Qarabağnamə/On ikinci fəsil
←On birinci fəsil | Qarabağnamə fəsil Müəllif: Mirzə Adıgözəl bəy |
Sonuncu fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. |
ƏZƏMƏTLİ DÖVLƏTƏ QARŞI ƏDAVƏT VƏ İNAD
İki uca və işıqlı dövlət arasında lazımi əsaslar üzrə sülh bağlandı. Keçmişdə olduğu kimi, əlaqə və münasibət davam edirdi. Məsihi (miladi) 1826-cı ildə xas və avam camaatın arasında belə bir şayiə yayıldı: İranın dövlət adamları sülhü və müahidəni pozub ədavət fikrinə düşmüşlər. Rusiyanın dövlət başçıları buna inanmadılar. Onlar bu şayiələri yalan hesab etdilər. Bu əsnada, uca mərtəbə sahibi böyük imperator və əziz şahənşah tərəfindən knyaz Menşikov səlahiyyətli səfir sifətilə İrana gedirdi. O, Qarabağa gəlib Xudafərin körpüsündən keçdi və İrana getdi [1]. Bu iş xas adamları və avam camaatı arxayın etdi. Mən özüm üç il olardı ki, İrəvan tərəfində sərhəd qarovulçuluğuna təyin edilmişdim. Hər gün qarapapaqlardan [2] doğru xəbərlər və səhih əhvalat bilib naçalnikə yazırdım. Axırda o böyük cənab (naçalnik) məni başa saldı ki, bundan sonra mənə bu qorxulu xəbərləri yazmayın; çünki mən də labüd qalıb bu xəbərləri dövlət başçılarına yazıram. Onlardan isə məzəmmətdən başqa bir cavab almıram. Sən öz tədarükündə hazır ol və öz işlərinə ehtiyatla yanaş.
Müxtəsər, yuxarıda adı çəkilən elçi Təbrizdən və Qoçandan keçdiyi zaman qızılbaş qoşunu ilə görüşüb vəziyyətlə tanış oldu. Bu barədə dövlət adamlarına və qüdrət sahibi olan səltənət başçılarına xəbərdarlıq edə bilmədi [3]. Qızılbaşlar gəlib Araz çayından keçdikləri zaman [4] çayda çimən bir neçə qazağı öldürdülər. Qarabağlıların məsləhət və məşvərətilə oradan Gorusdakı batalyon üzərinə yeridilər. Batalyona da hökm olunmuşdu ki, durmadan və ləngimədən təcili surətdə Qalaya (Şuşaya) hərəkət etsin. O zaman naib (mənsəbində) olan poruçik Səfərli bəy də bələdçi idi. Yol ilə gedərkən Korunzor yaxınlığında (qızılbaş) qoşununa rast gəldilər. Orada müharibə oldu. Günəş hərarətindən qoşuna bərk susuzluq üz verdi. Özlərini Həkəri çayına yetirməyə çalışdılar. Kapitan Hacı Ağalar bəy (əhvalatdan) xəbərdar oldu. Bir neçə nəfər bəyzadə ilə əlbir olaraq kürdlərin piyada və süvarisini topladı. Gəlib çayın bu tərəfini kəsdi. Soldatlara hər iki tərəfdən keçməyə macal vermədilər. Bəzisini iti qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə saldılar [5].
Kimsə nicat tapa bilmədi, heç kəsin qaçıb qurtarmağa macalı olmadı. Sonra, bu əsirləri götürüb Korunzora Hacı Ağalar bəyə qonaq getdilər. Oradan bir fəthnamə yazıb polkovnik Nazimkanı və mayor Kovalenskini, sair zabitlər və əsir edilən soldatlarla Fətəli şahın hüzuruna göndərdilər. O zaman şah, qoşunu ilə birlikdə Ərdəbildə idi. Qarabağlı Mehdiqulu xan və sərdar Əmir xan Naxçıvandan yola düşüb gəldilər. Korunzorda şahzadəyə yetişdilər. Səhər vaxtı köçərək, Mehdiqulu xanı dağlıq yerlərdən, kürd obaları içindən yola saldılar. Şahzadə Çanaxçıda olan rus qoşununu məhv etmək üçün oraya getməyi qərara aldı.
Araz kənarında qazaqlar öldürüldüyü zaman Mehdiqulu xanın Vərəndə mahalında sakin olan qardaşı Süleyman bəy, sair əqrəbası ilə dönüklük və xəyanət etdi. Bu zaman polk komandiri general Reutt cəld tərpənib qoşunu Qalaya (Şuşaya) daxil etdi [6].
