Məzmuna keç

Qarabağnamə/On birinci fəsil

Vikimənbə saytından
Onuncu fəsil Qarabağnamə fəsil
Müəllif: Mirzə Adıgözəl bəy
On ikinci fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh.
SƏRDARIN MƏRHUM İBRAHİM XAN VƏ SƏLİM

XANLA SÜLH ETMƏSİ VƏ ƏMƏLƏ GƏLƏN

BƏZİ HADİSƏLƏR HAQQINDADIR

Knyaz Sisianov Gəncəyə daxil oldu və şəhərin ətrafında zəfər nişanəli çadırlarını qurdu. Qarabağ hakimi İbrahim xanın və onun damadı Səlim xanın yanına vəkillər göndərdi və onlara məktub yazdı. Səlim xan İbrahim xanın tərəfindən Şəki vilayətinə xan təyin edilmişdi. Onun köməyilə mərkəzi hökumətə arxalanırdı. Knyaz Sisianov bu vasitə ilə onlara uca Rusiya dövlətinə itaət etməyi təklif etdi. İşarə etdi ki, öz hökumətlərinin binasını Cəmşid mərtəbəli padşaha itaət etməklə möhkəmləndirsinlər. Adları çəkilən xanların xahişlərini qəbul zinətilə bəzədi. (Sonra) İbrahim xan Qarabağdan, Səlim xan Şəkidən və knyaz Sisianov Gəncədən gəlib Kürəkçay (kənarında) görüşdülər [1]. Aralarında bir çox danışıqlar oldu, şərtlər qoyuldu və müahidələr bağlandı: hər iki tərəf əhd və peymanla sülhün binasını möhkəmləndirdilər. [2]. Sonra traktatlar (müqavilənamələr) bağlandı. Ondan sonra, uca mərtəbəli sərdar, mayor Lisaneviçi 500 soldatla Qarabağa, bir o qədərini də Şəkiyə göndərdi [3]. Özü isə Tiflisə qayıtdı. Gürcüstan və Başaçıq işlərini nizam və intizama salmaqla məşğul oldu. Onun əsas fikri bu idi ki, iki dəniz arasındakı sahə əldə edilsin və hər iki dənizdən xalqın gəliş-gedişi təmin edilsin. Buna görə, Minqrel torpağında Qara dəniz kənarında İdət-Quli qalasını bina etdi.

Sonra onun əsas fikri bu oldu ki, Bakını da alsın. Bu şəhər sahəsini qalib bayraqların malıçəsi (ayparası) ilə işıqlandırsın. Bu məqsədlə Darüssürura (Tiflisə) qayıtdı. Dəniz kimi coşan qoşun və dəmir geyimli alaylarla Bakını almağa hərəkət etdi. Mərhum İbrahim xandan kömək istədi. Behiştlik (İbrahim) xan da öz böyük oğlu səadətli Mehdiqulu ağanı köməyə göndərdi.

Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanəli rus qoşunlarının yolu üstündə idi. Buna baxmayaraq o, bu böyük dövlətin itaətini qəbul etməkdən boyun qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm durdu. Cənab sərdar onu [4] cəzalandırmağı və qəflət yuxusundan oyatmağı vacib bildi. Buna görə o, Şirvan tərəfinə yola düşdü. Mustafa xan bu kədərli hadisəni eşidincə, qorxuya düşdü. O öz elat və təbəələrini yığıb möhkəm bir sığınaq və məskən olan Fit dağına [5] çəkildi və orada səngər qurub əyləşdi. Cənab sərdar gəlib çatdıqdan sonra aralarında barışıq oldu və traktatlar (müqavilələr) bağlandı [6]. Sərdar dəfələrlə bir atlı götürüb, Mustafa xanın yanına gedirdi. Mustafa xan xeyirxahlıq üzündən cənab sərdara dedi: "Bu cür gəzməkdən sizə və xoşbəxt vücudunuza ziyan toxunar". Sərdar ona belə cavab verdi: "Cəmşid mərtəbəli, əzəmətli və calallı olan dünya padşahının mənim kimi milyonlarca soldatı vardır. Əgər mən yox olsam, onun bir soldatı əskik olar. Mənim kimi bir rütbə sahibi ölsün, ya bir soldat, heç bir təfavütü yoxdur".

