Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/71-ci məktub

Vikimənbə saytından
70-ci məktub Nəhcül-bəlağə. 71-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
72-ci məktub


İmam Əli əleyhis-salamın (Əbdül-Qeys qəbiləsindən olan) Münzir ibn Carud Əbdiyə məktublarındandır. (İmam əleyhis-salam) onu bəzi şəhərlərə (Farsa) hakim təyin etmişdi. Münzir o Həzrətin onu təyin etdiyi bəzi işlərdə xəyanət etmişdi. (Xərac pullarından dörd min dirhəm oğurlamışdı. İmam əleyhis-salam bu məktubda onu məzəmmət edərək öz yanına çağırmışdır. Həmçinin öz qəbiləsi Əbdül-Qeys ilə Həzrət Peyğəmbərin hüzuruna gəlib İslamı qəbul etmiş atası Carudu tərifləmişdir. Axır ki, «Rical» alimləri Münziri zəif hesab edir və onun rəvayətlərinə etimad etmirlər.) Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Atanın yaxşılığı məni aldatdı və sənin, onun üsuluna tabe olub onun yolu ilə gedəcəyini güman etdim. Birdən mənə xəbər çatdı ki, xəyanət etmisən: nəfsi istəklərinə tabe olmaqdan əl çəkmirsən, axirətin üçün azuqə toplamırsan, öz dünyanı axirətini viran etməklə abadlaşdırırsan və dinindən qırılaraq qohum-əqrəbana birləşirsən. Əgər səndən mənə çatan şey (xəyanət) düz olsa, sənin əhlilləşmiş dəvən və ayaqqabının bəndi səndən yaxşıdır. Sənin kimisi isə sərhədin qorunmasına, ya iş görülməsinə, yaxud məqamı yüksəldilməyə, yaxud əmanətə şərik edilməyə və ya xəyanət və əyriliyin qarşısının alınmasına təyin edilməyə layiq deyil. (Sərhədlərin qorunması, şəhərlərin hökuməti və ya işlərin icrasına başçılığı sənə tapşırmaq yaraşan iş deyil.) Buna görə də Allahın istəyi ilə bu məktubum sənə çatan zaman mənim yanıma gəl. (Seyyid Rəzi deyir:) Bu Münzir həmin kəsdir ki, Əmirəl-möminin əleyhis-salam onun barəsində belə buyurub: O, öz sağ-soluna çox baxır, əynindəki iki «bürd»ü (çox qiymətli Yəmən paltarı) ilə öyünür və ayaqqabılarının toz-torpağını çox təmizləyir. (Yəni, o, özü və paltarı ilə öyünən və bəzənən təkəbbürlü və məğrur bir şəxsdir.)