Zərgər, Darağoz və sair ətrafda olan Cavanşir elatı, ağruq [7] gətirənlərə macal verməyib Ağoğlanı, qoşunun vəsait və ləvazimatını talan etdilər. O zaman mən də qoşun üçün azuqə göndərmişdim. Onlar azuqə aparanların yüklü ulaqlarını da çal-çap edib apardılar.
Şahzadə oradan Gorus yolu ilə Çanaqçıya getmək fikrində idi. Bu əhvalatı eşidib Qalaya tərəf hərəkət etdi. Bir mənzil qalmış yürüşə başladı. Qalanın bir güllə mənzilliyinə, hətta barısı və hasarı altına yetişmiş olduğu halda, yenə məqsədinə çatmayıb geri qayıtdı; çünki polkovnik və komendantın möhkəm tədbirləri onu naümid edib, (geri) qayıtmağa məcbur etdi. Bir para ermənilər də şuşa-kəndli Səfər yüzbaşını görürüb, Qalanın cənub tərəfində olan Xəzinə qayasında səngər qayırıb oturdular. (Şahzadənin əsgərləri) onların səngərini almaqdan aciz qaldılar. Lakin şəhərdən başqa Qarabağ əhalisi, bütün bəylər, sultanlar və məliklər xanın yanına və Naibüssəltənənin hüzuruna gedib, əmr və nəhyini yerinə yetirdilər [8]. Gözəl xələtlər aldılar və bollu nemətlərlə başı uca oldular. Qızılbaş və Qarabağ qoşunlarını götürüb şəhəri üzük qaşı kimi ortaya aldılar. Hər gün dava və müharibə (ilə məşğul olub) bir saat müqavimət və çarpışmadan əl çəkmirdilər. Bu zaman rus qoşunu Talış vilayətindən çıxdığı üçün Talış xanları itaət boyunduruğunu öz boyunlarından atdılar. [9]
Talış hakimi Mir Həsən xan öz qardaşlarını buraya, şahzadənin [10] hüzuruna göndərmişdi. Şirvanlı Mustafa xan da Şirvana getdi. Şirvan əhalisi onun hiyləsinə aldanıb itaətini qəbul etdi. Üsyan havası ilə dönüklük nağarasının səsini ucaltdılar [11]. Rus qoşunu ilə dəfələrlə müharibə etdi. Axırda ruslar Şirvan kəndlərində olan əsgər və tərəfdarlarını toplayıb, Quba tərəfinə getdilər. Mustafa xan da müstəqil olaraq xanlıq taxtına təkyə etdi və köhnə Şamaxıda oturdu. Şəkidəki rus böyükləri də Şəkini boşaldıb Tiflisə getdilər [12]. Səlim xanın oğlu Hüseyn xan da gedib Şəkidə xanlıq taxtında müstəqil oldu. Zurnabadda olan qoşun gəncəlilərdən xahiş etdi ki, onlara izn versinlər Gəncədən keçib Tiflisə getsinlər. Gəncə əhalisi əhvalatdan xəbər tutan kimi, onlara mane oldu. Rus qoşunu geri qayıtdı. Uğurlu xan da gəlib Gəncədə xan oldu. Knyaz Səvirzə mirzə (Savarsamidze) Pənbək [13] və Şoragildən çıxdıqdan sonra, Hüseyn xan [14] və Həsən xan [15] İrəvan tərəfindən gəlib, Rusiya hökumətinə aid dam-daşı yıxıb od vurdular və oralara yiyələndilər. [16]. Hətta Həsən xan gedib Borçalı mahalında Künçik altında yaşayan nemesləri soyub çox əsirlər gətirdi. Qızılbaşlar hər gün yalan şayiələr çıxarıb deyirdilər ki, sərdar general Yermolov Tiflisi boşaldıb Rusiyaya getmək istəyir, Madatovdan da bir xəbər yoxdur.
Mənim qasidim gəlincəyə qədər belə keçdi. Sonra o, gəlib xəbər gətirdi: "Sərdar Yermolov Tiflisdə çox vüqar və arxayınlıqla oturmuş, Madatov da külli qoşunla Rusiyadan gəlmişdir. Deyirlər ki, onun ixtiyarında olan əsgərlər padşahın öz xüsusi alaylarındandır".
