Qarabağnamə/Səkkizinci fəsil

Vikimənbə saytından
Yeddinci fəsil Qarabağnamə fəsil
Müəllif: Mirzə Adıgözəl bəy
Doqquzuncu fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh.
AĞA MƏHƏMMƏD ŞAHIN TƏKRAR QARABAĞ

ÜSTÜNƏ YERİYİB ONU ALMASI, MƏRHUM
İBRAHİM XANIN BALAKƏNƏ GETMƏSİ
VƏ AĞA MƏHƏMMƏD ŞAHIN BAŞINA

GƏLƏN SON HADİSƏ HAQQINDADIR

Ağa Məhəmməd şah, sərdarın qayıtması xəbərini eşidincə, yenə Qarabağ vilayətini almaq fikrinə düşdü. Bahar çağı [1] yağış qətrələri və ağac yarpaqlarının sayından artıq qoşunla Azərbaycan tərəfinə bayraq qaldırdı. Qarabağ vilayətində yerin-göyün bəla və müsibəti nəticəsində üç il taxıl bitmədi. Dənəli bitkilər gözəllərin müşk iyli xallarından da əziz tutulurdu.

Qızılbaş qoşunu Ağa Məhəmməd şahla bərabər Araz kənarına gəldi. Buna görə, Şuşa qalasında dayanıb, əldə olan qüvvə ilə qan-içən bir düşmənlə vuruşmaq mümkün deyildi. Uca mərtəbəli xan, əhli-əyal, övlad və nəvələrini, canlarından keçən bəylərin əhli-əyalını götürüb Car və Talaya hərəkət etdi. Mərhum İbrahim xanın kürəkəni Nəsir xan, Şahsevən Əta xan, mərhum xanın kürəkəni şəkili Səlim xan və Qarabağın sair məşhur bəyləri də behiştlik İbrahim xanla bir yerdə səfər etdilər.

Ağa Məhəmməd şah Araz kənarında bu xəbəri eşitdi, onların ardınca qoşun göndərdi ki, bəlkə gedib behiştlik xanı yaxın adamları və qəbiləsilə tutsun. Ağa Məhəmməd şahın əsgərləri Tərtər çayı körpüsü ətrafında onların köçünə rast gəldilər. Müharibəyə girişə-rək zərərdən başqa bir şey əldə etmədilər. Mərhum İbrahim xan başında olan adamları ilə Kür çayından keçdi, sağ-salamat Car və Balakənə gəldi. Yolda ləzgilərdən bəzisi Ağa Məhəmməd şahın hökm və fərmanına görə, İbrahim xanın qabağını kəsərək, onu tutub Ağa Məhəmməd şahın yanına aparmaq istədilər. Az qalmışdı ki, hər iki tərəf müharibəyə girişsin. Mərhum xanın arvadı və Avar hakimi Ümmə xanın bacısı olan Bikə ağa onlara nəsihət edib, vuruşmalarına mane oldu. Bu əsnada qarabağlı Məhəmmədrəfi bəy, Ağa Məhəmməd şahın başını gətirdi. Onun öldürülməsi xəbərini Balakəndə uca şanlı behiştlik xana yetirdi. Bu hadisənin təfsilatı belədir:

Ağa Məhəmməd şahın Şuşa şəhərinə daxil olmasından bir həftə keçmişdi. Bir gecə yaxın adamlarından və nədimlərindən Səfərəli bəy və Abbas bəyə (gördükləri) əhəmiyyətsiz bir xətadan ötrü dedi: "Səhərçağı, fələkin qüdrətli padşahı - işıqlı günəş, cəsədsiz başını məşriqdən çıxardar. Fələkin mina rəngli ətəyini (üfüqü) gül təki qızardar. Mən də sizin başınızı - baxanlara ibrət olmaq üçün - alçaq olan vücudunuzdan bir cida boyu ayırram. Gül rəngli qanınızla Qarabağ gülzarını laləzara çevirrəm".

Onlar yəqin bilirdilər ki, Ağa Məhəmməd şah sözünü dəyişməz. Vasitəçilərin isti nəfəsi onun dəmir kimi olan soyuq ürəyinə təsir etməz. Çarəsiz qalıb haman gecə onun işini bitirmək fikrinə düşdülər. Səhərə yaxın Ağa Məhəmməd şah yuxunun bihuş edən piyaləsindən xumarlanmaqda idi. Onlar hərəmsaraya daxil oldular. Qan saçan xəncərlə onun cəsədini Davudun zirehitək deşik-deşik etdilər. Şahın qaş-daşla bəzədilmiş bazubənd, tac və həmailini götürüb özlərini Şəqaqi Sadıq xanın yanına yetirdilər. Əhvalatı olduğu kimi ona bildirdilər. Sadıq xan onların sözlərinə inanmadı və dediklərinə etimad etmədi; çünki o, öz barəsində şahdan xatircəm olmayıb həmişə qorxuda idi. Buna görə, onların sözlərini Ağa Məhəmməd şahın hiyləsi hesab etdi. Axırda qəliz andlar içib Sadıq xanı inandırdılar. Onu min qorxu və vahimə ilə İbrahim xanın oğlu mərhum Məhəmmədhəsən ağanın imarətində olan Ağa Məhəmməd şahın mənzilinə gətirdilər. Əvvəlcə Səfərəli bəy otağa girdi. Yorğanın ucunu şahın üstündən qaldırdı. Yenə od yağdıran xəncərilə onun sinəsindən qan çayları axıtdı. Sadıq xan bu halı görcək, tab və taqətdən düşdü. Dərhal bazubənd, tac və həmaili götürüb öz mənzilinə gəldi. Şəqaqi qoşunlarını yığıb Qaladan köçdükdə dedi:
"Şah məni İbrahim xanın ardınca göndərir". Şahın qatillərindən Abbas bəyi özü ilə bərabər apardı. Səfərəli bəy isə Qalada qaldı. Sadıq xan qaladan çıxandan iki saat sonra, şahın öldürülməsi xəbəri şəhərə yayıldı.

Qızılbaş xanları bu hadisədən qorxuya düşüb özlərini itirdilər. Hər biri öz adamları ilə dəstə-dəstə qaçıb dağıldılar. Şəhər əhalisi tam bir izdiham və ümumi bir hücumla şahın yaşadığı imarətə daxil oldu. Qızılbaş qoşunundan əsir düşənləri soyundurdular... Bu zaman, mərhum İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy imarətə daxil oldu. Şahlıq xəzinəsinə aid şeylərin yerdə qalanlarını zəbt etdi. Qızıl-gümüş qabları, alətləri və qiymətli cavahiratı mərhum Məhəmmədhəsən ağanın imarətindən öz sarayına göndərdi. Səltənət və riyasət işilə məşğul oldu. Ağa Məhəmməd şahın başını da Məhəmmədrəfi bəylə Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi. Bir neçə gündən sonra öz igid oğlu və vəliəhdi cənab Mehdiqulu ağanı Qarabağa göndərdi ki, əhalisini sakit edib şəhərdə asayiş bərpa etsin. Onun ardınca ən böyük oğlu Məhəmmədhəsən ağanı da Qarabağ tərəfinə göndərdi...

Bir neçə müddətdən sonra, behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə olduğu kimi, yenə hökumət taxtında oturdu...

Qeydlər[redaktə]

  1. 1 1797-ci il. B a x: Н.Дубровин. "История войн и владычества русских на Кавказе", с. Ill, SPb, 1886, səh. 209