Məzmuna keç

Nadir şah/Birinci məclis

Vikimənbə saytından
Nadir şah. Birinci məclis
Müəllif: Nəriman Nərimanov
İkinci məclis



Vaqe olur İsfahan şәhәrindә 1717-ci ildә, Şah Hüseyn xanın otağı, qapıda iki fәrraş, xanın taxtı.
 
Ә d h ә m x a n. Tamam üç saatdır gözlәyirәm, bu vaxtadәk hәlә cavab vermir. Kim bilir, yatır, ya balaca uşaqlar ilә oynuyur. Amma dövlәtin işlәri getdikcә çәtinlәşir, nә etmәli? (Fikrә gedir. Qapı açılır, Hüseyn xan yan otaqdan daxil olur.)
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
Şah Hüseyn xan vә Әdhәm xan.
 
Ş a h H ü s e y n x a n (taxtında әylәşib). Xeyir ola, Әdhәm?
Ә d h ә m x a n. Xeyirdir, qibleyi-alәm!
Ş a h H ü s e y n x a n. Bәs nә әcәb belә tezdәn gәlibsәn?
Ә d h ә m x a n. Qibleyi-alәm sağ olsun! Bir neçә gün bundan müqәddәm xәbәr gәlibdir ki, kürdlәr dövlәtin üzünә ağ olub Cavad xanı vә fәrraşları öldürüblәr....
Ş a h H ü s e y n x a n. Cavad xanı? (Fikrә gedir.) Cavad xan gәrәkdir çoxdan ölәydi; çünki onun zәrәrdәn savayı dövlәtә heç bir xeyri yox idi, tövcünü vaxtında yığa bilmirdi vә yığanda da min dava ilә.
Ә d h ә m x a n. Qibleyi-alәm! Tövcü vaxtında yığılsa da, yığılmasa da
dövlәtin halına bir o qәdәr tәfavüt etmir.
Ş a h H ü s e y n x a n. Necә ki, etmir?
Ә d h ә m x a n. Mahalların xanları xәzinәyә ancaq cüzi bir şey verib, qalanını özlәri sәrf edirlәr.
Ş a h H ü s e y n x a n. Düşünmürәm, necә özlәrinә sәrf edirlәr?
Ә d h ә m x a n. Qibleyi-alәm! Qәdimdәn qayda bu üzrә olubdur: xanlar dövlәtdәn mahalları icarә edib tövcünü özlәrinә sәrf edirlәr, ancaq dövlәtә bir cüzi icarә pulu verirlәr.
Ş a h H ü s e y n x a n (fikrә gedir). Bәs belә.... İndi nә etmәli?
Ә d h ә m x a n. Mәn özüm dә bilmirәm.
Ş a h H ü s e y n x a n. Әdhәm! İbtidadan mәnim әvvәlinci vәzirim olub, padşahlığın hәr ixtiyarını sәnә mühәvvәl etmişәm. İndi necә ki, mәslәhәt görürsәn, elә dә edәrsәn. (Durur getmәyә.)
Ә d h ә m x a n. Qibleyi-alәm! Doğrudur, dövlәtin hәr ixtiyarı bu vaxtadәk mәnim әlimdә olubdur, amma doğrusu, bu halda tәk bacarmaq mümkün deyil.
Ş a h H ü s e y n x a n. Burada nә bir çәtin iş vardır? Kürdlәr nә millәtdir ki, bizim dövlәtә zәrәr yetirә? Beş yüz sәrbaz göndәrsәk hamısını qolları bağlı gәtirәrlәr.
Ә d h ә m x a n. Qibleyi-alәm, bu işin çәtinliyi ... m ... m....
Ş a h H ü s e y n x a n (qoymur sözünü qurtarsın). Yaxşı, göndәr mәslәhәt üçün qalan vәzirlәr dә gәlsinlәr. (Gedir).
Ә d h ә m x a n (Hüseyn xanı qapıyadәk ötürür vә ondan sonra qapıda duran fәrraşa deyir). Get, bu saat Cәfәr xanı, Rza xanı vә Mәhәmmәd xanı dәvәt et qibleyi-alәmin hüzuruna.
F ә r r a ş. Bәçeşm!
Ә d h ә m x a n (tәk). Fikrim dağınıqdır. (Başını әli ilә tutur.) Hәrçi fikir edirәm, bir şey çıxmır. Deyirәm, kürdlәr dövlәtin üzünә ağ olublar, deyir, zәrәr yoxdur, beş yüz sәrbaz göndәr hamısını qolları bağlı gәtirsinlәr. Bәh! Bәh! Kürd tayfasından xәbәri yoxdur. Beş yüz yox ki, min qoşun da göndәrsәm, onların öhdәsindәn gәlә bilmәzlәr. Bundan savayı, beş yüz sәrbazı haradan cәm edim? Bu saat hazırda heç iki yüz dә yoxdur. (Fikrә gedir.) Hәlә qeyri işlәrdәn xәbәri yoxdur. Bir neçә gün bundan müqәddәm xәbәr gәlibdir ki, özbәklәr vә әfqan davaya hazırlaşırlar. Bu xәbәrlәri mәndәn savayı heç kәs bilmәyir vә demәk dә olmaz. (Fikrә gedir.)
 