Bu xəbərləri eşitdikdən sonra, qızılbaşlar qəflət yuxusundan ayıldılar. Naibüssəltənə vəliəhd Məhəmməd Mirzəni, dayısı Əmir xan sərdarı və Nəzərəli
xanı külli qoşunla göndərdi ki, gedib Gəncədə dursunlar. Tam ehtiyatla qalanı möhkəmləndirib hüdudları qorumaqla məşğul olsunlar.
Burada, əvvəla, Qala (Şuşa) mühasirə olunduqdan bir neçə gün sonra, vəliəhd öz hüzuruna yaxın olan adamlardan Bicən xanı ümid, müjdə və nəvazişlər vədilə Qalaya (Şuşaya) göndərdi ki, şəhəri təslim etsinlər. Ondan sonra mayor Qlukini (Klugenaunu) [17] Qaladan göndərdilər. Xülasə, çox müşavirə və hədsiz danışıqlardan sonra belə qərara gəldilər ki, komendant mayor Çilyayevi bir kapitanla girov versinlər. Mayor Klugenaunu bir yüzbaşı ilə birlikdə sərdar Yermolovun hüzuruna göndərdilər ki, qalanı təslim etməyə razı olsun. Sərdar Yermolov da cavabında yazdı: "Rus dilində kapitulyasiya yoxdur; çünki kapitulyasiya fransız dilində qalanı təslim etməyə deyilir".
Mayor özü orada qalıb kağızı İbrahim adlı bir yasavulla göndərdi. Burada kağızı tutub vermədilər. Bu əsnada Allahyar xan çoxlu əsgərlə gəlib şahzadənin qoşunu ilə birləşdi. Yenə yürüş binası qoydular. Lakin bir nəticə hasil olmadı. Şəhərin ətrafında düşdülər. Bu əsnada, Əmir xan sərdarın Madatovla müharibə etməsi, öldürülməsi və qoşununun sınması (xəbəri) [18] şahzadəyə çatdı. Köç edib Ağdama yetişdi. Oradan komendantı [19] və məni Təbrizə göndərdi. Mehdiqulu xanı Qarabağda qoyub özü Gəncə tərəfinə getdi. Madatov Əmir xan sərdan öldürüb Gəncəyə girdi [20]. Ardınca sərdar Paskeviç öz qoşunu ilə gəlib, onlara yetişdi. Qızılbaşlar çəkilə-çəkilə gəlib Gəncə torpağına girdilər. Yük və çadırlarını Kürək çayında qoydular. Yalnız atlı və serbazları götürüb Gəncə vilayətində olan Zazalı çayının üstündə gecəni keçirdilər.
Səhər vaxtı sərdar Paskeviç və general Madatov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük, sultani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar. [21]. Məğlubiyyətin qabağını almaq mümkün olmayıb qaçdılar. Bir gün bir gecədə Arazdan keçdilər. (Onların) iki topu Tərtər çayı ilə İncə çayı arasında qalmışdı. Arazdan keçdikdən sonra, yenə tab gətirməyib dağıldılar. Şah o zaman Ərdəbildən köçüb gəlmiş və Əhərin yaxınlığında olan Təviləyi-Şam adlı yerdə durmuşdu. Naibüssəltənə şahın hüzuruna getdi. Sərdar Paskeviç də gəlib bir müddət Təxti-Tavusda qaldı və istirahətlə məşğul oldu. Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. [22]. Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı. [23] Sərdar Paskeviç də Arazdan keçdi, gedib Qaradağ ölkəsini qarət edərək çoxlu əsir gətirdi [24]. Qarabağda xalqı yerbəyer və sakit etdi. Artıq qoşununu götürüb Tiflisə yola düşdü. Sonra Madatov Qaradağ [25] və Şirvanat qoşununu cəm etdi və soldatlarını götürüb
Mişkinədək getdi [26] Çoxlu qarət edib Şahsevən xanlarını itaətə gətirdi. Xəyanət fikrinə düşməmək üçün onlara and içdirdi [27]. İran məmləkətinə bir vəlvələ düşdü. Təbriz şəhərində müdafiə işləri görüldü [28] "Rus qoşunu gəlir" sözü ağızlarda söylənməyə başladı.
