Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/195-ci xütbə

Vikimənbə saytından
194-cü xütbə Nəhcül-bəlağə. 195-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
196-cı xütbə


İmam Əli əleyhis-salamın (axirət səfəri üçün azuqə tədarükü görməyə həvəsləndirdiyi) kəlamlarındandır ki, öz səhabələrinə (işa namazından sonra) onunla öyüd-nəsihət verərdi: Allah sizi bağışlasın! Səfər (axirət səfərinin) təchizatlarını hazır edin. Çünki aranızda köç etmək çağırışı ucalıb. Dünyada qalmağı az sanın (ona ürək bağlamayın) və əliniz çatan layiqli azuqə (itaət və bəndəlik) ilə (Allaha tərəf) qayıdın. Çünki sizin qarşınızda kələ-kötür keçid və döngələr, qorxunc və dəhşətli mənzillər vardır (ölümün çətinlikləri, qəbr və Bərzəx aləminin giriftarçılıqları və qiyamət gününün sorğu-sual məntəqələri qarşınızdadır) ki, onlara daxil olmaq və onlarda dayanmaq məcburiyyətindəsiniz. Bilin ki, ölümün gözucu baxışları sizə tərəfdir və sanki onun sizə batırdığı caynaqlarında əsirsiniz (ondan qurtula bilməzsiniz). Çirkin, çox çətin və ağır işlər sizi ondan gizlədib. Buna görə də dünyaya bağlılıqları (özünüzdən) uzaqlaşdırın və özünüzü pərhizkarlıq azuqəsi ilə gücləndirin. (Seyyid Rəzi deyir:) Bundan qabaq (84-cü xütbədə) bu kəlamın bəziləri bu rəvayətdən fərqli bir rəvayətdə keçdi.