Məzmuna keç

Dəli yığıncağı/İkinci məclis

Vikimənbə saytından
Birinci məclis Dəli yığıncağı. İkinci məclis
Müəllif: Cəlil Məmmədquluzadə
Üçüncü məclis


Ikinci məclis vaqe olur Fazil Məhəmməd ibn Yəqubun evində. Oturub Fazilin övrəti M ә ş ә d i Z e y n ә b, başı aşağı, qəmgin; yanında beş-altı yaşında oğlu H e y d ә r öz-özünə oxuyur. Uzaqdan küçə uşaqlarının qiylü qalı eşidilir və küçə qapısını daşa basırlar. Daxil olurlar dəli M o l l a A b b a s və dəli övrəti P ı r p ı z S o n a. Bunları küçə uşaqları daşa basa-basa qovurlar içəri. Məşədi Zeynəb bunları görcək tez durur ayağa və yerdən başmaq tayını götürüb, atır dəlilərin üstə. Dəlilər ağlamsınırlar və bir tərəfdən küçə uşaqlarından qorxurlar, bir tərəfdən də Məşədi Zeynəbin başmaq atmağından özlərini qoruyurlar.

M ә ş ә d i Z e y n ә b (acıqlı). Itilin cəhənnəmə buradan!

P ı r p ı z S o n a. Buy, buy, buna bax, sən allah! Biz niyə cəhənnəmə itilək? (Molla Abbasa) Molla Abbas, sən allah biz cəhənnəmə gedəcәyik? (istəyir ağlaya). Molla Abbas, sən allah qoyma məni cəhənnəmə aparsınlar; mən cəhənnəmdən qorxuram (qorxusundan titrəyir).

M o l l a A b b a s (Sonaya acıqlı). Kəs səsini, bihəya qızı bihəya! (Bir qədər acıqlı baxır Sonanın üzünə). Çəpik çal, oynuyum. (Pırpız

Sona çəpik çalır, Molla Abbas düşür oynamağa).

M ә ş ә d i Z e y n ә b (acıqlı və ucadan). Cəhənnəm olun buradan, yoxsa vallah bu daşnan vurub başınızı yararam! (Əlində bir şey

tutub istəyir ata dəlilərə. Onlar istəyir qaçalar çölə, amma uşaqların qorxusundan qapıdan yenə evə qayıdırlar).

M o l l a A b b a s (az qalır ağlasın). Axı mən hara gedim? Uşaqlar məni daşa basır.

(Sona əyri-əyri baxır. Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir, Zeynəb ona bir-iki yumruq vurur).

M o l l a A b b a s (ağlaya-ağlaya). Ay arvadlar, siz allah dalaşmayın.

F a z i l M ә h ә m m ә d (daxil olub, başmaqlarını çıxardır). Genə bu nə qiylü qaldı? (Molla Abbasa). Genə bu küçə uşaqlarını niyə bura yığmısan? Nə istəyirsən bunlardan?

Min dəfə sənə demişəm bu colma-çocuğa qoşulma. (Sonaya) Hə, Sona, kefin necədi, qızım?

(Sona da, Molla Abbas da ikiqat baş yendirirlər və bir söz demirlər).

F a z i l [M ә h ә m m ә d] (Molla Abbasa) Abbas, genə səndən yana giley-güzar eşidirəm; genə səndən şikayətlər qulağıma çatır. Bir az özünə toxtaxlıq ver; axı eyibdir. Sən mənim ata bir, ana bir qardaşımsan; sən camaatı üstünə güldürəndə, mən xəcalətimdən küçəyə çıxa bilmirəm. Vallah biabır olmuşam. Bir də bu qədər küfr, nasəza danışmağı tərgit: allah ilə, peyğəmbər ilə işin olmasın, yoxsa camaat səni səngsar elər.

Dəlilər ikisi də Fazilə təzim edirlər, Zeynəb də oturub qulaq verir.

F a z i l [M ә h ә m m ә d] (Molla Abbasa). De, de, de, görüm axı nə vaxtadək dəlilik eləyәcəksən? Axı bir söz de görüm nə deyirsən?

M o l l a A b b a s (Fazilə). Dadaş, izin ver oynuyum.

P ı r p ı z S o n a (Fazilə). Fazil dadaş, izin ver mən də oynuyum.

