Qarabağnamə/Doqquzuncu fəsil
←Səkkizinci fəsil | Qarabağnamə fəsil Müəllif: Mirzə Adıgözəl bəy |
Onuncu fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. |
TƏRƏFİNƏ TƏKRAR GƏLMƏSİ VƏ ƏMƏLƏ
Georgi xan müstəqil vali oldu, valilik taxtı onun vücudu ilə zinət tapdı. İran padşahı Ağa Məhəmməd şah öldürüldü və Fətəli şah Qacar səltənət taxtına oturdu. [1].
Vali bir tərəfdən Rumdan (Türkiyədən), digər tərəfdən İrandan və bir tərəfdən də Dağıstandan qorxuya düşdü. Qardaşlarının ədavətini də buna əlavə etmək lazımdır. (Buna görə) o, öz böyük oğlu pavud mirzəni [2] yalvarıcı ərizələr və səmimi məktublarla böyük imperator, hörmətli şahənşah, bütün xalqların başının ağası, ulduz calallı, əzəmətli padşah Pavel Petroviçin uca dərgahına və işıqlı asitanəsinə göndərdi. Məktublarda deyilirdi: "Mən bu qədər xarici məzhəblər arasında tək qalmışam, hər saat birindən ehtiyat etməkdən cana gəlmişəm. Vəziyyətim hüzurunuza yaxın olan əmirlərinizə məlumdur. Başıma gələn hadisələr onların işıqlı qəlblərinin aynasına əks etmişdir. Ağa Məhəmməd şahın haqqımızda rəva gördüyü zülm, əziyyət və əmələ gətirdiyi fəsad və fənalığı ikidilli qələm təsvir etməkdən acizdir.
Aləmlər padşahı və dünya hökmdarından xahişimiz budur ki, millətimizin hörməti və dinimizi müdafiə etmək xatirəsi üçün, bizləri öz himayələri altına alsınlar. Aləmi bəzəyən bayraqları üzərindəki mahçənin (ayparanın) nurilə, pis xasiyyətli düşmənlərin zülmünün zülmətini üzərimizdən qaldırsınlar".
Sonra, Gürcüstanın seçilmiş, etimadlı və nəcib tavadlarından eşikağasıbaşı Kərsəvan bəyi, Davud mirzənin ardınca, fələk dəstgahlı padşahın dərgahına [3] yola saldı. Kərsəvan bəy keçmişdə aləmlər padşahının şərafətli asitanəsində olub, knyaz Çavçavadze adilə məşhur idi. Şir qeyrətli böyük imperatorun və kəramətli padşahın mərhəmət dəryası cuşa gəldi. General-mayor Lazarevi bir polk qoşunla göndərdi ki, gedib Gürcüstan hüdudunu var qüvvəsilə mühafizə etsin. Statski sovetnik (mülki müşavir) Kovalenskini də Gürcüstan valisinin yanında qalmaq üçün ministr (nazir) təyin etdi.
Yuxarıda adları çəkilən əmirlər Tiflisə gəlib valinin yanında qaldılar. [4] Bir ildən sonra Ümmə xan Dağıstandan iyirmi min qoşun götürüb gəldi. Ümmə xan belə düşünürdü: "Madam ki, vali rus qoşununa pənah gətirmiş, deməli o, keçmiş məhəbbət və dostluq hüququnu ürəyindən çıxarmışdır. Mən də gedib rus (qoşunlarını) o vilayətdən çıxardar və keçmişdə olduğu kimi Darüssüruru (Tiflisi) xaraba qoyub talan edərəm".
Vali bu hadisəni eşitcək, həyəcana düşdü. Halı pərişan oldu. O, qorxudan boş xəyalata düşdü, çünki Ağa Məhəmməd şahın Tiflisə vurduğu zərərlərdən gözü qorxmuş və o ürəkyandıran hadisələrdən ödü yarılmışdı. Tiflis əhalisi də canlarını qorumaq istədiklərindən qaçmağı qərara aldılar. Hər biri bir tərəfə getmək istədi.
