Məzmuna keç

Bayatılar/T

Vikimənbə saytından
Ş Bayatılar. T hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
U
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995

Tabaqda yarım alma,
Qalıbdı yarım alma.
Alırsan canımı al,
Əlimdən yarım alma.

Tambur ilən, saz ilən,
Ördək ilən, qaz ilən.
Bircə gecə yataydım,
Sevdiciyim qız ilən.

Tambur saz oldu, neylim?
Ördək qaz oldu, neylim?
Mən bir azara düşdüm,
Səbəb qız oldu, neylim?

Tamburun qolu uzun,
Qoluna mərcan düzün.
Yarım var, uzaqdadı,
Mən burda necə dözüm.

Tamburun teli mənəm,
Şirvanın yeli mənəm.
Girəydim qız qoynuna,
Cənnətin gülü mənəm.

Tamburun teli laldır,
Bazardan alan baldır.
Qızlara qurban olum,
Gəlinlər ayrı maldır.
 
Tamburun teli nazik,
Qol üstə cift bilərzik.
Yadigara vermişəm,
Qırmızı qaşlı üzük.

Tamburun üzü taxta,
İkimiz bir otaxda.
Mən nə çarə eyləyim,
Allah verməyən baxta.

Tala boyu əvəlik,
Zoğunu qırpar əlik.
Biz elə tayfayıq ki,
Ölənədək sevərik.

Talada quzu gördüm,
Bir maral izi gördüm.
Endim bulaq üstünə,
Sevdiyim qızı gördüm.

Tanrı, məni quş eylə,
Qanadım gümüş eylə.
Dar doqqazda, dar yolda,
Yarı mənə tuş eylə.

Tapmadın tay mənimçün,
Vermədin hay mənimçün.
Mən ölsəm, sənə qurban,
Sən ölsən, vay mənimçün.

Tapmısan güldə məni,
Görürsən ildə məni.
Dedin səni sevirəm,
Sevirsən dildə məni.

Tarçıyam, simə gedim,
Sözün de, himə gedim.
Bir dərd ki yardan gəlib,
Dərmana kimə gedim?

Tellərin üzə düşdü,
Yel vurdu, üzə düşdü.
Yar yarından ayrıldı,
Məcnun tək düzə düşdü.

Teşt altında dələmə,
Qaşın bənzər qələmə.
Mən səni gizli sevdim,
Niyə dedin aləmə?

Təbilin sinci məndən,
Dürr məndən, inci məndən.
Dedim vəfalı dost ol,
Demədim, inci məndən.

Təbriz mənəm, Xoy mənəm,
Gözlərindən doymanam.
Versələr dünya malın,
Səni əldən qoymanam.

Təbriz mənim zəmimdir,
Dərya üstə gəmimdir.
On tümən ziyanım var,
Min tümən çəm-xəmimdir.

Təbriz üstü barıdı,
Əlçatmaz, yuxarıdı.
Düşmən gəlsə basılar,
Tək deyil, arxalıdı

Təbriz üstü daşlışı,
Torpağı zər qaşlıdı.
Dindirməyin Təbrizi,
Gözləri qan yaşlıdı.

Təbriz üstü Marağa,
Zülfün gəlməz darağa.
Axtarıram yarımı,
Düşüb soraq-sorağa.

Təbriz üstü Marağa,
Zülfün gəlmir darağa.
Yardan xəbər gəlmədi,
Mən düşmüşəm sorağa.

Təbriz üstü Miyana,
Qızılgülə boyana.
Oxu, bülbülüm, oxu,
Bəlkə yarım oyana.

Təbrizdi vətənimiz,
Durmadı yatanımız.
Qolları bağlı getdi,
Dili söz tutanımız.

Təbrizim, can Təbrizim,
Sənə qurban, Təbrizim.
Düşmənə boyun əymə,
Mərd ol, dayan, Təbrizim.

Təbrizin küçələri,
Banlayır beçələri.
Sənsiz gözüm yol çəkir,
Bu uzun küçələri.

Təxt üstündə yatmışam,
Əlimdə şam tutmuşam.
Yadıma yar düşübdür,
Dünyanı unutmuşam.

Tək gündü, nəsdi, neynim?
Ürəyim əsdi neynim?
Yar ürəyim başını,
Doğradı kəsdi, neynim?

Tənbəldən kömək olmaz,
Kimsəyə gərək olmaz.
İşində çalışgilən,
Zəhmətsiz yemək olmaz.

