Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Kərim ağa Fateh (məqalə)
←İbrahim Əfəndi Nicati | Azərbaycan ədəbiyyatı. I cild. Kərim ağa Fateh Müəllif: Firudin bəy Köçərli |
Kərbəlayı Abdulla İbn Cani→ |
Kərim ağa ibn Fətəli xan "Fateh" təxəllüs Şəki şairlərinin bərgüzidələrindən birisi hesab olunur. Kərim ağa Şəki xanlarının xanədanından olmağa görə, nəcib və alitəb bir zat imiş; familiyası — Şəkixanov. Mirzə Fətəlinin müasiri olubdur və onun xatirini əziz tutarmış və hər dəm ləyaqətli töhfələrlə mirzəni yad edərmiş.
Fətəli xan Şəkidə xanlıq edən zamanı hicrətin 1235-ci salında Şəki vilayəti Rusiyanın təhti-təsərrüfünə keçdi və Fətəli xan rus dövləti tərəfindən təsdiq olundu.
Fətəli xanın fərzəndi-ərcüməndi Kərim ağa atasının təhti-himayətində nəşvü nüma tapıb, gözəl təlim və tərbiyə almışdır. Fars və ərəbcə yaxşı savadı var imiş. Təbi-səlim sahibi imiş. Өzləri əhli-kəmal və sahibi-hal olduğu üçün üləma sinfini, üdəba və şüəranı ziyadə dost tutarmış və müdam məclisini onların vücudu ilə müzəyyən qılıb həqiqi xan tərzində güzəran edərmiş.
Kərim ağa Fateh hicrətin 1274-cü tarixində Nuxa şəhərində yetmiş beş sinnlərində vəfat edibdir.
Fatehin öz əsərlərindən cəm olunmuş mükəmməl bir divanı vardır və lakin təb olunmamışdır. Əsərlərinin çoxu fars dilindədir; türkcə olanları bunlardır ki, dərc olunur.
Peyğəmbərimiz Məhəmmədəl-Mustafa səlləllahü əleyhin mədhində demişdir:
Düri-dəryayi-rəhmət, gövhəri-kani-vəfadır bu!
Güli-gülzari-izzət, sərvi-baği-istəfadır bu!
Şəhi-bəzmi-nəbüvvət, sərvəri-mülki-risalətdir,
Mahi-bürci-şərəf, xurşidi-övci-ənbiyadır bu!
Qılan cəngi-günahı pak kim, abi-şəfaətlə,
Məhəlli-lütfi-həqq, danayi-sirri-kibriyadır bu!
Edib dini-mübini aləmi-rəşki-İrəm mülki,
Salıbdır rəxnələr kəffarə, şəri-Mustafadır bu!
Fəzayi-məqdəmi təqbili-əşrafi-məlayikdir,
Türabi-bargahi qibləgahi-övliyadır bu!
Vücudunda əyan ayati-həq ərbabi-idrakə,
Məqami-qürbdə ayineyi-vəhdətnümadır bu!
Kəlami-əltəfi məxluqə rəhmət olmağı bişək,
Vücudi-əşrəfi dünyayə şəmi-pürziyadır bu!
Son ol valacənabın zikrini qıl hər dəm, ey Fateh --
Ki, dərd əhlinə zikri daima eyni-şəfadır bu!
Qəzəli-Fateh:
Gətir qəm dəfinə kim, badeyi-gülrəng, ey saqi,
Könül ol gülrüxün ləli-ləbinin oldu müştaqi.
Düşüb səhralərə nəxcir çeşmin mübtəlasilə,
Geyik tək dərbədər kim, həm olub vəhşilər ortaqi.
Gözüm mərdümləri seyli-sirişkin payimalıdır,
Vətən bir kimsə qılmaz, hər məkan olsa su oynaqi,
Əcəbdir mey içib şəhdi-ləbindən zəhr peydərpey
Siyəhtalelərin dönmək rəvadır zəhrə tiryaqi.
Məni-divanə bənd oldum səri-zülfün həvasində,
Cünun əhli olur, əlbəttə kim, zəncir dustaqi.
Təbibə eylədim izhar dərdim, söylədi bilmən,
Əlacı yoxdur ol zəxmin, dəyibdir qəmzə qeynaqi.
Könül dağın nihan əğyardən qıl, əbsəm, ey Fateh --
Ki, görməzsən, nihan qılmış qərasın lalə yapraqi?
Mərhum Kərim ağa Fatehin burada təstir olunmuş hər iki əsəri onun alim və sahibi-təbi-səlim olduğunu göstərir. Əvvəlinci kəlam — ki, Fateh peyğəmbəri-valatəbarımızın şəni-aliləri vəsfində deyibdir,--Nabi əfəndinin kəlamına bənzəyir. Onun ikinci kəlamı müasiri olan Qasım bəy Zakirin kəlamına oxşayır. Əfsus ki, Fateh türk dilində başqa əsərlər vücuda gətirməyibdir; gətiribsə də, onlardan bizim əlimizə düşəni olmadı.