Yuxarıda adı çəkilən general hədsiz səy və qeyrət etdi. Darüssürur (Tiflis) əhalisini sakit etməyə çalışdı. Axırda şəhər əhalisi yenə onun sözünə baxmadılar; çünki onlar bu vaxta qədər rus qoşununun hünərini sınaqdan çıxarmamışdılar. General bu mətləbi başa düşdü. Bildi ki, onun nəsihətlərinin atəşi, Tiflis əhalisinin dəmirtək soyuq olan (ürəyinə) təsir etməz və qorxuducu vədlərinin damcıları, o camaatın daş bağrını dəlməz. Car çəkdirib Gürcüstan əhalisinə mərdanəliklə bildirdi ki, siz şəhərdən qaçmayın, nahaq yerə vətəninizi tərk etməyin. Mən Rusiyanın xoşbəxt qoşunları ilə hərəkət edib, onların qarşısına gedirəm. Əgər qalib gəldim heç, istədiyimiz də odur. Əgər, Allah eləməmiş, məğlub olsam və düşmənin qarşısından qayıdıb qaçsam, ondan sonra siz də qaçın və istədiyiniz yerə gedin.
Gürcüstan əhalisi bu sözləri eşidib sakit oldu və könüllərinin hürküyə düşən quşları aram tapdı. Bundan sonra adı çəkilən general, öz qalib qoşunlarını götürüb Ümmə xanın qabağına getdi. Suqracu (?) kəndinin altında, Qıbır çayının üstündə, axşamçağı, iki qan içən ordu və iki əzəmətli dəstə bir-birinə yaxınlaşdı. Dağıstan qoşunu baxıb gördü ki, Rusiya qoşunu olduqca azdır. Çox təəccüb etdilər, ürəklərində heyrət əmələ gəldi (və öz-özlərinə dedilər): onlar bu az cəmiyyətlə hərbə və döyüşə necə cürət edirlər? Taxta ayaqları [5] ilə bu çətin keçidli məmləkətdən necə keçərlər?
Sonra hər iki tərəf haman yerdə yüklərini açıb düşdülər və çadırlarının mıxını yerin qəlbinə möhkəm vurdular.
Ləzgi sərkərdələrinin bəzisi bu cür məsləhət gördülər ki, axşamın xeyrindən sabahın şəri yaxşıdır. Ümmə xan və bəzi sərkərdələr isə dedilər:
Allahdan başqa kim bilər ki,
- Məsləhət budur ki, bu andan vuruşma məclisinə rövnəq verək, dava və döyüş meydanının zinətini artıraq, top və tüfəng sədası ilə dünyaya vəlvələ salaq. Parlaq qılıncın piyaləsindən bu zalımlara ölüm şərbəti içirək.
Bundan sonra Ümmə xan öz qoşununun yarısma əmr etdi ki, generalın ordusunu dörd bir tərəfdən əhatə edib üzük qaşı kimi mühasirəyə alsınlar və hamısını əsir etsinlər. Dağıstan qoşunları öz komandanlarının fərmanını həyata keçirməyə səy etdilər.[6] Onlar rus qoşunlarına yaxınlaşınca, general (Lazarev) o saat əmr etdi ki, əjdaha heybətli, od yağdıran topları fitilləsinlər və zəfərnişan soldatlar "hurra" çəkib hücuma keçsinlər. Dağıstan ordusu baxıb gördü ki, top atəşi aləmi od dəryasına çevirdi. Rus qoşunlarının üst-başları bunların qanından qıpqırmızı oldu. Qarşı durmağa taqətləri qalmadı. Davam gətirməyib qaçmağa üz qoydular. Hədsiz zərər çəkdilər. Ölənlərin sayı-hesabı yox idi. Qılınc ağzından canını qurtaranlar qaçdılar və çox çətinliklə özlərini qalan qoşuna yetirdilər. Başlarına gələn əhvalatı olduğu kimi danışdılar. Onlar bu hadisəni eşidib, son dərəcə pərişan oldular və qorxuya düşüb dedilər:
Biz də namus üçün, ad qazanmaq üçün
Ədavət qılıncını qınından çəkərik.