 
İKİNCİ GӘLİŞ
 
Gürcü bәy vә Әdhәm.
 
G ü r c ü b ә y (tez içәri daxil olur). Әdhәm xan, doğrudurmu, deyirlәr Badikubә, Şirvan, Şәki, Dәrbәnd lәzgilәrә tabe olublar?
Ә d h ә m x a n (yavuğa gedib). Sus! Sәn haradan bildin?
G ü r c ü b ә y. Kağız almışam.
Ә d h ә m x a n. Yalandır, inanma. Belә şey ola bilmәz.
G ü r c ü b ә y (kağızı çıxardıb verir). Hәrgah inanmayırsınız, buyurun, bu kağız.
Ә d h ә m x a n (kağızı oxuyub cırır). Bu xәbәrin doğru olmağını, әlbәttә, tәhqiq etmәk lazım gәlir.... Ol sәbәbә hal-hazırda bu barәdә kimsәyә söylәmәmәk mәslәhәtdir. (Gürcü bәyә diqqәtlә baxır.)
G ü r c ü b ә y. Әdhәm xan! (Acıqlı.) Doğrudur, qulluğum sizә tabe olmağı tәlәb edir, fәqәt dövlәtә xәyanәt edә bilmәrәm.Xudahafiz! (Tez çıxır.)
Ә d h ә m x a n (fikrә gedib). Bu yaxşı işә oxşamayır. Gürcü bәy bu xәbәri padşaha yetirә bilmәyәcәkdir vә yetirsә dә, şah mәni qoyub onun sözünә inanmayacaqdır. Amma.... Amma qorxum burdadır ki, Tәhmas Mirzәyә bu xәbәri söylәr, çünki
onunla çox dostdur. Ah.... Tәhmas olmasaydı, indi padşahlığı almışdım әlә.... (Bir az fikirdәn sonra.) Xeyr, bu fikirlәr hәlә qalsın.... Yaxşı ... m ... m.... Lәzgilәrin hәrәkәtlәri mәnә mәlum idi, amma.... (Fikirdә ikәn yavaş-yavaş әylәşir.)
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Tәhmas, Әdhәm.
 
