Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/131-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
130-cu xütbə Nəhcül-bəlağə. 131-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
132-ci xütbə


İmam Əli əleyhis-salamın (səhabələrini danlayıb məzəmmət etdiyi və özünün bəzi sifətlərinə işarə etdiyi) kəlamlarındandır. Ey bədənləri görünən və ağılları isə özlərinə gizlin olan (bir-birilə həmrəy olmayan) dağınıq qəlbli cürbəcür insanlar! Sizi böyük mehribanlıqla haqqa doğru yönəldirəm, ondan keçi şirin səsindən hürkən kimi hürkürsünüz. Sizlərin köməyi ilə gizlin ədaləti aşkar etməyim və ya (azğınların) əydikləri haqqı düzəltməyim nə qədər də çətindir! İlahi, Sən bizim işlərimizdən (döyüş və toqquşmalardan) agahsan. Bunlar nə hakimiyyətə, xəlifəliyə meylə, rəğbətə və nə də dünya malından bir şeyə sahib olmağa görədir, (şəhərlərdə fitnə-fəsad yayıldığına, camaata zülm, sitəm edildiynə, halalla haram dəyişdiyinə görə) Sənin (dəyişmiş dininin) nişanələrini qaytarmağımız, zülm görmüş bəndələrin əmin-amanlıqda, rahat olması, pozulmuş hökmlərin icra olunması, şəhərlərini islah edib asayişi bərqərar etməyimiz üçündür. İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alihdən) başqa heç kəs namazda məndən öndə olmayıb. Sizlər (məndən əvvəlki xəlifələrin tutduğu yoldan) bildiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara İmam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala. Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın, nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib pərişan etsin. Nə də günlərin dəyişməsindən qorxmalıdır ki, bir dəstəyə yoldaş olub başqasını xar etsin (güclülərin dostu olub möhtacları saymasın), nə hökm üçün rüşvət alan olmalıdır (mal alıb haqqı batil və batili haqqa çevirməsin) ki, xalqın haqqı tapdanaraq şəriətin hökmü bəyan edilməsin, nə də Həzrət Peyğəmbərin yolunu getməyənlərdən olsun ki, ümmət onu öldürsün.