Bu döyüş meydanında at qovar,
Oxla, nizə ilə və iti qılıncla
Nəhəng kimi, qan dəryasına baş vurarıq,
Onlara dava meydanını təng edərik
Əgər biz mərdliklə ad çıxarmasaq
General fərəh verən bu hadisəni görüncə, istirahət təbilini vurdurdu. Ondan sonra, zəfər nişanəli qoşununu götürüb özünü onların sığınağına yetirdi. Mərdanə həmlələr və igidcəsinə hücumlarla düşmən qoşununu dağıtdı. Ümmə xan və sair sərkərdələr artıq səy və qeyrət göstərdilər. Çalışdılar ki, bəlkə hiylə ilə öz vəhşi əsgərlərini qaçmaqdan saxlasınlar. Bir daha müharibəyə girişsinlər. Lakin mümkün olmadı. Çünki ləzgi əsgərləri rus qoşununun birinci öd yaran zərbəsindən qorxmuşdular.
Gündüz pərisinin işıqlı üzü, Ümmə xanın taleyi kimi, qaralmağa başlayınca, ləzgilər üzüqaralıq etdilər. Hərəkət kəcavəsini fərar dəvəsinə yükləyib qaçdılar. Gəncə torpağınacan, tərsinə əsən yel kimi heç bir yerdə bənd olmadılar və heç bir mənzildə durmadılar. Fikirləri bu idi ki, oradan keçib Qarabağa gəlsinlər. Qışı burada keçirib bahar fəsli öz vətənlərinə qayıtsınlar. Dağlar qar olduğundan, bu fikri həyata keçirmək mümkün olmadı. Gəncə əhli bu əhvalatdan xəbərdar oldu. O az camaatın üstünə tökülüb [7]rəhmsizcəsinə qılıncdan keçirdilər. Ləzgilər daha heç bir yerə sığına bilmədilər. Yüz min müsibətlə Cara qaçdılar. (Oranı) özlərinə qışlaq edib oturdular. [8] İttifaq belə düşdü ki, Ümmə xan orada naxoşlayıb dünyadan getdi. [9] Nəşini orada dəfn etdilər. Onun matəmində ləzgilərin ürəyi yenə qana döndü.
General (Lazarev) dərhal adamlar yolladı. Bu xəbəri Gürcüstana yetirdi. Lakin, kimsə buna inanmadı. Hətta o, öldürülənlərdən bir neçəsinin başını da göndərdi. Yenə heç kəs xatircəm olmadı.
O zaman, mən özüm də Darüssürurda (Tiflisdə) idim. Cənab general bir neçə gündən sonra böyük izzət, ehtiram, son dərəcə dəbdəbə və calalla Gürcüstana daxil oldu. Tiflis əhalisi çox şadlıqlar etdi. Rusiya qoşununun igidliyinə və o müzəffər əsgərlərin rəşadətinə Gürcüstan əhalisinin və sair şəxslərin etiqadı çox-çox artdı [10], çünki (bu hadisə) çox az ittifaq düşən, çətin və müşkül bir iş idi.
Bundan sonra, generalın hörməti, qoşununun hünəri və şöhrəti dilə-ağıza düşdü. Doğrudan da, generalın vəsfə gəlməyən bu igidliyi bütün Qafqaza yayıldı. Onun bu qəhrəmanlığını qələmin dili təsvir etməkən acizdir.
Bu hadisədən sonra, vali bir il də yaşadı. O, qış fəslində vəfat etdi [11]. Qardaşları təcili surətdə hazırlıq görərək, Kartliyadan çoxlu qoşun və camaat toplayıb, Tiflis üzərinə gəldilər. Onlar böyük qardaşları Yulon Mirzəni vali, yuxarı və aşağı təbəqəyə hakim təyin etmək istədilər. Tiflisin üstündə olan Habucala kəndinə gəldilər və orada durdular. General, komandası altında olan zəfər nişanəli əsgərləri götürüb onların qabağına getdi. Onları Başaçığacan qovdu. Qayıdıb gələndən sonra, valinin böyük oğlu Davud Mirzəni müvəqqəti olaraq vali qoydu [12]. Bahara qədər bu qayda ilə keçdi. Qızıl taclı işıqlı Günəş Həməl bürcünə [13] daxil olub, öz yaz mənzilinə yetişdi. Bu zaman, torpağın tumurcuq məməli qızları olan bitkilər dirçəlib, böyüyərək güllükdə görünməyə başladılar. Bülbüllər ağaclıqlarda və bağlarda qönçə ətrafına hərlənərək ağır-ağır "qələbə çalındı" nəğməsini oxudular.