F a z i l [M ә h ә m m ә d] (acıqlı). Siz gərək mənnən zarafat eləməyəsiniz; mən Faziləm, mənə hörmət lazımdı. Tutax ki, mən izin verdim; siz mənim yanımda nə tövr cürət edib oynarsınız?

M o l l a A b b a s (guya bir şey tapıb). Buy, dadaş, vallah oynaram. Istəyirsən oynuyum? (əllərini qalxızır ki, oynasın).

F a z i l (çığırır). Sarsaqlama!

Molla Abbas qorxub qaçır çölə.

[ P ı r p ı z ] S o n a. Fazil dadaş, gör mən nə yaxşı oynuyuram (Sona əllərini qalxızır ki, oynasın, görür ki, Fazil dinmir; başlayır süzüb oynamağa. Saçları çiyninə tökülmüş halda süzə-süzə dolanır, gəlir Fazilin qabağından keçir).

F a z i l [M ә h ә m m ә d] (bir qədər mat-mat tamaşa edəndən sonra üzünü kənara tutub). Lənət şeytana!

P ı r p ı z S o n a. (Məşədi Zeynəbə). Zeynəb, ay qız, dur sən də oyna! (Zeynəb Sonanı itələyir kənara, Molla Abbas oynaya-oynaya

girir içəri).

F a z i l [M ә h ә m m ә d] (Molla Abbasa). Cəhənnəm ol buradan!

M o l l a A b b a s. Dadaş, əgər oynamağıma razı deyilsən, izin ver mayallaq aşım (mayallaq aşır).

F a z i l [M ә h ә m m ә d] (durur Molla Abbası evdən qovur). Cəhənnəm ol! Çıx get! Yoxsa, vallah, bilmirəm ki, nə elərəm! (Molla Abbas

və Sona qaçırlar çölə, ara bir qədər sakit olur).

F a z i l [M ә h ә m m ә ә d] (Zeynəbə). Zeynəb, sənə bir söz deyəcәyəm. (Zeynəb dinmir, qulaq asır). Qulaq as gör nə deyirəm. Şəriətdə belə yazılıb ki, bir kişi ki, dəli oldu, onun övrəti ondan boşdu, onların talağı oxunmuş kimidi; bu mənim bədbəxt qardaşım Molla Abbasın dəli övrəti Pırpız Sonadır ki, mənim qabağımda qol-qıçı açıq gəzir və mən də ona xahi-nəxahi nəzər etməyə məcbur oluram, buna şəriət sahibi bəhər hal razı ola bilməz.

M ә ş ә d i Z e y n ә b (Fazilə). Bəs nə eləmək istəyirsən?

F a z i l [Mə h ә m m ә d] (bir qədər dinmir). Vallah, mən özüm də məəttəl qalmışam; çünki o dəli övrətdən də deyəsən bir haray yoxdu.

(Bir qədər dinmir). Xub, dur gör Sona hara qaçdı getdi? Onu bir çağır gəlsin danışdırım. (Zeynəb çıxır, uşaq da onun dalınca qaçır. Fazil başını aşağı salıb, fikrə gedir, Zeynəb Sonanın əlindən yapışıb çəkə-çəkə gətirir. Fazil başını qalxızıb Sonanı görür). Sona, yavuq gəl, sənə söz deyəcәyəm. (Sona təzim edir). Sona, gəl razı ol, səni yaxşıca geyindirim, bəzəndirim, yuyundurum, səliqələndirim; amma bu

şərtnən ki, ağıllanasan, dəxi üzü-gözü açıq küçələrə düşüb, dəlilik eləməyəsən.

[P ı r p ı z] S o n a (qorxur, az qalır ağlaya). Fazil dadaş, mən səndən qorxuram.

F a z i l [M ә h ә m m ә d] (yumşaqlıqnan). Niyə məndən qorxursan, qızım?

[P ı r p ı z] S o n a. Qorxuram məni döyəsən.

F a z i l [M ә h ә m m ә d] (mehriban). Qorxma, qızım, döymənəm; niyə döyüm? (yavuq gedir).

[P ı r p ı z] S o n a. Axı mən sənin yanında oynadım, qorxuram acığın tuta.