Sonra oradan köçdülər, Bakını həm dənizdən və həm də qurudan mühasirə etdilər [7]. Bir müddət keçdikdən sonra Badkubə (Bakı) xanı Hüseynqulu xan, cürbəcür vasitə və bəhanələrlə sülh və saziş binasını qoydu. Sərdar da onun üstüörtülü sözlərinə inandı. (Hüseynqulu xan) qaladan çıxdı, çadırlar qurdurub oturdu. Sonra sərdar həzrətlərinə belə bir xəbər göndərdi: "Sizə söyləməyə bir para vacibli və gizli sözlərim vardır. Onları şifahən sizə danışmalıyam. Buna görə məsləhətdir ki, mənim çadırıma təşrif gətirəsiniz".

Saf və təmiz qəlbli cənab Sərdar bu işdə bir qərəz olduğunu ürəyinə gətirmədi. Hüseynqulu xanın çadırına gəldi. Orada oturub danışır və məsləhətləşirdilər. Danışıq və müşavirə əsnasında, Hüseynqulu xanın qohumlarından İbrahim bəy adlı bir şəxs namərdlik edib, güllə ilə sərdarı yaraladı. Sərdar haman saat vəfat etdi.

Şeir

Dünya gözəllik etibarilə bir behişt olardı.

Əgər onda qocalıq və ölüm olmasaydı.

(Hüseynqulu xan) bu hərəkəti qızılbaş dövlətinə qarşı uca bir xidmət və gözəl bir sədaqət hesab etdi. O, mənzil kəsən və yel kimi iti gedən çaparlar vasitəsilə Qızılbaş dövlətini bu hadisədən xəbərdar etdi. Qızılbaş dövləti tərəfindən də həddən artıq təchiz edilmiş və ulduzlar qədər çoxlu qoşun göndərildi. Onlar gəlib Bakı səhrasına doldular. Xas və avam camaatın yığışmasından, əsgərlərin və qoşunların toplanmasından, yel və külək kimi iti gedən dördayaqlıların hərəkətindən dağ və səhralar məhşərdən bir nümunə olmuşdu.

Rusiya əsgərləri bu hadisədən xəbərdar oldular. Quru yol ilə qayıtmaqdan çəkindilər. Gəmilərə oturub Hacı Tərxana getdilər.

Bu vilayətlərdə İran qanunları tətbiq edildi və (ölkə) onların əsassız nizamlarına tabe oldu. Nəticədə az qalmışdı ki, bu vilayətlərə qarışıqlıq düşsün.

Starşiy komandir (baş komandir) vəzifəsilə Pənbəkdə sakin olan cənab generalmayor Svidaev (Nesvetayev) [8], müvəqqəti olaraq sərdarlıq yerini dolandırırdı. O, xas və avam camaatın ürəyini ələ gətirməyə və onları sakit etməyə çalışırdı.

Yeddi-səkkiz ay keçdikdən sonra, cənab general-feldmarşal qraf Qudoviç, sərdarlıq mənsəbilə Qafqaza gəldi. Darüssürura (Tiflisə) daxil olub, öz vəzifəsinə başladı [9].