T ә h m a s. Әdhәm xan! Nә olubdur? Fikrә gedibsiniz?
Ә d h ә m x a n (birdәn ayağa durur). Heç. Qibleyi-alәmi gözlüyürdüm.
T ә h m a s (tәrәfә). Qibleyi-alәmi gözlüyür! (Rişxәnd). İşiniz çoxmu vacibdir?
Ә d h ә m x a n. Xeyr, qibleyi-alәm xahiş edibdir ki, bu gün dövlәtin işlәrinә dair mәslәhәt olunsun.
T ә h m a s. Dövlәtin işlәri!.... Dövlәtin nә işi olacaqdır? Dövlәtdәn mәyәr bir şey qalıbdırmı ki, mәslәhәt dә olunsun?
Ә d h ә m x a n. Allaha şükür, nә olubdur ki?
T ә h m a s. Ax, Әdhәm xan! Nә deyim.... Bağışlayın, bu vaxtadәk atamın sizә olan mәhәbbәti mәni dә vadar edirdi ki, sizә lazım olan hörmәti edim, hәrçәnd mәnim yәqinimdir ki, atamdan sonra dövlәt mәnim ixtiyarıma keçәcәkdir, bununla belә
bu vaxtadәk dövlәtin işlәrinә qarışmırdım vә bu barәdә sizinlә sual-cavabım olmuyubdur.... Fәqәt indi bir neçә әhvalatlar mәni vadar edir sizdәn sual edәm.... Dövlәtin abad olmağından ötәri nә edibsiniz? İşlәr nә yerdәdir?
Ә d h ә m x a n. Vәliәhd sağ olsun! Mәn ömrümü babanızın qulluğunda sәrf etmişәm, necә ola bilәr ki, bir şey etmәyim.... Hәr iş öz qaydası ilә gedir. Günbәgün vәtәnimiz vә millәtimiz tәrәqqidә....
T ә h m a s. Bәli, görünür, işlәrdәn baxәbәrsiniz....
Ә d h ә m x a n. Necә ola bilәr ki, mәnim xәbәrim olmasın.
T ә h m a s. Kürdlәrin әmәli sizә mәlumdurmu?
Ә d h ә m x a n. Bәli!
T ә h m a s. Bәs bәlanı rәf etmәk üçün fikriniz nәdir?
Ә d h ә m x a n. Bu gün mәslәhәt haman mәsәlә barәsindәdir.
T ә h m a s. Bu iş iki aydır cәmi İrana mәlumdur, siz ancaq indi mәslәhәt edirsiniz.... (Başını bulayır.) Kürdlәr dövlәtin üzünә ağ olublar, özlәri üçün müstәqil hakim tikiblәr. Amma siz indi mәslәhәtә yığılırsınız! Tәәccüb edirәm.
Ә d h ә m x a n. Nә üçün tәәccüb edirsiniz? Allaha şükür, nә olubdur? Bir gün әrzindә beş yüz qoşun ilә onları sakit etmәk mümkündür.
T ә h m a s. Ah! Ah! Ah! (Gülür.) Beş yüz qoşun! Bunları hardan yığacaqsınız? Vә tutalım yığdınız, beş yüz adam vәhşi kürdlәrә nә edә bilәcәkdir? Bu qalsın, bәs lәzgilәrә çarәniz nәdir?
Ә d h ә m x a n. Lәzgilәr! Lәzgilәr çoxdan xamuş olublar. Onların tәrәfindәn bizim üçün qorxu yoxdur.
T ә h m a s. Bәs görükür, tәzә xәbәri eşitmәyibsiniz?
Ә d h ә m x a n (tәrәfә). Görükür, Gürcü bәy hamısını deyibdir. Vә.... Bәli, deyirlәr guya lәzgilәr davaya hazırlaşırlar. Fәqәt belә sözlәrin әsli yoxdur, zәnn edirәm.
T ә h m a s. İş işdәn keçibdir, siz indi deyirsiniz әsli yoxdur.... İranın gözәl yerlәri: Badikubә, Şirvan, Şәki mahalları hamısı lәzgilәrә tabe olubdur!.... Bunlar heç, bәs Әfqan?....
Ә d h ә m x a n. Әfqan?
T ә h m a s (gülә-gülә). Bәli, Әfqan! Ah Әdhәm xan, ya görünür yatıbsınız, işlәrdәn xәbәriniz yoxdur, yainki bilib gizlәdirsiniz.... (Yavuğa gedir.) Sizә yәqin olsun ki, vәtәnimiz bu yavuqda әldәn gedәcәkdir vә mәnim sizinlә bu tövr açıq
vә cürәtlә danışmağımın sәbәbi budur ki, mәn burada qalıb özümü bәdbәxt etmәk istәmirәm.... Hamı günah sizdә olmağını yәqin etmişәm. Vaxtında tәdarükdә olsaydınız, vaxtında bu xәbәrlәr doğru olmağını tәhqiq etsәydiniz, bu halәtdә bulunmazdıq. İndi.... İndi bәla hәr tәrәfdәn gәlir....
Ә d h ә m x a n (başını aşağı salıb). Mәn nә ki lazımdır.... Mәn .... Mәn....
T ә h m a s (gulә-gülә). "Mәn", "mәn", eh! (Әli ilә.) Sizinlә danışmağın indi vaxtı deyil.... Vәtәn vә millәt qabağında üzüqara olanın vay halına! Xudahafiz. (Çıxır.)
Ә d h ә m x a n (başı aşağı dayanıb fikrә gedir). Bu yaxşı işә bәnzәmәyir. Mәnә deyir ki, sizinlә danışmağın indi vaxtı deyil, yәni taxta çıxandan sonra danışacaqdır.... Bunun atası Hüseyn şah da әvvәl taxta әylәşәndә dövlәtin işlәrinә
diqqәt edirdi, amma indi.... Xeyr, bu sözdür. Sәn dә vaxtında yumşalarsan, tәlәsmә....
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
Şah Hüseyn xan vә Әdhәm xan.
 