Qumrular da fərəh və şadlıqlarından "müxəmməs" havasında zəngulə vurdular. Sübhün xəfif küləyinin məşşatəsi [14] gözəl və qəşəng çiçəklərə təravət verir, gül qönçələri üzərinə sənət kirşanı və qüdrət ənliyi çəkirdi. Bu zaman Liniyada yaşayan və inspektor mənsəbində olan piyada qoşun generalı Knorrink Tiflisə gəldi [15]. O, burada öz divanxanasını qurdu. Tavadzadələrdən dörd nəfərini seçib dövlətin dörd əsas rüknü, divanbəyi təyin etdi [16]. General Knorrinkin göstərişilə hökumətin mühüm işlərinə və bürün vacibli ərizələrə orada (dördlər məclisində) baxılmalı idi. Özü isə yuxarıda adı çəkilən generalın göstərişilə geri qayıtdı. Bir il bu qayda ilə keçdi. Sonra knyaz Sisianov Qafqazın bu tərəfində olan vilayətlərə (Zaqafqaziyaya) sərdar təyin edildi [17]. O, bu yerləri idarə etmək işində geniş ixtiyar sahibi oldu.
Knyaz Sisianov özü ilə lazım olan vəsaiti gətirib, Tiflisdə quberniya əsasını qoydu və divanxanalar təsis etdi. Bu zaman valizadələrin hamısı Gürcüstanda idilər. Onlar bu işlərə razı olmayıb keçmiş nizam və qaydaları tələb edirdilər. Onlar puç və lüzumsuz xəyalata düşmüşdülər. Knyaz Sisianov xeyirxahlıq üzündən onlara gözəl nəsihətlər etdi. Lakin onlar qəbul etməyib öz fikirlərindən dönmədilər.
Axırda knyaz baxıb gördü ki, çarə yoxdur və onların könüllərinin qönçəsi nəsihət nəfəsilə açılmır. Onların hamısını zorla Rusiyaya göndərdi [18]. O cümlədən, valinin arvadı Deda-Valonu da göndərməli idilər... Lakin o getmək istəmədi və knyazın sözünə qulaq asmadı. Knyaz Sisianov general Lazarevi göndərdi ki, mehribanlıqla nəsihət edib, onu da bu işə razı etsin. General getdi və çox yalvardı, lakin çarə olmadı. Arvad generalın təklifini qəbul etmədi. Onun bütün Gürcüstan əhalisi
boynunda olan haqqına və etdiyi yaxşılıqlara göz yumdu. Gizlicə xəncərini çəkdi və onu yaralayıb öldürdü [19]. Knyaz bu hadisəni eşitcək əmr verdi ki, onu da zorla aparsınlar [20]. Bundan sonra, vali övladından o ölkədə kimsə qalmadı. Gürcüstan işlərində arxayınlıq və xatircəmlik hasil oldu.
O zaman Car və Balakən ləzgiləri, əski adətləri üzrə, Gürcüstan vilayətlərinə basqın edərdilər. Əhalisini əsir edib aparardılar. Özlərinin bu kimi çirkin işlərindən əl çəkməzdilər. Knyaz ənbər iyli qələmilə məktublar yazdı, onlara nəsihət edib bildirdi ki, keçmiş zamanda hökumət başında vali dururdu. İndi isə Cəmşid mərtəbəli və yüksək dərəcəli bir padşah durur. Bu cür işlərdən əl götürüb rahat otursunlar. Nalayiq işləri tərk etsinlər; çünki bu cür hərəkətlər peşmanlıqdan başqa bir nəticə verməz.
Knyaz bu barədə onlara dəfələrlə müraciət etdi. Lakin onlar ayılmadılar. Axırda onları cəzalandırmağı qərara aldı. Cüzi qoşun götürüb Dağıstan tərəfinə hərəkət etdi. Ləzgilər bu hadisəni eşidincə yığışdılar, məsləhətləşib müdafiəyə hazırlandılar. Gəlib Qanıq çayının kənarında çadırlarını qurdular və Rusiya qoşunlarının gəlməsini gözlədilər. Onlar belə tədbir qurmuşdular ki, Rusiyanın zəfər nişanəli qoşunlarını Car torpağına girməyə qoymasınlar. Onların qarşısına çıxıb müharibə etsinlər. Lakin bilmədilər ki, od yağdıran ildırıma kol-kos mane ola bilməz və göydən enən bəlanı tədbir qalxanı dəf edə bilməz.