Bir çox illər və aylar keçdikdən sonra, Rum (Türkiyə) sultanı ilə düşmənçilik yolu açıldı. Qraf feldmarşal (Qudoviç) külli tədarük və əndazəsiz hazırlıqlar gördü. Mühasiblərin fikir və zəkası onu sayıb hesablamaqdan aciz idi. General Nesvetayevi zəfər nişanəli və ulduzlar qədər saysız-hesabsız xoşbəxt qoşunla Gömrüdə qoydu. Özü isə düşmən əzən döyüşkən dəstələr, yağıya od vuran əsgəri hissələrlə, böyük bir cah-calal, şövkət və iqbal ilə Axalkalak tərəfinə sel kimi getdi. O zaman Xümşizadə Səlim paşa Axısxada hakim və hökumət işlərini idarə edib, nizama salmaqda idi. O bu qorxulu xəbərləri və qeyrətli hadisələri eşitdi. O saat boş xəyalat və puç fikirləri nəticəsində ruhdan düşdü (özünü itirdi). Axalkalakm mühafizəsi və rusları dəf etmək üçün qoşun təyin edib göndərdi. O bilmədi ki, axan selə kol-kos mane ola bilməz. İnsan və cinnin tədbir qalxanı meteor daşını dəf edə bilməz. Qraf Qudoviç cənabları, döyüş meydanının igidlərilə (öz əsgərləri ilə) heç bir mənzildə düşmədi. Gecə və gündüzünü yəhər üzərində keçirdi.

Axalkalak sahəsini zəfər nişanəli orduların seyrəngahı etdi. Qaniçən döyüşçülərin qalibiyyət çadırlarını orada qurdu. Axalkalakı üzük qaşı kimi dörd bir tərəfdən mühasirəyə aldı [10]. Səkkiz gün bu qayda ilə durdu. Sonra, nərdivanlar düzəltdirib dörd tərəfdən şəhərə yürüş etdilər. Orada yaşayan əhalinin ürəyinə qorxu saldılar. Sübhün açılmasına iki saat qalmış (müharibəyə girişdilər). Sübhün açılmasından üç saat keçmişdi, parlaq qılıncların məşşatəsi adlı-sanlı pəhləvanların qanı ilə, döyüşçülərin üzünü gültək qızartmaqda idi. (Axırda) qraf gördü ki, zəfər qalasını fəth etmək mümkün olmur. Məqsədinə çatmadan geri qayıtdı. O gecəni durub səhər Gürcüstan tərəfinə getdi. Tiflisə yetişdiyi zaman eşitdi ki, Yusif paşa sərəskər olub, müharibə məqsədilə Qarsa gəlmişdir. Qraf hazırlıq görüb Gömrüyə hərəkət etdi [11].

Arpa çayında iki ordu bir-birinə rast gəldi. Hər ordu çayın bir tərəfində düşdü. Bir müddət keçdikdən sonra müharibə başlandı. İkindiyə yaxın osmanlı qoşunu (məğlub oldu). Ruslar osmanlılardan böyük qənimət və çoxlu toplar aldılar [12]. Sərdar böyük bir dəbdəbə ilə istədiyi kimi Tiflisə yola düşdü.

Qışda çoxlu tədarük və hazırlıq görüb zəfər nişanəli bayraqları qaldıraraq İrəvan tərəfinə hərəkət etdi [13]. General Nebolsini Qarabağ tərəfindən çoxlu zəfər nişanəli qoşun dəstələrilə Naxçıvan vilayətini almağa göndərdi. Naxçıvan alındı [14]. İrəvan sıx bir mühasirə altında qaldı. Uzun bir müddət keçdikdən sonra yürüşə başladılar. Dövranın saqisi çox adamların həyat piyaləsini daşdırdı. Əcəl küləyi hədsiz-hesabsız insanların gözünə bu işıq dünyanı qaranlıq etdi.

Axırda öz himmət əlini qalibiyyət gözəlinin ətəyinə çatdıra bilmədi. Məqsədinə çatmadan [15] qayıtmaq təblini çaldırdı və gedib Darüssürura (Tiflisə) daxil oldu.