Şah Hüseyn xan içәri daxil olub taxta әylәşir. Bir qul qәlyan gәtirir.
 
Ş a h H ü s e y n x a n. Әdhәm! Vәzirlәr hәlә gәlmәyiblәr?
Ә d h ә m x a n. Xeyr, qibleyi-alәm!
Ş a h H üs e y n x a n (bir az fikirdәn sonra). Gürcü bәyә dә adam göndәrmәk gәrәk. Çünki Gürcü bәy eşidirәm, can vә dil ilә qulluq edir. Bu barәdә onun tәsәvvürünü dә bilmәk lazımdır, zәnn edirәm.
Ә d h ә m x a n (rişxәnd). Layiq deyil ki, Gürcü bәy qibleyi-alәmin mәclisindә әylәşib dövlәt barәsindә öz tәsәvvürünü danışsın. Bundan әlavә, Gürcü bәy çox hünәrli vә şücaәtli olmuş olsa da genә xaçpәrәstdir. Belә bir adamın müsәlman
dövlәtinә tәmiz ürәklә qulluq etmәyinә şәkkim var. Vә dövlәtin bir para pünhan işlәrini hәr adama demәk olmaz.
Ş a h H ü s e y n x a n (bir az fikirdәn sonra). Gürcü bәy bu vaxtadәk dövlәtә xәyanәt etmәyibdir vә bir dә onu çağırmaqdan
әsil mәqsәdim budur ki, kürdlәrin müqabilinә göndәrәm. (Fikir.)
Ә d h ә m x a n. Qibleyi-alәm! Kürdlәr....
Ş a h H ü s e y n x a n (hirsli). Yaxşı! Adam göndәr çağırsınlar. (Başını әli ilә tutub fikrә gedir.)
Ә d h ә m x a n. Baş üstә! (Tәrәfә.) Bu yaxşı işә bәnzәmәyir.... (Gedib qapıda duran fәrraşa yavaşdan deyir ki, Gürcü bәyi çağırsın.).
Ş a h H ü s e y n x a n (әli ilә ürәyini tutur). Ürәyim bu gün çox döyünür. Oh! Oh!
Ә d h ә m x a n. Qibleyi-alәm! Vәzirlәr gәliblәr.
Ş a h H ü s e y n x a n. Gәliblәr? Yaxşı, de gәlsinlәr.
 