Rusiya qoşunları Qanıq çayına yetişən kimi, ova həris olan şahintək çaydan keçdilər. Onların (ləzgilərin) tüfənglərindən atılan güllələrin səsini istiqbal nəğməsi və qılınclarının parıltısını cahangirlik aynasının əksi bildilər. Bir anda o azğın əsgərlərdən bir əsər qoymadılar. Balakənə qədər heç bir mənzildə düşüb istirahət etmədilər. (Ləzgilərin) möhkəm aman evi və ümidgahı olan Balakəni... dağıtdılar [21]. Onlara gözəl bir qulaqburması verdilər ki, Gürcüstandan bir daha əsir aparmağa cürət etməsinlər. Qedim və onlardan ötrü çox təhlükəli olan bu məmləkətə qədəm qoymasınlar.
Knyaz Sisianov Car torpağında qoşun qoydu, general-mayor knyaz Orbelianovu (Orbelianini) və general-mayor Qulyakovu sərkərdə təyin etdi. Onlara tapşırdı ki, əgər ləzgilər düşməncəsinə hərəkət edib azğınlıq göstərsələr, onlara qarşı lazımi ölçü götürsünlər. Onları Gürcüstan əhalisinə əziyyət verməyə qoymasınlar.
Özü qayıdıb gəldi və ertəsi il Gürcüstana daxil oldu. Gəncə xanı Cavad xana kağız yazdı və təklif etdi ki, Rusiya dövlətinə itaət etsin, uca olan dövlət məmurlarının hökmünə tabe olsun. Düşmənçilik etməsin və üsyan sahəsinə qədəm qoymayıb itaət etsin. Yoxsa şanlı bir səltənət və qədim bir dövlət
məmurlarının düşmənçilik bağçasından zərər çiçəyindən başqa bir gül dərə bilməz. Ziddiyyət toxumu da peşmançılıqdan başqa bir bar verməz.
Cavad xan mehribanlıq yolu ilə edilən bu nəsihətlərə əhəmiyyət vermədi və onun (Sisianovun) sözlərinə qulaq asmadı. Knyaz Sisianov dəryatək coşan qoşunlarla Gəncə tərəfinə hərəkət bayrağı qaldırdı. Tavad, Aznaur və Qazax-Şəmsəddinli süvarilərini yığıb cəm etdi. Səfərə hazır oldu. Zəfər nişanəli orduları Gəncə torpağına girib [22], ətrafı tutdu. (Bu zaman) Cavad xan öz adamlarını və qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində, Qulu-qobu (Quru-qobu) adlı yerdə iki ordu üz-üzə gəldi və hərb atəşi alovlandı. Cavad xan bir qədər hay-huydan sonra qaçdı. Yarımcan və pozğun bir halda qalaya daxil oldu və qalanı müdafiə etməyə başladı. Zəfər nişanəli qoşunlar şəhərə girib içəri qalanı (ərki) dörd bir tərəfdən, sıxı surətdə mühasirəyə aldılar. Bir ay orada qaldılar. Orucluq bayramının gecəsi nərdivanla bir neçə tərəfdən bayıra çıxmağa başladılar. Cavad xan bayıra çıxanları, igidlik və qoçaqlıqda dəf edirdi.
Axırda mayor Lisaneviçin bir gülləsilə həyat barısından yıxılıb, ölüm diyarına düşdü. Soldatlar dərhal dörd tərəfdən hücum edib şəhərə daxil oldular... [23]. Uca mərtəbəli və qüdrət sahibi sərdarın hökmündən sonra, şəhər əhalisinin köç-külfətini şəhərə, Cavad xanın ailəsini isə məscidə apardılar. Məsciddən də bir evə gətirib, üstündə qarovullar qoydular. Knyaz orada (Gəncədə) hökumət qurub komendant təyin etdi. Vilayətin əhalisinə təsəlli və arxayınlıq verib Gürcüstana qayıtdı.
