Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Əbülfət xan "Tuti" təxəllüs

Vikimənbə saytından
Əsgər Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Əbülfət xan "Tuti" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Fətəli xan "Müştəri" təxəllüs


Əbülfət xan Qarabağ valisi İbrahim xanın oğlanlarından rəşid, fəsih və əhli-kəmal bir zat imiş. Təbi-şeriyyəsi dəxi var imiş. Necə ki, Molla Pənah Vaqifin tərcümeyi-halı babında zikr olunmuşdu, İbrahim xan mərhum general Zubov Gürcüstan valisi İrakli xanın istimdadına gəlib Şamaxı həvalisində ordusu ilə əyləndiyi vaxt oğlu Əbülfət xanı onun hüzuruna sülh və izhari-itaət üçün göndərmişdi. Amma sonradan elə ki, Ağa Məhəmməd şah Şuşa şəhərində qətlə yetişdi və İranda ümuri-səltənət Fətəli şahın əlinə keçdi, İbrahim xanın meyli bir növ şahi-məzkurun tərəfinə əlaqə bağladı. Ağa Məhəmməd şahın nəşini, Fətəli şahın tələb etməsinə görə, ezaz və ehtiram ilə Tehrana rəvanə eləyib, bir para xoşayəndə peyğamlar dəxi ilqa etdi.

Fətəli şah İbrahim xanın bu gunə rəftarından ziyadə xoşhal oldu və ona xələt və şəmşir göndərib bir çox vədələr verdi və hər iki tərəfə xatircəmlik hasil olmaq üçün qərabət və qohumluq təmənnasını izhar qıldı. İbrahim xan öz kəriməsi Ağabəyim ağanı şaha əqdinikah edib, onunla belə oğlu Əbülfət xanı da--ki, o vaxtı ağa idi,--şahın hüzuruna yolladı. Şah Ağabəyim ağanın kəmalını və hüsni-camalını görüb, onu cəmi əhli-hərəm üçün böyük və banuyi-hərəm təyin elədi.

Bilmək gərəkdir ki, Ağabəyim ağanın da gözəl təbi var imiş və bir çox əşari-lətifə və ədəbiyyati-zərifə inşad qılmışdır. Vəli onlardan ələ düşəni olmadı.

Fətəli şah Əbülfət ağaya da xanlıq verib özünə peyrəvi elədi və həm "Əmirül-üməra" ləqəbilə müləqqəb qılıb öz məclisi-xassına daxil və sahibi-izzət və hörmət elədi.

Əbülfət xan şahın hüzurunda və İran şüəra və üdəbası dairəsində daha da artıq kəsbi-kəmal edib, fünuni-şerdə mahir oldu. Əbülfət xanın xatirini şahzadə Abbas Mirzə nayibüs-səltənə dəxi çox əziz tutarmış və özü ilə çox səfərlərə onu da apararmış.

Vəfat edibdir İranda, hicrətin 1255-ci321 tarixində. Atidə dərc olunan bir türk və bir fars qəzəlləri ol mərhumun kəlamlarındandır.

Qəzəli-türki:

O gün kim, həsrət ilə ol büti-zibadən ayrıldım,
Qalıb bir surəti-bihiss kimi, mənadən ayrıldım.

Çəkib əl xəlqdən Məcnunsifət səhrayə üz qoydum,
Kəsilmiş səbrü tabım, vəsləti-Leyladən ayrıldım.

Mənə şimşadü sərvi, bağban, ərz etmə kim, hərgiz
Yoxumdur meyli-gülşən, qaməti tubadən ayrıldım.

Nolur şamü səhər ney tək sızıldar sineyi-zarım,
Mərizi-bəstəri-hicrəm, dəmi-İsadən ayrıldım.

Fəraqın şiddətindən lal olur bu Tutiyi-təbim,
Məzaqim təlxdir kim, ləli-şəkkərxadən ayrıldım.

Qəzəli-farsi:

Şəbi bexab ke, əkse-cəmale-ruyi-to didəm,
Ze kaenat təəlloq be hər ke bud boridəm.

Qəsəm beruye-to kərdəm ke coz to yar nəcuyəm,
Behuriyane-behişti əgər dəhənd nəvidəm.

Hənuz əz meye-vəslət payilei nəkeşide
Ze dəstə saqiye-hecran çe zəhrha ke çeşidəm.

Omide-zendegiyəm bud abe-tiğe-to xordəm,
Həvaye-vəslə-toəm bud ferqəte-to qozidəm.

Rəqib əz mənəş azordeəst mən ze rəqibəş,
Dəriğ ku bemoradəş resido mən nəresidəm.

Becorme-anke məra del beğeyre-dust nəbəstəm,
Koşənd biqonəhira nədidəm, nəşenidəm.

Bəsi ze vəsfe-ləbət qofteənd leyk kəsira
Dər in romuz ço Tuti hərife-hərf nədidəm.[1]

[1] Tərcüməsi:
Sənin çamalının əksini yuxuda gördüyüm geçədən
Dunyada hər kimə ki, bağlı idim, ondan əlaqəni kəsdim.
Sənin üzünə and içdim ki, əgər behişt hurilərinin sorağını--
Versələr də, səndən başqa yar axtarmayım.
Hələ sənin vüsal şərabından piyalə başıma çəkməmiş
Hiçran saqisinin əlindən nə zəhərlər daddım!…
Yaşamaq ümidində idim, amma sənin qılıncının suyunu içdim,
Vüsalının arzusunda idim, amma ayrılığını seçdim.
Rəqib onu məndən inçitmişdir, mən də onu rəqibdən,
Əfsus ki, o, muradına çatdı, mən isə çatmadım.
Mən dostdan başqasına urək bağlamadığım təqsirilə
Bir günahsızı öldürsünlər heç yerdə görmədim və eşitmədim….
Sənin dodağını çox vəsf eləmişlər, amma bir kəsi
Bu rəmzlərdə Tuti kimi söz hərifi görmədim.