Bundan sonra, general ot infanteri (piyada qoşun generalı) Tormasov, əbədi dövlətin baş məmurları tərəfindən sərdarlıq vəzifəsinə təyin edildi və o, uca mənsəbin piyaləsindən sərxoş oldu. Qrafı Rusiyaya çağırdılar [16]. General Tormasov sülhü hərbdən əlverişli görüb, Osmanlı dövlətilə barışdı.

General Tormasov qızılbaşlarla davanın arasını kəsməz və döyüş məclisini sovutmazdı. Bəsirət gözünü yumub İran tərəfindən rahatlıq yuxusuna getməzdi. Buna baxmayaraq, qızılbaşlar uca Rusiya dövləti əmirlərini yatırtdılar. Məhəmmədəli Mirzəni gizlincə sərhəddən keçirtdilər. O, Gürcüstana gəlib Borçalını çalıb-çapdı. Hədsiz zərərlər vurdu və bir çox əsir apardı [17]. Ertəsi il irəvanlı Sərdar Hüseyn xanı vali ilə birlikdə Gürcüstan tərəfinə göndərdilər ki, gedib Axısxadan Gürcüstana iğtişaş və şuluqluq salsınlar. Sərdar Tormasov əhvalatdan xəbərdar oldu. Şəmkirdən keçdi və tələsik (gəlib), Sədra körpüsünün yanında düşdü. General-leytenant Pauluççiyə və general Lisaneviçə qoşun verib Axısxaya Hüseyn xanın qabağına göndərdi. Sanki bu zaman dünya abbasilər kimi, qara libas geyib [18], ölən qızılbaş əsgərlərinə matəm saxlamaqda idi.

Göndərilən zəfər nişanəli əsgərlər, gecə yarısı qəflətən qızılbaş qoşununa şəxbun vurdular. Qətl və qarət edib çox adam qırdılar. Qızılbaş əsgərləri özlərini itirdilər. Onlardan bəzisi çox çətinliklə öz canını ölüm və fəlakət girdabından qurtardı. Atlı və piyada olaraq başlarını görürüb qaçdılar. [19]. Yolda osmanlı əsgərləri onların çoxunu tutub soydular, lüt və çılpaq etdilər. Qılıncdan canlarını qurtaranlar çox çətinlik, zillət və məşəqqətlə İrəvan hüduduna çatdılar. Sərdar Hüseyn xan, qızılbaş dövlətindən utanıb qorxduğundan, Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu arxayın edib öz yerinə apardılar.

Ertəsi il Tormasov Rusiyaya getdi. Dövlət başçıları markiz Pauliççini sərdar təyin etdilər. (O), Tiflisə gəldi [20]. Oradan Bakı səfərinə yola düşüb Gəncə vilayətinə daxil oldu. Cavad xanın dustaq olan əhli-əyal və oğul-uşağını [21] bir neçə qızılbaş xanları ilə birlikdə həbsdən azad etdi. Oradan Bakı tərəfinə getdi [22].

Buzaman Kaxet və Qısıq (əhalisi) bunt (üsyan) etdilər, azğınlıq və üsyan yolunu tutub getdilər [23]. Mərhum İbrahim xanın nəvəsi polkovnik Cəfərqulu ağa Qarabağdan qaçıb, qızılbaş dövlətinə (İrana) getdi. Naibüssəltənə (Abbas Mirzə) də Qarabağa gəlib Qırçıda olan batalyonu dağıtdı [24]. Markiz bu dəhşətli xəbəri eşidincə Bakı səfərindən əl çəkib, Şirvana - Mustafa xanın yanına gəldi. Oradan Qarabağa hərəkət etdi. Şəhərə daxil olunca, Qırçı hadisəsindən ötrü bir para adamlara acıqlanıb bərk məzəmmət etdi. Haman gecə arvadından kağız aldı ki, Kaxet və Qısıq gürcüləri bunt (üsyan) etmişlər. (Məktubda deyilirdi ki,) kağızı alan kimi, bu tərəfə hərəkət edin və xalqın ürəyini ələ alıb yumşaldın. Sərdar durmadan Darüssürura (Tiflisə) tərəf yola düşdü [25]. Yolda sərdar Qazax əhalisindən qorxuya düşüb ehtiyat edirdi. (Onlar) isə sərdarı istiqbal edərək hörmət və ixlas, son dərəcə canfəşanlıq və səmimiyyətlə Tiflisə ötürdülər. Qazax əhalisi neçə dəfə gürcülərə hücum edib onları çalıb-çapdılar. Doğrusu budur ki, o zaman Qazax əhalisi sərdara çox xidmət, sədaqət və hədsiz ixlas göstərmişdilər. Tiflisdən üsyançıları cəzalandırmaq üçün zəfəraişan əsgərlər göndərildi. Üsyançıların bəzisi müqavimət göstərdi, bəzisi isə öz xahişləri ilə tabe oldular [26]