F a z i l [M ә h ә m m ә d] Yox qızım, acığım tutmur. Istəyirsən genə oyna. (Sona əllarini qalxızır, istəyir oynasın, o tərəf-bu tərəfə baxıb, istəyir gedə çölə).

[P ı r p ı z[ S o n a. Qoy gedim Molla Abbası çağırım.

F a z i l [M ә h ә m m ә d] (qabağını kəsir). Yox, getmə, getmə, dayan, dayan, gör nə deyirəm. (Sona Fazilə baxmayıb qaçır, çöl qapının ağzında durub, qorxa-qorxa Fazilə tərəf baxır. Fazil bir qədər Sonaya baxandan sonra) Ay qız, bizə yazığın gəlsin; əgər o bədbəxt Molla Abbasa yazığın gəlmirsə, barı mənə yazığın gəlsin, ağlını yığ başına. Axı bir mənə de görüm, sən nə deyirsən, nə istəyirsən və özünü bu günə salmaqda xəyalın nədir?

[P ı r p ı z] S o n a. Fazil dadaş, mən imamı axtarıram.

F a z i l [M ә h ә m m ә d]. Necə imamı axtarırsan?[P ı r p ı z] S o n a. Mən imam sahibbəzzəmanı axtarıram.

F a z i l [M ә h ә m m ә d.] Neyləyirsən imam sahibbəzzəmanı?

[P ı r p ı z] S o n a. Mən imam sahibbəzzəmana ərə gedəcәyəm.

F a z i l [M ә h ә m m ә d.] Qızım, sən dəlisən, onun üçün belə danışırsan.

[P ı r p ı z] S o n a. Yox, Fazil dadaş, sən özün dəlisən, onun üçün belə danışırsan.

F a z i l [M ә h ә m m ә d.] (bir qədər fikirdən sonra). Nə deyim, qızım? Imama istəyirsən, imama get; amma axı sən ağıllanmasan, imam

səni bu surətdə qəbul eləməz.

[P ı r p ı z] S o n a. (ağlamsına-ağlamsına). Mən necəyəm ki? (öz üst-başına baxır). Mən necəyəm ki? Yox, yox, mən imamı istəyirəm. Məni apar imamın hüzuruna; mən imam sahibbəzzəmanı istəyirəm.

F a z i l [M ә h ә m m ә d.] (bir qədər Sonaya baxandan sonra). Qızım, mən özüm imamın nayibiyəm, mənim sözüm imamın sözüdü (başlayır ağlamağa və diz üstə çöküb, başını əyir döşünə; əlləri ilə üzünü yumur. Bir qədər bu halətdə hərəkətsiz qalandan sonra, başını dikəldir və əllərini qaziyül-hacata qalxızıb deyir).

Ey ricalül-qeyb, hardasınız, niyə həzrət sahibəzzəmanı gətirmirsiniz? Niyə onun rikabi-mübarəkində zühür etmirsiniz ki, cahanı küfri-küffardan pak edəsiniz? Bari pərvərdigara, and verirəm səni yetmiş iki şühədanın nahaq tökülən qanına, sən əvvəla, mənim bəradərim Molla Abbasın təqsirindən keç və nə qədər ki, indiyədək küçə və bazarda sənin cəlalına istehzalar törədib, sənin qüdrətinə

şəkk gətirib və nə qədər ki, bundan savayı küfrə və nasəza danışmağı özünə peşə edib, sən onu əfv et; zira sən ərhəmərrahiminsən.

Xudaya, and verirəm səni məzlumi-Kərbəlayə, bu biçarə Sonanın qüvveyi-əqliyyəsinə bir qədər sihhət kəramət elə; ta qolu, qıçı və üzü açıq naməhrəmlər nəzərində gəzib dolanmağı tərk etsin və biz aciz bəndələrin hədsiz məsuliyyətlərinə bais olmasın, Allahümmə bəlliğ mövlayi-sahibəzzəman səlavatullahi əleyhi əlaənnə cəmiül-mömininə vəlmöminat, fi məşariqül-ərz və məğaribəha! Qoy zühur etsin və

asi bəndələrinə rəhmi gəlsin; qoymasın dünya dərhəm-bərhəm ola. (Əllərini daha da yuxarı qalxızır və həvəslənir, cuşə gəlir və gəldikcə səsini ucaldır). Zühur et, ey sahibbəzzəman! Zuhur et! Və hidayət elə siratül-müstəqimə günahkar bəndələrini

M o l l a A b b a s və S o n a çöl qapıdan başlarını uzadıb xəlvətcə baxırlar.