Bu zaman biz Təbrizdə dustaq idik. Şəhərin vəziyyətindən və əhalisinin hal və hərəkətindən anlaşılırdı ki, əgər general Madatov gəlsə idi, qorxu və davasız Təbrizi ala bilərdi. Bu halda Madatovun qayıtmaq xəbəri onlara çatdı. O camaata çox şadlıq üz verdi. Madatov qayıdıb Tiflisə hərəkət etdi. O, tədarük və hazırlıq görürdü ki, bahar fəsli İran tərəfinə getsin. Sərdar Yermolov da lazımi tədarüklərlə Madatovu İran səfərinə yola saldı. Madatov Xudafərin körpüsünə qədər gəlmişdi. Qızılbaşlar da (onu) qarşılamış və dava qızışmışdı. Bu zaman Yermolov sərdarlıqdan götürüldü. Paskeviç [29] müstəqil olaraq sərdarlıq taxtında oturdu. Polkovnik knyaz Abxazovu [30] bu şəhərlərə hakim təyin etdi. General Madatov isə, hökmü altında olan ordunu general Pankratiyevə [31] tapşırdı. Abxazovu ştab naçalniki təyin etdi. Tiflisdən (çıxıb) beş günə Xudafərin körpüsündə orduya yetişdi. O gecəni qalıb işləri Madatovdan (təhvil) aldı. Səhəri Madatovu Tiflisə yola saldı. Qoşunu köçürüb qayıtdı. Gəlib Qozluçay adlı yerə çatdı. Sərdar Paskeviç isə lazımi tədarüklərlə İrəvan torpağına hərəkət etdi. [32] İrəvan sərdarı bütün elatı köçürtdü. Yalnız qardaşı Həsən xanı Sərdarabad [33] və İrəvan qalalarını mühafizə etməkdən ötrü qalada qoydu. Özü isə ətrafda dolanmaqda idi. Bu əsnada, Dəralagözdə olan Qarabağ hakimi həmail sahibi general-mayor cənab Mehdiqulu xanla Paskeviç arasında gəliş- gediş oldu. Mehdiqulu xan İran dövlətindən üz çevirib bu işıqlı dövlətin itaətinə gəlmək istəyirdi. Knyaz Abxazov Pankratiyevlə müşavirə etdi. İki batalyon qoşun götürüb Mehdiqulu xanın yanına getdi. İki dövlətin sərhədində olan Ağ karvansarada görüşdülər. Knyaz onu xatircəm etdi. Ona qoşulan və tabe olan adamları köçürməklə məşğul oldu. [34] O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Mənim orada olduğumu bilib yanıma bir qasid göndərdi. O mənə xəbər verdi: "Knyaza bildirin ki, bu tərəfə hərəkət etsin, buraya gələn kimi qalanı ona təslim edərəm".
Bunlar da (məsələni) ətraflı surətdə müzakirə etdilər. Sərdarın izni olmadığından cəsarət etməyib keyfiyyəti sərdarın hüzuruna ərz etdilər. Özləri Qarabağa gəldilər. Uca nəsilli sərdar bu xəbəri eşidən kimi İrəvandan əl çəkib Abbasabad tərəfinə hərəkət etdi. Bu xəbər Qızılbaş dövləti başçılarının qulağına çatdı. Qacar Məhəmmədəmin xanı neçə min nəfər qoşun, Bəxtiyari [35] sərbazları və bir neçə nəfər xanla Abbasabad qalasına [36] göndərdilər. Abbasabad qalasının ixtiyarı Ehsan xandan alındı. Sərdar gəlib Abbasabadı mühasirə etdi. Bir neçə gündən sonra Naibüssəltənə çoxlu əsgərlə o tərəfdən görünməyə başladı. [37] Sərdarın əmrinə görə, əvvəl süvari qazaqlar, sonra da soldatlar Arazdan keçdilər. Düşmənlə müharibə etdilər, Abbas Mirzə basıldı. [38] Rusiya qoşunu qayıdıb qalanın dörd tərəfindən yürüş etdi. Xəndəklər qazıyıb lağımlar atdılar. Qala əhalisi şahzadənin köməyindən məyus oldu. Onlar lağımların yaxınlaşdığını görüb Ehsan xanı da özlərinə xain hesab etdiklərindən, qalanı təslimə razı oldular. Sərdar Paskeviç qalanı aldıqdan sonra toplarını və sair hərbi sursatını öz ixtiyarına aldı. [39] Qalada olan Məhəmmədəmin xanı, sair xanlar və sərbazlar ilə əsir edib Qarabağ yolu ilə Tiflisə göndərdi. Ehsan xana da xidmətinin müqabilində, Naxçıvan qalasının naibliyini mərhəmət etdi. Hava həddindən artıq isti olduğundan qalada kutval (qalabəyi) qoyub özü Qarababa yaylağına köçdü və orada yerləşib oturdu.