Bu zaman fransızların Rusiyaya gəlməsi xəbəri dillərdə və ağızlarda söylənib məşhur oldu. Markiz Pauluççini sərdarlıqdan götürüb, Rusiyaya geri çağırdılar. Yerinə general Rtişşev sərdar təyin edildi [27]. O, Gürcüstana gəldikdən sonra, məsihi (miladi) 1814-cü ildə Qızılbaş dövlətilə sazişə girib dostluq binasını qoydu. Sülhdən ötrü İran tərəfindən Mirzə Əbülhəsən xan Peterburqa gəldi. Böyük bir calal və təntənə ilə sülh haqqında danışığa başladılar [28]. Bu sülh "Gülüstan sülhü" adı ilə məşhurdur [29]. Bu günə qədər xalq arasında xas və avam camaatın dilində söylənməkdədir.

Bundan sonra, əmin-amanlıq oldu və fitnə ilə dolu olan dünya asayiş tapdı. Bir müddətdən sonra, general Rtişşevi işdən götürüb general Yermolovu sərdar təyinetdilər [30]. O böyük general vilayətlərin işlərinə baxıb vəziyyətin tələbinə görə, bəzi yerlərdə təzə qanunlar qoydu. Bu dövrdə Qarabağ və Şirvan xanları qızılbaş tərəfinə (İrana)
qaçdılar [31].

Şəki xanı İsmayıl xan da vəfat etdi [32] . (Beləliklə) üç xanlıq ədalət və əzəmət nişanəli dövlət və səltənətin idarəsi altına keçdi. Cənab Yermolov bu yerlərdə divanxanalar açdı, divanbəyilər seçdi [33] və komendantlar təyin etdi. İşləri özü qoyduğu qanun üzrə apardı.