Ey sahibül-əsr vəz-zəman, zühur et! Mənəm sənin nayibin Məhəmməd, atam Yəqub, künyəm Küleyni (üzünü çöl qapıya tərəf tutub çığırır). Ey məşərül-xəlayiq, elan olunur bu gündən sizə ki, mən ricalül-qeybin ətəyindən tutub, həzrətin zühurunu istida etdim (gözləri səqfə baxır, əlləri duada, cuşa gəlir, ağzı köpüklənir).

[P ı r p ı z] S o n a (Fazili bu halda görüb, Molla Abbası çağırır və ağlayır). Molla Abbas, bura bax, bura bax! Fazil dadaşım dəli olub (çığırır).

Küçədə f ә r r a ş Ş i m r ә l i əlində şallağ daxil olur və Pırpız Sonaya deyir

F ә r r a ş Ş i m r ә l i. Tərpənmə, həkim gəlir.

H ә k m L a l b y u z daxil olur, bir əlində mizanül-hərarə, o biri əlində yenə həkimlikdə lazım olan qulaq lüləsi. Fazil Lalbyuzu görüb, çox təәccüb edir. Molla Abbas çöl qapıda durub, adamların cəmisinə təzim edir; habelə Pırpız Sona.

F ә r r a ş Ş i m r ә l i (Fazilə). Həzrət Fazilə ərz olsun ki, bu cənab (həkimi nişan verir) məşhur professor Lalbyuzdur ki, dəlilərə elə bir dava verir ki, dəli üç gün çəkmir ki, şəfa tapır və sənin-mənim kimi ağlı başına gəlir.

F a z i l M ә h ә m m ә d. (ayağa durub, həkimə hörmət edir) Buyurun, əyləşiniz (üzünü fərraş Şimrəliyə tutub). Bəli, bəli cənab doktorun şəhərimizə təşrifini eşitmişəm. Bəndeyi-həqir Əmristan mütəxəssislərinin tibb elmində məharətlərinə şəkk və tərəddüdüm yoxdu və lakin ruh mərəzlərinin şəfası ki, bu alicənablar (həkimə işarə edir) öz öhdələrinə götürüblər,--elə bir müşkül əmrdir ki, bu barədə bir nəticəyə nail olmaqlarına mənim mütəəssifanə çox iştibahım var. Zira ki, həqq-təala özü buyurublar ki, qülir-ruhü min əmri-rəbbi. Hərçənd əmr ləfzinin keyfiyyət və mahiyyətinin mənasını bəyan buyurmayıblar, lihaza əql heyrətdə qalır və üqəlanın ixtilafı məhz bu barədədir ki, aya ruh cövhər qəbilindəndir ya ərəz və cövhər olduqda da aya mücərrəddir ya qeyri-mücərrəd. Çün həzrəti Imam Cəfər Sadiqdən rəvayətdir ki, zəmani ki, xudayi-təala öz bəndəsinin qəbzi-ruhini mələkül-mövtə həvalə elədi, buyurdu: çıxart bəndələrimin ruhunu, gətir mənim yanıma ki, mən onu rahət edim (başlayır ağlamağa, həkim təәccüb edir və yavaş-yavaş gedir Fazilin yanına) və onlara rəhmət bəxş edim. Ruhların hamısını mələkül-mövt gətirir xudayi-təalanın yanına (ağlayır, həkim gedir, əlini qoyur Fazilin alnına və üzünü fərraşa tutur və təәccüb edir).

M o l l a A b b a s (həkimə yalvarır). Ay həkim, mənim bu Fazil qardaşım dəlidi; ona bir dava ver, ağlı başına gəlsin.

F ә r r a ş Ş i m r ә l i (Molla Abbasa acıqlanır). Sarsaq, sarsaq danışma, düş qabağıma səni aparacağam dəlixanaya!

Fazil əlləri ilə üzünü örtüb ağlamaqdadır, həkim adamdarın üzünə baxır və bir şey başa düşmür.

F ә r r a ş Ş i m r ә l i (həkimə). Cənab həkim, bizim şəhərin dəlilərinin biri budur (Molla Abbası göstərir), biri də bunun övrəti Pırpız Sonadı (göstərir).