 
BEŞİNCİ GӘLİŞ
 
Cәfәr xan, Rza xan vә Mәhәmmәd xan daxil olub hamısı tәzim ilә salam edirlәr.
 
Ş a h H ü s e y n x a n. Hәzәrat, әylәşin. Әdhәmin demәyinә görә xәbәr gәlibdir ki, kürdlәr guya dövlәtin üzünә ağ olublar. (Gürcu bәy içәri daxil olub qapının ağzında durur vә Hüseyn xan onu görüb.) Gürcü bәy, әylәş. İşdәn belә mәlum olur ki, kürdlәr bu yavuq vaxtdan baş qaldırıblar. Ona görә ümid edirәm ki, beş yüz sәrbaz göndәrsәm, onların öhdәlәrindәn gәlәrlәr.
C ә f ә r x a n. Әlbәttә!
R z a x a n. Hәlә o da çoxdur.
M ә h ә m m ә d x a n. Mümkündürmü beş yüz sәrbazı bu yaxın zamanda cәm etmәk?
Ş a h H ü s e y n x a n. Bu iş mühәvvәl olunur Әdhәmә.
Ә d h ә m x a n. Qibleyi-alәm! Cәm etmәk asandır!
C ә f ә r x a n. Beş yüz yox ki, min dә yığmaq olar.
R z a x a n. Әlbәttә!
M ә h ә m m ә d x a n. Bunlara gәrәkdir yaraq-әsbab tapıla. Mümkündürmü bu tezlikdә?
Ş a h H ü s e y n x a n. Elan etmәk gәrәk ki, hәr kәsin evindә nә yaraq-әsbab olsa götürsünlәr vә qoşunun sәrkәrdәliyini Әdhәmә mühәvvәl edirәm. Gürcü bәyi dә özünlә götürәrsәn. (Gürcü bәyә tәrәf.) Bu barәdә sәnin fikrin nәdir?
G ü r c ü b ә y (ayağa durur). Qibleyi-alәm! Mәn hәmişә vәtәnә vә dövlәtә qulluq etmәyә hazıram. Qibleyi-alәmә mәlumdur ki, kәrratla düşmәnlәrin qabağına getmişәm vә hәmәvaxt vәtәnә olan qeyrәt vә mәhәbbәtimi göstәrmişәm. Hәrçәnd dörd ay bundan müqәddәm mәnim barәmdә vәzirlәrin biri bәdgüman olub qibleyi-alәmә mәni pis qәlәmә vermişdi. Amma әfqanların mәğlub olmaqları vә xanlarını әsir etdiyim sizә mәlumdur. Ümid edirәm ki, mәnim qibleyi-alәmә vә vәtәnә ixlasi-qәlblә qulluq etmәyimdә şübhә qalmadı. Әzbәs ki, mәhәbbәtim vәtәnә nәhayәtdә çoxdur. Ona görә özümә borc bilibqibleyi-alәmdәn izin olsa, öz tәsәvvürümü bәyan edәrәm.
Ş a h H ü s e y n x a n. Söylә, qulaq asıram. (Hamı Gürcü bәyә baxır, Әdhәm xan yerә baxır.)
G ü r c ü b ә y. Bu gün qibleyi-alәmin hüzuruna yığılmaqdan mәqsud, vәtәnimizi bәladan xilas etmәkdir, zәnn edirәm. Bәlanı rәf etmәkdәn müqәddәm lazım gәlir ki, әvvәl bәlanın gücünü özümüz üçün bәyan edәk, görәk necә bәladır? Kürdlәr Cavad xanı iki ay bundan müqәddәm öldürüb dövlәtin üzünә ağ olublar....
Ş a h H ü s e y n x a n. İki ay?
G ü r c ü bәy. Bәli, qibleyi-alәm! İki ay!
