Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/48-ci məktub

Vikimənbə saytından
47-ci məktub Nəhcül-bəlağə. 48-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
49-cu məktub


İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verib). Zülm etmək və yalançılıq insanın din və dünyasını məhv edir və nöqsan axtaranın yanında onun naqislik və gücsüzlüyünü üzə çıxarır. Sən bilirsən ki, əldən çıxması təqdir edilmiş şeyi (dünyadakı istəklər və ya Osmana öldürülməsindən sonra kömək edilməsini) əldə edə bilməyəcəksən. Bəzi dəstələr haqsız olaraq işin (imamət və xilafətin) fikrinə düşdülər və (həqiqi imama tabe olmamaq, əhdi pozmaq və vəzifə və dünya malı əldə etmək üçün) aşkar ilahi hökmü başqa yerə yozdular. (Öz meylləri ilə xilafəti camaatın rəyinə həvalə etdilər və öz arzularına çatmaq üçün Osmanın qisası məsələsini bəhanə etdilər.) Buna görə də Allah onları yalançı adlandırıb (və onlara yalançıların əzab və cəzasını verəcək). Belə isə o gündən qorx və çəkin ki, onda işinin sonunun yaxşı olmasını görən kəs şad olacaq, ixtiyarını Şeytana vermiş və onunla vuruşaraq müqavimət göstərməyən (cilovunu Şeytanın əlindən çəkməyən və onun istədiyi yerə apardığı) kəs isə peşman olacaq. Sən Qur’an əhli olmamağına baxmayaraq, (Siffeyn müharibəsində) bizi Qur’anın hökmünə dəvət etdin. (Qur’an əhli olmamağının dəlili, işlərinin onun hökm və göstərişinə zidd olmasıdır.) Biz sənə cavab vermədik və Qur’anın hökmünü qəbul etdik. Salama layiq kimsəyə salam olsun!