[P ı r p ız] S o n a (həkimə). Cənab həkim, bizim şəhərin dəlilərinin biri budur (ağlayan Fazili göstərir), biri də….

Fərraş onu itələyib istəyir çıxartsın, həkim əllərini qalxızıb fərraşın qabağını kəsir.

F a z i l [M ә h ә m m ә d] (başını qalxızıb yuxarı). Xudaya, sən ərhəmərrahiminsən. (Həkimə). Ey həkim, and verirəm səni Isa və Məryəmə, əgər sənin ixtiyarında olan dava-dərmanlarda kəramət varsa, bu biçarə övrətə bir əlac elə ki, bəlkə bu qədər naməhrəm içində qol-qıçı açıq gəzmək məsiyyətindən xilas olub, nə qədər nəfəsi var, cənabınıza sənaxan olsun.

Doktor Sonanın qol-qıçına vəravürd edir və nəbzini əlinə alıb soruşur.

D o k t o r. Sənin ad nə? (Sona dinmir). Sənin ad nə? (Sona yenə dinmir).

F ә r r a ş Ş i m r ә l i (Sonaya). Ay qız, həkim soruşur adın nədi? Cavab ver də! Kar deyilsən ki!

M o l l a A b b a s (həkimi yamsılayır). Sənin ad nə?

Adamlar gülüşür. Fərraş Molla Abbas tərəfə hücum edir, Molla Abbas qaçır, Sona ağlayır.

[P ı r p ı z] S o n a. Niyə mənim Molla Abbasımı döyürsünüz? (Həkimə). Ay həkim, qoyma bu dəlilər mənim Molla Abbasımı döysünlər (ağlayır).

F a z i l [M ә h ә m m ә d] (həkimə). Ay həkim, and verirəm səni o yeri-göyü yox yerdən xəlq edən bir pərvərdigara, sən mənim bu dəli qardaşım Molla Abbasa da ətfi-nəzər edib, bunun da dərdi müalicəpəzir olan surətdə, o da öz məsləhətinizdi. Nə eybi var, girəm ki, bu bədbəxt bu qədər müddətin ərzində ki, xəbti-dimağ gətirib, çöllərə düşüb, xüdavəndi-aləmin əqlləri heyran qoyan mahiyyət, kəmiyyət və keyfiyyətini istehzaya qoyub danışmağı özünə bir vəzifeyi-şəniə qərar verib. Və şayəd bundan baş verən küfr və nasəzanın müqabilində xüdavəndi-təbarək və təala tərəfindən (uşaq kimi ağlayır) bu övrətə də bir müalicə iltifat ediniz, ta ki, üzü-gözü açıq gəzib, bizi naməhrəmə baxmaq günahi-kəbirəsindən xilas etsin.

[P ı r p ı z] S o n a (həkimə yalvarır). Ay həkim, sən allah, sənə qurban olum, mənim bu Fazil dadaşıma da bir dava ver, ağıllansın və məni çox çimdikləməsin.

Hamı gülüşür, doktordan və Fazildən savayı.

F a z i l [M ә h ә m m ә d] (başını qalxıhzıb Sonaya bərk və çox ucadan acıqlanır). Yalan danışma, bihəya!

[P ı r p ı z] S o n a (istəyir ağlaya). Buy, buy! Yalan niyə danışıram? Bəs bunları kim çimdikləyib? (Qolunda və canındakı çimdik yerlərini göstərir, Molla Abbas qapıdan qah-qah çəkib gülür).

F a z i l [M ә h ә m m ә d] (əllərini göyə qalxızıb). Əstəğfürullah rəbbi və ətubi ileyh, lahövlə vəla qüvvətə illa billahi əliyyül-əzim.

D ә l i l ә r (Fazili yamsılayırlar).

Fərraş onlara həmlə edir. Dəlilər qaçır çölə. Fərraş qaçır onların dalınca və çığırır.

F ә r r a ş Ş i m r ә l i. Ədə, qoymayın, dəlilər qaçdılar!

Fazil iki əli ilə üzünü örtür və uşaq kimi ağlayır.

H ә k i m (Heyran və mat qalıb deyir). Kim dali? Kim dali?…

P ә r d ә