Qeydlər
[redaktə]- ↑ Artıq 1800-cü ilin əvvəllərində Fətəli şah taxt-tacında möhkəmlənmiş və ona düşmən olan bir çox xanları asdırmışdı. B a x: Xoylu Cəfərqulu xanın general-leytenant Knorrinkə yazdığı məktub (AKAK, c. I, sənəd 961, səh. 675). B a x: Statski sovetnik Kovalenskinin Gürcüstan xatirələri (AKAK, c. I, sənəd 34, səh. 113)
- ↑ Davud mirzə - David Georgiyeviç, padşah XII Georginin birinci arvadından olmuş böyük oğludur. B a x: "Gürcü padşahı xanədam" (AKAK, c. I, sənəd 161, səh. 200).
- ↑ Rusiya imperatorları sarayı nəzərdə tutulur
- ↑ Rus ordusu polku general-mayor Lazarevin komandanlığı ilə 1799-cu il noyabrın 26-da Tiflisə daxil olmuşdur. Nazir Kovalenski həmin 1799-cu il noyabrın 8-də Tiflisə varid olmuşdur. B a x: Statski sovetnik Kovalenskinin general-leytenant Knorrinkə 1799-cu il 2 dekabrda yazdığı məktub. Tiflis (AKAK, c. I, h. II, sənəd 6, səh. 98).
- ↑ Çar soldatları ağır çəkmələr geydikləri üçün, ləzgilər onlara taxtaayaq demişlər
- ↑ General-mayor Lazarevin və şahzadə İoannın komandası altında olan rus və gürcü qoşunları ilə avarlı Ümmə xanın (Ömər xanım) və şahzadə Aleksandrın başçılığı altındakı Dağıstan qoşunları arasında vuraşma İora çayının kənarında, Kakabetu kəndinin yaxınlığında 1800-cü il noyabrın 7-də baş vermişdir. General Lazarevin verdiyi xəbərə görə, dağıstanlılar çoxlu tələfat vermiş və təkcə ölənlərin sayı 2 minə qədər olmuşdur. Ruslardan və gürcülərdən isə 13 nəfər ölmüşdür. B a x: General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 8 və 14 noyabr tarixli 67 və 68 nömrəli raportlar (AKAK, c. I, sənəd 109 və 111, səh. 168, 170-175).
- ↑ General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 4 dekabr tarixli raportunda deyilir: "Ümmə xanın Samux torpaqlarına getmiş qoşunlarının bəzi dəstələri qənimət ələ keçirmək üçün gəncəli Cavad xanın mülklərinə basqın etdilər. Xan isə bu basqından xəbər tutaraq onların qabağına qoşun göndərdi". (B a x: AKAK, c. I, sənəd 127, səh. 183).
- ↑ General-mayor Lazarev general-leytenant Knorrinke göndərdiyi 1800-ci il 21 dekabr tarixli raportunda belə yazır: "Gizlicə Cara göndərdiyim adam xəbər gətirdi ki, Ömər xan həqiqətən də oraya gəlmiş və qarlı dağları keçmək mümkün olmadığından, qışı Balakəndə qalmaq niyyətindədir; yanında qoşunu yoxdur, adamları dağılıb öz evlərinə getmişlər" (AKAK, c. I, sənəd 132, səh. 187). Müqayisə et: Cavad xanın general-mayor Lazarevə göndərdiyi məktub (AKAK, c. I, sənəd 812, səh. 606).
- ↑ Avarlı Ömər xan 1801-ci il martın 10-da Balakəndə ölmüşdür. B a x: General-mayor Lazarevin general-leytenant Knorrinke göndərdiyi 1801-ci il 16 mart tarixli 174 nömrəli raport (AKAK, c. I, sənəd 424, səh. 332).
- ↑ Fətəli şah avarlı Ümmə xan üzərində çalınmış qələbədən xəbərdar olan kimi, Gürcüstana qoşun dəstələri göndərmək niyyətindən vaz keçdi. B a x: General-leytenant Knorrinkin çara göndərdiyi 1801-ci il 8 fevral tarixli raport (AKAK, c. I, sənəd 969, səh. 683)
- ↑ Gürcüstan padşahı XII Georgi 1800-cü il dekabrın 28-də ölmüşdür. B a x: General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 28 dekabr tarixli 93 nömrəli raport (AKAK, c. I, sənəd 137, səh. 188).