Qeydlər

[redaktə]
  1. Knyaz Sisianovun qarabağlı İbrahim xanla görüşü Kürəkçay kənarında vaqe olmuşdur. B a x: Knyaz Sisianovun knyaz Çartoriyskiyə yazdığı 1805-ci il 9 may tarixli, 298 nömrəli məktub (AKAK, c. II, sənəd 1435, səh. 702). Müqayisə et: Knyaz Sisianovun general-mayor Portnyakinə göndərdiyi 1805-ci il 23 may tarixli 605 nömrəli əmr (AKAK, c. II, sənəd 1438, səh. 707).
  2. Qarabağlı İbrahim xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci il mayın 14-də bağlandı. B a x: Knyaz Sisianovun knyaz Çartoriyskiyə göndərdiyi 1805-ci il 22 may tarixli 328 nömrəli təliqə (AKAK, c. II, sənəd 1437, səh. 705). Yuxarıdakı traktatın lahiyəsinin mətni (AKAK, sənəd 1436, səh. 705).
  3. Şəkili Səlim xanın Rusiya təbəəliyinə daxil olması haqqında traktat Kürəkçay kənarındakı düşərgədə 1805-ci il mayın 28-də bağlandı.
  4. Knyaz Sisianovun Mustafa xana 1805-ci il 12, 14, 15 və 24 dekabr tarixli məktubları (AKAK, c. II, sənədlər 1359, 1360, 1362, 1364, səh. 671-673).
  5. Fit dağı Lahıc kəndinin yaxınlığındadır. Mustafa xanın Fit dağında olması haqqında knyaz Sisianovun Mustafa xana
    yazdığı 1805-ci il 15 dekabr tarixli 933 nömrəli məktubuna bax (AKAK, c. II, sənəd 1362, səh. 673).
  6. Şirvanlı Mustafa xanın Rusiya təbəəliyinə daxil olması haqqında traktat 1805-ci il dekabrın 25-də bağlanmışdır. B a x: Knyaz Sisianovun çara yazdığı 1805-ci il 27 dekabr tarixli, 51 nömrəli raport (AKAK c. II, sənəd 1366, səh. 674)
  7. B a x: Knyaz Sisianovun general-mayor Zavalişinə göndərdiyi 1806-ct il 31 yanvar tarixli 63 nömrəli əmr (AKAK, c. II, sənəd 1521, səh. 745).
  8. Nesvetayev Pyotr Daniloviç, general-mayor. B a x: Knyaz Sisianovun general-mayor Nesvetayevə yazdığı 1805-ci il 25 avqust tarixli 1066 nömrəli əmr (AKAK, c. II, sənəd 1165, səh. 585).
  9. 1806-cı ilin iyun ayında general-feldmarşal İ.V.Qudoviç knyaz Sisianovun əvəzində Qafqaz işləri ilə məşğul olurdu. B a x : AKAK, c. III.
  10. Rusiya qoşunları Axalkalak qalasını 1807-ci ilin may ayında mühasirəyə aldılar.B a x: Qraf Qudoviçin general-mayor Rıkqofa Axalkalakidən yazdığı 1807-ci il 10 may tarixli 36 nömrəli əmr (AKAK, c. III, sənəd 942, səh. 542). Axalkalak qalasının mühasirə edilməsi haqqında türk mənbələrinin verdiyi məlumatla tanış olmaq üçün b a x: Anadoluda Türkiyə ordusunun baş komandanı Yusif Ziya paşanın Yuxan Şoragildə olan rus generalı Nesvetayevə göndərdiyi hicri 1222 (1807)-ci il 15 rebiülevvəl tarixli elan (AKAK, c. III, sənəd 922, səh. 531).
  11. General Qudoviçin Gömrüyə tərəf hərəkət etməsi haqqında bax: Qraf Qudoviçin Lori çayı yanındakı düşərgədən general-mayor Nesvetayevə göndərdiyi 1807-ci il 3 iyun tarixli 158 nömrəli əmr (AKAK, c. III, sənəd 947, səh. 545).
  12. Sərəskər Yusif paşanın komandası altında olan türk ordusu 1807-ci il iyunun 18-də Arpa çayında məğlub edilmişdir. Rusiya qoşunları bu döyüşdə qənimət olaraq 10 top və 2 mortir ələ keçirdilər. B a x: Qraf Qudoviçin Arpa çayı düşərgəsindən çara göndərdiyi 1807-ci il 20 iyun tarixli 11 nömrəli raport (AKAK, c. III, sənəd 957, səh. 548).
