Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/47-ci məktub

Vikimənbə saytından
46-cı məktub Nəhcül-bəlağə. 47-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
48-ci məktub


İmam Əli əleyhis-salamın məl’un İbn Mülcəm onu zərbətləyəndən sonra Həsən və Hüseyn əleyhiməs-salama olan vəsiyyətlərindəndir (və onları intiqam almaqdan çəkindirib və yaxşı işlərə əmr edib).

Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizi axtarsa da, sizin onu istəməməyinizi vəsiyyət edirəm. (Dünya malına hətta əlinizdə olsa belə, ürək bağlamayın.) Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Düz və doğru danışın. (Axirətdə) mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı və kömək olun.

Sizə, bütün övladlarıma, əhli-beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizi qaydaya salmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «İki nəfərin arasını (parçalanmaya səbəb olan ixtilafları) düzəltmək bütün namaz və oruclardan yaxşıdır.» (Çünki xalq arasında parçalanma hakim olsa dini işlər sahmana düşməz, düşmən ağalıq edər və abadlıqlar viranlıqlara və xarabalıqlara çevrilər.) Yetimlər barəsində Allahdan qorxun,

Allahdan qorxun. Belə ki, onların ağızları üçün növbə müəyyənləşdirməyin (gah tox, gah da ac saxlamayın onları). Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv və heç olmasınlar. Qonşularınız barəsində Allahdan qorxun, Allahdan qorxun ki, onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdirlər. (Həzrət Peyğəmbər) daima onları (elə) tapşırırdı ki, biz onlara (qonşudan-qonşuya) miras müəyyənləşdirəcəyini (mallarında onlara bir pay ayıracağını) güman etdik. Qur’an barəsində Allahdan qorxun, Allahdan qorxun ki, başqaları ona əməl etməklə sizdən qabağa düşməsinlər. Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun, Allahdan qorxun. Rəbbinizin evi (əzəmətli Məkkə) barəsində Allahdan qorxun, Allahdan qorxun. Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə (sizin getməməyiniz nəticəsində boş qalsa, ilahi əzab) sizə möhlət verməyəcək (və Allahın əzabına düçar olacaqsınız). Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun. (Dinin yayılması və Allah və Peyğəmbərin düşmənləri ilə vuruşmaqda heç nədən çəkinməyin.) Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan qorxun. «Əmr be mə’ruf»u (başqalarını bəyənilən yaxşı işlər görməyə vadar etməyi) və «nəhy əz munkəri» (çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaq etməsini istəyərsiniz amma) qəbul olmaz. Sonra belə buyurdu: Ey Əbdülmüttəlib oğulları, sizi «Əmirəl-möminin öldürüldü, Əmirəl-möminin öldürüldü» deyib bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmirəm. (Mənim öldürülməyimi müharibə və qan axıdılması üçün bayraq etməyin.) Bilin ki, mənim əvəzimə ancaq qatilim öldürülməlidir. Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu «muslə» etməyin. Çünki mən Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Muslə etməkdən uzaq olub çəkinin, hətta qapağan it olsa belə.» (Çünki Allah adamları, qatilin əməlindən çox kədərli olsalar da bu cür cəza növünü bəyənmirlər. O, nadan və kobud adamların davranış tərzidir ki, onlar öz ürəklərində olan kinlərini bununla soyudur, qabalıqlarını üzə çıxarırlar.)