- ↑ Mirzə Adıgözəl bəy bu xüsusda yanılır. Çünki şahzadə David Georgiyeviç rəsmi surətdə Gürcüstan padşahı və ya hakimi təyin edilməmişdi. B a x: Çarın general-leytenant Knorrinkin adına göndərdiyi 1801-ci il 20 yanvar tarixli fərmanı (AKAK, c I, sənəd 520, səh. 413). B a x: General-leytenant Knorrinkin cara göndərdiyi 1801-ci il 1 fevral tarixli raport (AKAK, c. I, sənəd 407, səh. 319-323). Müqayisə et: şahzadə Davidin katolikos Antoniyə göndərdiyi 1801-ci il 7 fevral tarixli məktub. Burada Şahzadə David özünü Gürcüstanın hakimi adlandırır (AKAK, c. I, sənəd 408, səh. 323)
- ↑ Həməl bürcü mart ayına mütabiqdir.
- ↑ M ə ş ş a t e – gəlinə bəzək verən xüsusi qadınlara deyilir.
- ↑ General-leytenant Knorrink Qafqaz Liniyasından Tiflisə 1801-ci ilin may ayında gəlmişdir. B a x: General-mayor Lazarev tərəfindən general-leytenant Knorrinke verilən müxtəlif suallar və onun cavabları (AKAK, c. I, sənəd 537, səh.420)
- ↑ 1801-ci ilin iyun ayında gürcü hökuməti yaranmışdı ki, bunun da heyətinə dörd divanbəyi daxil idi. Bu hökumət Gürcüstanda mədaxil və məxaric, eləcə də mülki işlərlə məşğul olmalı idi. B a x: Gürcü divanbəyləri knyaz Zaal Baratova, knyaz İoan Çolakayevə və knyaz İqnati Tumanova göndərilmiş 1801-ci il 6 iyun tarixli, 308 nömrəli məktub (AKAK, c. I, sənəd 542, səh. 425)
- ↑ Knyaz Sisianov Gürcüstanı idarə etməyə 1803-cü ilin fevral ayından başlamışdır (AKAK, c. II, sənəd 1, səh. 4)
- ↑ Şahzadə Vaxtanq İrakliyeviç və şahzadə David Georgiyeviç 1803-cü ilin fevral ayında Peterburqa göndərilmişdilər. B a x: Knyaz Sisianovun general-mayor Qulyakova yazdığı 1803-cü il 19 fevral tarixli, 137 nömrəli əmr (AKAK, c. II, sənəd 112, səh. 69)
- ↑ General-mayor Lazarev 1803-cü il aprelin 21-də çariça Dariya Georgiyevna tərəfindən öldürülmüşdür. B a x: Gürcüstan haqqında qeydlər (AKAK, c. III, sənəd 1, səh. 5).
- ↑ Çariça Dariya Georgiyevna 1803-cü il oktyabrın 25-də Rusiyaya yola düşdü. B a x: Knyaz Sisianovun çara yazdığı 1803-cü il 27 oktyabr tarixli, 98 nömrəli raport (AKAK, c. II, sənəd 167, səh.102-103)
- ↑ Rusiya qoşunlarının Car vilayətinə yürüşü, knyaz Sisianovun əmri ilə 1803-cü ilin aprel ayında general-mayor Qulyakovun komandanlığı altında olmuşdur. B a x: Knyaz Sisianovun çara yazdığı 1803-cü il 17 aprel tarixli, 42 nömrəli raport (AKAK, c. II, sənəd 1387, səh. 685 və ardı). Həmin raporta Car vilayətinin Rusiya tabeliyinə daxil olması şərtləri əlavə edilmişdir.
- ↑ Knyaz Sisianovun Cavad xana yazdığı 1803-cü il 29 noyabr tarixli məktub (AKAK, c. II, sənəd 1172, səh. 588); həmçinin müqayisə et: Knyaz Sisianovun Cavad xana göndərdiyi 1803-cü il, 9, 11, 26, 28 və 29 dekabr tarixli məktublar (AKAK, c. II, sənədlər 1175, 1179, səh. 590-591)
- ↑ Gəncə qalası 1804-cü il yanvarın 3-də dan yeri ağaran zaman hücumla alınmışdır. B a x: Knyaz Sisianovun Qafqaz mülki qubernatoru Kasparova yazdığı 1804-cü il 8 yanvar tarixli, 5 nömrəli məktub (AKAK, c. II, sənəd 1182, səh. 592).