilməz. Müvəffəqiyyətin yeganə vasitəsi zəhmət və dözümlülükdür.
Doğrudur, bu yol çətindir, yoxuşludur; zindanlarla doludur. Amma unutmaq lazım deyil ki, həqiqi və ideal sahibi olan insan üçün zindan – bir şərəf pilləsidir.
Şərəfli adamın ən böyük məziyyəti nəfsinə hakim olmaqdır. “Nəfsə tabe olmaq – azğınlıq əlaməti, ehtiras və həvəsə uymamaq isə peyğəmbərlik hünəridir”.
Nizamiyə görə, həyatı gözəlləşdirən ən böyük əsas yaxşılıq etməkdir. “Xalqa qarışmaq, xalqa faydalı olmaq – budur insanlığın əlaməti”.
Ictimai varlıq olan insan, Nizamiyə görə, şərəfinin qiyməti ölçüyə gəlməyən bir məxluqdur.
Şairə görə, həqiqi insan təbiət qarşısında aciz və kainata tabe olan bir məxluq deyildir. Şairin “Həft peykər”də yazdığına görə, “göydəki ulduzlar insanın bir fəaliyyət vasitəsidir. Bütün çətinlikləri asanlaşdıran insandır. Səyyarələrə şamil edilən keyfiyyətlər, insanın onlarda təsəvvür etdiyi dəyərdən başqa bir şey deyildir”. “Yer göyə, insan da firiştəyə (mələyə) bərabərdir”. “Əslinin haralı olduğunu bilən bir insan cəsədsiz də yaşayar”. Daha doğrusu, “can (ruh) ölməz, yalnız yerini dəyişər”.
“Zamanın ilk mənzili yer, dünyanın son nəsli də insandır”. Bu insan “özünü tanıdıqda, Allahı da tanıyar”. Insan – sözün mənəvi və psixoloji mənası ilə bir insan – “iki aləmi özündə təmsil edən bir nurdur”.
Bu, Şərq sufilərinin “insani-kamil” dedikləri kamil insandır. Bu “kamil insan” anlayışı müasir alman məktəbinin “Üвermensch” dediyi üstün insana bənzəyir.
Insanın üstünü kimi, kamili də təbiət və ya Allahın bir vergisi olaraq meydana gəlir. Bu, zahirən “bir-birinə bənzəyən çoxlu daşlar” kimi isə də, həqiqətdə onlardan fərqlənən bir cövhər – Nizaminin təbirincə, bir ləldir.
Amma iki formul arasındakı oxşarlıqla bərabər, bunlardakı fərqə də diqqət etmək gərəkdir:
“Üstün” sifəti “cövhərliliyin” mütləqliyini göstərdiyi halda, “kamil” anlayışı zəhmət ilə nəfs tərbiyəsinə, öz-özünü kamilləşdirməyə məlum bur yer ayırır. Hər insan, istəsə, kamilliyə yetişə bilər; yəni hər insan əsas etibarilə kamilləşə bilər.
Nizami bizə bu kamilləşmənin yolunu da göstərməkdədir. Oğlu Məhəmmədə verdiyi nəsihətlərdə göstərdiyi üsulu belə ümumiləşdirmək olar:
Insan müəyyən bilik və hünər (sənət) sahibi olmalıdır. Nəsəb insana ancaq uşaqlıqda yarayır: böyüdükdə fəzilətli oğlu olmaq kifayət etməz, çünki insan yalnız öz fəzilətinin övladı olmalıdır.
Şair müəyyən bir sənət sahibi olmağı o sənətdə ustalıq və kamilliklə birlikdə qəbul edir. “Yalnız oxumaq kifayət deyil, oxunan hər vərəqi yaxşıca və tamamilə anlamaq gərəkdir”. “Öyrənməkdən usanmayan insan sudan inci, daşdan ləl çıxarar”.
Insan istısı mələk olar; bunun üçün onun Xızır kimi özünü tanıması kifayətdir. Özünü tanıyan adam abi-həyatı (“dirilik suyunu” – red.) içmiş kimidir. “Abi-həyat” isə sözün həqiqi mənasında “yaşadan su” deyil, “ağıllı can ilə canlı ağıl” deməkdir. Can bir çıraqdır ki, yağı ağıldır.
Ağıl, Nizamiyə görə, Allahın yaratdığı ilk məxluqdur. Bu məxluqa yaradılışın gizli saxlanılan ilk sirrindən başqa, bütün məxluqların necə yaradıldıqlarını anlamaq feyzi və qüdrəti verilmişdir.
Ağıl – can (ruh), bilik isə onun bədənidir. Ağıllı can – Allahın bəxşişi, canlı ağıl isə əbədi həyatın özüdür.
______