Ş a h H ü s e y n x a n (Әdhәmә). Bәs sәn deyirdin bir-iki gün bundan müqәddәm?
Ә d h ә m x a n (dili tutulur). Gәrәk ki, iki ay....
Ş a h H ü s e y n x a n. Hә ... hә ... hә.... (Acıqlı Gürcü bәyә.) Söylә görüm.
G ü r c ü b ә y. Bәli, qibleyi-alәm, iki ay.... Mәlumdur ki, kürdlәr çox qoçaq, vәhşi tayfadır. Bu iki ayın әrzindә kim bilir nәlәr ediblәr? Bunların müqabilinә beş yüz, ya beş min vә ya on min adamla getmәk olarmı? Mәn davadan qorxmuram, ancaq
gәrәkdir düşmәnin müqabilinә gedәndә hәr bir müşkülatı nәzәrә gәtirәk. Mәn istәyirәm bilim: Әdhәm xan nә üçün iki ay bundan müqәddәm eşidilәn xәbәrlәrә inanmayıb hazırlaşmırdı.
Ş a h H ü s e y n x a n (acıqlı Әdhәmә). Cavab ver!
Ә d h ә m x a n (ayağa durur). Qibleyi-alәm! İnsan gәrәkdir sәbirlә iş görә, xüsusәn dövlәt işlәrindә. Bu vaxtadәk xәbәr doğru olmağını istәyirdim tәhqiq edim....
G ü r c ü b ә y. Qibleyi-alәm! Bu sözlәrdә bir cüzi sәdaqәtlik olsaydı, mәn söylәmәzdim, amma....
Ş a h H ü s e y n x a n. Nә üçün fikrә getdin?
G ü r c ü b ә y. Qibleyi-alәm, mәni bağışlayın, ürәyimdә hәr nә var demәk istәyirәm.
H a m ı. Söylә! Söylә!
G ü r c ü b ә y. Doğru, mәn xaçpәrәstәm, bununla belә insafım mәnә buyurur, mәni vadar edir ki, vәtәnә dair fikirlәrimi açıq-açığına söylәyim. Doğrusu, vәliәhdә olan mәhәbbәtim vә onun gәlәcәyi mәni vadar edir deyim: vәtәnin, dövlәtin
düşmәni Әdhәmdir. Bu gün hәnuz burada, qibleyi-alәmin tәşrifindәn müqәddәm gәlib ona Qafqazdan aldığım mәktubun mәzmununu oxuyuram, bu mәktubda yazılıbdır: Badikubә, Şirvan, Şәki vә Dәrbәnd lәzgilәrә tabe olublar....
Ş a h H ü s e y n x a n (acıqlı yerindәn durur). Necә? Nә deyirsәn? Bu.... Bu.... Bu....
G ü r c ü b ә y. Bәli, qibleyi-alәm! Bu mahalları lәzgilәr özlәrinә tabe ediblәr. Vә bir xәbәrә görә qaçaq Nadir istәyir gedib orada müstәqil hakim olsun.
R z a x a n. Qәribә işdir! Az düşmәn var idi, Nadir dә bir tәrәfdәn.
C ә f ә r x a n. Bu vaxtadәk xәbәrimiz yoxdur!
M ә h ә m m ә d x a n. Nәdәn xәbәrimiz var ki, ondan da olsun.
G ü r c ü b ә y. Qәribә odur ki, bu xәbәrlәri Әdhәm xana dedikdә mәnә buyurdu: "Bu xәbәrlәri heç kәs bilmәsin".
Ş a h H ü s e y n x a n (hirsli yerindәn durur). Әdhәm! Әdhәm! (Hamı ayağa durur, Şah Hüseyn xan taxta yıxılarkәn vәzirlәr gedib tuturlar.)
 
PӘRDӘ