Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/130-cu xütbə
←129-cu xütbə | Nəhcül-bəlağə. 130-cu xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
131-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Əbuzər rəhmətullah (Mədinədən) Rəbəzəyə sürgün edilən zaman ona buyurduğu kəlamlarındandır.
Ey Əbuzər! Sən Allaha (razılığına) xatir, qəzəbdən kükrədin. Elə isə, Ondan ötrü qəzəbləndiyinə ümid bağla. Bu qövm (Osman, Müaviyə və ardıcılları Həzrət Peyğəmbərin sünnəsinə, yoluna zidd rətfar etdiklərinə görə) səndən (onları biabır, rüsvay etməyindən) öz dünyası üçün qorxdu, sən isə öz dinin üçün onlardan qorxdun (ki, məbada aldanıb onların ardınca gedəsən). Səndən ona görə qorxduqlarını özlərinə ver (onların dünyasına göz yum) və qorxduğun şeyə görə onlardan qaç. Sənin onlara qadağan etdiyin şeylərə möhtac olan (onlara pis işləri qadağan etmisən və bunda hamının möhtac olduğu saysız xeyirlər var) və sənə qadağan etdiklərinə (dünyaya) ehtiyacı olmayan nə qədər də çoxdur. Sabah (qiyamət günündə) kimin xeyrə çatacağını, kiminin böyük həsrətə düşəcəyini biləcəyin gün yaxındadır. Səmalar və yer bəndənin üzünə bağlanarsa, həmin bəndə Allahdan qorxan və pərhizkar olarsa, Allah ona xilas yolu açar. Haqdan başqa bir şey səninlə ülfət bağlamaz, batildən başqa heç nə səndən hürkməz. Onların dünyasını qəbul etsəydin (onlarla əməkdaşlıq etsəydin), səni sevər, dünyadan özün üçün bir şey ayırsaydın (dünyapərəst olsaydın), səni dinc qoyardılar (sənə bir belə əziyyəti rəva bilməzdilər).