  13. Rusiya qoşunları 1808-ci ilin oktyabr ayında qraf Qudoviçin komandanlığı ilə İrəvanı mühasirəyə almışdılar. B a x: Qraf Qudoviçin general-mayor Nebolsinə yazdığı 1808-ci il 18 oktyabr tarixli 149 nömrəli əmr(AKAK, c. III, sənəd 875, səh. 496).
  14. Naxçıvanın Rusiya qoşunları tərəfindən alınması haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı 1809-cu il 5 yanvar tarixli 1 nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 507, 508).
  15. İrəvan qalasının iki aylıq mühasirəsi, qala üzərinə edilən müvəffəqiyyətsiz hücum (17 noyabr 1808-ci il) və Rusiya qoşunlarının geri çəkilməsi haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı 1809-cu il 5 yanvar tarixli 1 nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 509-510).
  16. Qraf İ.V.Qudoviç Gürcüstandakı qoşunlara 1809-cu il martın 5-dək komandanlıq etmişdir, lakin o, aprelin axırlarına qədər Qafqaz işlərinə baxırdı (AKAK, c. III, səh. 111). B a x: General-leytenant Repinin Bakıdan qraf Qudoviçə yazdığı 1809-cu il 27 aprel tarixli 460 nömrəli raport (AKAK, c. III, sənəd 904, səh. 516).
  17. Fətəli şahın böyük oğlu Məhəmmədəli Mirzənin Borçalı nahiyəsinə girməsi haqqında bax: General Tormasovun Maşaveri çayı altındakı düşərgədən qraf Rumyantsova yazdığı 1809-cu il 10 sentyabr tarixli 88 nömrəli təliqə (AKAK, c. IV, sənəd 1075, səh. 695). Yenə də b ax: General Tormasovun general-mayor Portnyakinə yazdığı 1809-cu il 16 sentyabr tarixli, 390 nömrəli əmr (AKAK, c. IV, sənəd 1076, səh. 697).
  18. Abbasilər qara paltar geyirdilər
  19. İran-Türkiyə qoşunlarının düşərgəsi, 1810-cu il 5 sentyabr gecəsi darmadağın edildi. Bu zaman irəvanlı Hüseynqulu xan və şahzadə Aleksandr bu düşərgədə idilər. Rusiya qoşunlarına general-mayor Pauluççi və polkovnik Lisaneviç komandanlıq edirdilər. B a x: General Tormasovun çara göndərdiyi 1810-cu il 19 sentyabr tarixli, 185 nömrəli raport (AKAK, c. IV, sənəd 1242, səh. 819).
  20. Gürcüstanda olan hərbi korpusun komandanlığı və mülki işlərin rəhbərliyi 1811-ci il iyulun 6-da general-leytenant markiz Pauluççiyə tapşırılmışdı. B a x: Çarın markiz Pauluççi adına göndərdiyi 1811-ci il 6 iyul tarixli fərman (AKAK, c. V, sənəd 1, səh. 1). Markiz Pauluççi Zaqafqaziyanı idarə etməyə, ehtimal ki, 1811-ci ilin sentyabr ayından başlamışdır (AKAK, c. V, sənəd 2, səh. 1).
  21. Mərhum Cavad xanın arvadlarına, qızlarına və nəvələrinə İrana getməyə icazə verilmişdi. B a x: Markiz Pauluççinin
    Yelizavetpoldan Abbas Mirzəyə yazdığı 1812-ci il 20 fevral tarixli 161 nömrəli məktub (AKAK, c. V, sənəd 167, səh. 119). Həmçinin bax: Markiz Pauluççinin qraf Rumyantsova göndərdiyi 1812-ci il 7 aprel tarixli, 103 nömrəli təliqə (AKAK, c. V, sənəd 169, səh. 119).
  22. Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur. B a x: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport (AKAK, c. V, sənəd 88, səh. 59).