Təndirə daş qoymuşam,
Üstə lavaş qoymuşam.
Gündüz gəlmə, gecə gəl,
Böyrümü boş qoymuşam.

Tənəkdə vardı qora,
Bilmədim, düşdüm tora.
Bizi ayrı salanl,
Rahat getməsin gora.

Tənhayi qara gündə,
Oxuram qara gündə.
Mənim əvvəl dəftərim,
Yazılmış qara gündə.

Tənhayi özgə şana,
Zülf üzdü özgə şana.
Ləblərin zənburiyəm,
Getməzəm özgə şana.

Təpə uçdu, dağ qaldı,
Maral qaçdı, sağ qaldı.
Yar yada qismət oldu,
Mənə ağlamaq qaldı.

Tərxun əkdim bel ilən,
Suvardım mən sel ilən.
Yarımdan ayrılmazdım,
Ayırdılar fel ilən.

Tərlan gəlib bu bağa,
Qonur budaq-budağa.
Ölü olsam dirilləm,
Dəysə dodaq-dodağa.

Tərlan sara yetmədi,
Dərdə çara etmədi.
Günüm qürbətdə keçdi,
Əlim yara yetmədi.

Tərlanım sar əlindən,
Dərd çəkir xar əlindən.
Canım cəzana gəldi,
Bivəfa yar əlindən.

Tərtərdən gərək İncə,
Yol çəkmiş gərəgincə.
Dərmansız dərddən aşiq,
Götürgil gərəgincə.

Tiflisin üstü bostan,
Gözəl yerdir Gürcüstan.
Namərdin qaydasıdı,
Ayırar dostu dostdan.

Tor gördüm, tələ bildim,
Çağırdın, gələ bildim.
Bir yatmış ceyran gördüm,
Yar yatıb elə bildim.

Torun dağda qur, ovçu,
Ovun keçir, vur ovçu!
Nə yatıbsan bərədə,
Maral gəlir, dur ovçu.

Torun dəryada qaldı,
İşin fəryada qaldı.
Ölərsəm, ölüm haqdı,
Heyif, yar yada qaldı.

Tovuza bax, tovuza,
Köynəyi qanovuza.
Sevdim, ala bilmədim,
Qaldı gələn payıza.

Tufan gələr, dağ əsər,
Yel vurarda bağ əsər.
Yar yadıma düşəndə,
Ürəyim zağ-zağ əsər.

Tufan qopar, el ağlar,
Çaylar daşar, sel ağlar.
Qəriblikdə ölənin,
Yasın tutar, el ağlar.

Tullan bağda hasarı,
Ya ağ geyin, ya sarı.
İgidi alçaq eylər,
Zən əhlinin yasarı.

Tut ağacğ boyunca,
Tut yemədim doyunca.
Yarı xəlvətdə gördüm,
Danışmadım doyunca.

Tut ağacı damadı,
Yolum xiyabanadı.
Əyil öpüm üzündən,
Qara tellər yanadı.

Tut ağacı qarmaqdı,
Tutu barmaq-barmaqdı.
Yar bir namə göndərib,
Hər sözü yalvarmaqdı.

Tut ağacı pıtıraq,
Cərgə vuraq oturaq.
Birin sən de, birin mən,
İntizardan qurtulaq.

Tut ağacın darama,
Əldən çıxar barama.
Halal zəhmətlə gələr,
Haram gedər harama.

Tut ağacın qırdılar,
Üstə divar qurdular.
Yeniyetmə qız üstə,
Doqquz oğlan qırdılar.

Tutdum bağı şərəkə,
Dişlədim oldu ləkə.
Necə yaman olurmuş,
Yar olmayan mərəkə.

Tutmadı dağlar məni,
Bülbüllü bağlar məni.
Qəribəm, bir kəsim yox,
Təkcə yar aölar məni.

Tüfəng atma, səs çıxar,
Ovu dağdan gəz, çıxar.
Yaman günə səbr edən,
Yaxşı günə tez çıxar.

Tüfəng olub ataydım,
Bir mənzilə çataydım.
Döşün üstə baş qoyub,
Şirin yuxu yataydım.

Tüfəngini yaxşı at,
Yaxşı doldur, yaxşı at.
Mərdin başın ucaldar,
Nəcib arvad, yaxşı at.

Tüstülənər bacalar,
Ocaq üstə sac olar.
Zəhmət sevən gün görər,
Tənbəl hər vaxt ac olar.