  23. 1812-ci il fevral ayının əvvəllərində Kaxetiyada başlanmış üsyanın başlıca səbəbi (bax: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97, səh. 68 və ardı). Rusiya komandanlığının camaatdan vergi şəklində topladığı taxıl zamanı tətbiq etdiyi cəzalar idi. 1811-ci ildə baş vermiş qıtlıq aclığa və epidemiyaya səbəb oldu. Kəndlilərin vergini taxılla verməyə imkanı yox idi. B a x: "Kaxetiya üsyançılarının Telav komandanı və qəza polis rəisinə yazdıqları məktublar" və "Kaxetiya camaat məclisinin markiz Pauluççiyə göndərdiyi məlumat" (AKAK, c. V, səh. 81-82).
  24. Qarabağ xanlığı varisi Cəfərqulu xanın İrana qaçması və Troitski polku batalyonunun İran qoşunları tərəfindən məğlub və əsir edilməsi haqqında bax: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport (AKAK, c. V, sənəd 88, səh. 59).
  25. General-mayor Pauluççi 1812-ci il 21 fevralda Qarabağdan (Şuşadan) Tiflisə yola düşdü, oraya isə beşinci günü
    gəlib çatdı. B a x: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97, səh. 75)
  26. Kaxetiya kendlilərinin üsyam 1812-ci il martın 10-da yatırılmışdı (AKAK, c. V, sənəd 97, səh. 80).
  27. Markiz Pauluççi I Aleksandrın 1812-ci il 16 fevral tarixli fermam ilə Peterburqa geri çağırılmışdı, həmin bu fərmanda qeyd edilmişdi ki, onun yerinə general-leytenant Rtişşev təyin olunur. B a x: Çarın markiz Pauluççiyə göndərdiyi 1812-ci il 16 fevral tarixli fərman (AKAK, c. V, sənəd 32, səh. 20). Markiz Pauluççi 1812-ci ilin aprel ayından tez olmayaraq işləri general Rtişşevə təhvil vermişdir. B a x: Markiz Pauluççinin general-leytenant Rtişşevə yazdığı 1812-ci il 7 aprel tarixli 333 nömrəli təliqə (AKAK, c. V, sənəd 40, səh. 23)
  28. Burada Mirzə Adıgözəl bəy o qədər də haqlı deyil. Hadisələrin müasirləri səfarətxanaların gizli məqsədlərini bilə bilməzdilər. I Aleksandr Yermolova verdiyi təlimatında belə yazmış: "Bu işdə İran sarayının başlıca məqsədi, İrandan bizə güzəşt olunmuş torpaqların İrana qaytarılmasını xahiş etməkdən ibarət idi. Bunun nəticəsində səfir Mirzə Əbülhəsen xan təsdiq olunmuş müahidə nüsxələrinin mübadiləsindən sonra dərhal S.-Peterburqa göndərilmişdi" (AKAK, c. VI, h. II, sənəd 267, səh. 122)
  29. Gülüstan sülh müahidəsi 1813-cü il 12 oktyabrda bağlandı. B a x: General Rtişşevin çara göndərdiyi 1813-cü il 14 oktyabr tarixli 195 nömrəli raport (AKAK, c. V, sənəd 879, səh. 736)
  30. General-leytenant A.P.Yermolov 1816-cı il oktyabrın 10-da Tiflisə gəldi (AKAK, c. VI, h. I, səh. 11).
  31. Şirvanlı Mustafa xan 1820-ci il avqustun 19-da İrana qaçmışdır. B a x: General-mayor Vlasovun Səlyan kəndindən general Yermolova göndərdiyi 1820-ci il 19 avqust tarixli 43 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1212, səh. 810). Qarabağlı Mehdiqulu xan 1822-ci il noyabrın 21-də İrana qaçmışdır. B a x: Knyaz Madatovun general-leytenant Velyaminova yazdığı 1822-ci il 21 noyabr tarixli 916 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1293, səh. 848).
  32. Şəkili İsmayıl xan 1819-cu il iyulun 24-də vəfat etmişdir. B a x: 9-cu Yeger polku mayoru 2-ci fon Disterlonun general-leytenant Velyaminova yazdığı 1819-cu il 24 iyul tarixli 81 nömrəli raport (AKAK, c. VI, h. I, səh. 738).
  33. Divanbəyilər komendantların sədrliyi altında iclas edərdilər və vilayəti idarə etmək işində müşavir və müavin sifətilə işləyirdilər.