Sonra Abbas Mirzə eşitdi ki, qalaları kökündən yıxmaq üçün böyük toplar gətirirlər. Məktublar yazdı, Araz çayının o tərəfindən yürüş edib, çaydan keçdi. Avaran adlı yerdə Rusiya qoşunu ilə sultani bir müharibə oldu. [40] Hər iki tərəfdən igidlik və rəşadət göstərildi. Susuzluq soldata çox əziyyət verdi. (Bu vuruşmada) hətta general Krasovskiyə də bir neçə güllə dəydi. Şahzadə bununla kifayətləndi, şadlıq və sevinclə (geri) qayıtdı. Seyr və səfa yeri olan Xoy şəhərinə yola düşdü. Bu zaman sərdar Paskeviç Qarababa yaylağında bu qorxunc hadisəni eşitdi. Öz zəfər nişanəli əsgərlərinin ağır yüklərini və avadanlığını orada qoyub dava meydanına hərəkət etdi. Sərdar yetişincəyə qədər şahzadə hərəkət cilovunu çevirib (getmişdi). Sərdar oradan topları götürüb əvvəl Sərdarabad tərəfinə üz qoydu. Od yağdıran topların zərbəsilə onun bürc və barılarını tar-mar edib qalanı aldı. Sərdarabadda hədsiz ərzaq, pambıq və sair hərbi sursat ələ keçdi. [41] Oradan asudə olduqdan sonra, İrəvan tərəfinə hərəkət etdi. Keçmiş qayda ilə, bir neçə gün atəş püskürən toplar ildırım yağdırdılar. Şəhərin divarını alt-üst edib bir ovuc külə çevirdilər. Şəhər əhalisi çox çalışıb-çapaladı, bir fayda vermədi. Axırda Həsən xan və sair İran əmirləri tutuldular. [42] İrəvan işlərini yoluna qoyduqdan sonra, qoşunu toplayıb yeriyən atlarını yel kimi Xoy tərəfinə sürdülər. Knyaz Eristovun komandanlığı altında olan Qarababa yaylağındakı qoşuna, icrası vacib və lazım olan bir hökm verdi ki, tər tökərək at başı salıb təcili surətdə Təbriz tərəfinə getsinlər. [43]
Özü gedib Xoy vilayətini aldı. Bu zaman knyaz Eristov da davasız-döyüşsüz və qan tökmədən Təbriz sahəsini zəfər bayrağının mahçəsi (ayparası) ilə işıqlandırdı. [44] Abbas Mirzənin qoşunu dağıldı. Özü isə çox xəcalətli bir halda Marağa hüdudunda vaxt keçirməkdə idi.
Sərdar Paskeviç (artıq) Dehxarqana daxil olmuşdu. Abbas Mirzə hərçənd bir çox tədbirlər düşündü, lakin bundan başqa bir çarə taprnadı: bir neçə adamla sərdarın hüzuruna getdi. Sərdar da ona böyük izzət və hörmət göstərdi. Uzun müddət bir yerdə qaldılar. Sərhəd, barışıq və təzminat barəsində aralarında danışıq və müşavirələr oldu. Şah vaxtı uzatmaq məqsədilə bəzi təkliflərə razı olmadı. Axırda bunlar bir-birindən ayrıldılar. Sərdar Təbrizə daxil oldu. Abbas Mirzə də öz məmləkətinə getdi. Aralarında möhkəm bir əlaqə var idi. Sərdara da məlum idi ki, sülhün binasını yıxan ancaq şahdır. Bundan sonra sərdar vilayətlərə, özünün qalib və sədaqətli qoşunlarına məktublar yazıb onları yığdı (digər tərəfdən də), səs saldı ki, mən Tehrana - paytaxt olan bu şəhəri fəth etməyə gedəcəyəm. Naibüssəltənə də öz atasına məktub yazıb, əhvalatı bildirdi. Məlum etdi ki, sərdar nagəhan bir bəla kimi üstünə gəlir. Axırda şah çarəsiz qalıb sülhə razı oldu. Türkmənçay adlı yerdə sülh oldu. Araz çayını iki uca dövlət arasında sərhəd təyin etdilər. (İran dövləti) yeddi kürur [45] dava xərci verməyə razı oldu. Bir neçə şərtnamə və əhdnamələr bağladılar. Dava xərci ödənincəyə qədər, Xoy vilayətini rəhn və girov saxladılar. [46] Təyin edilmiş dava xərci alındıqdan sonra, seyr və səfa yeri olan Xoy vilayətini İran dövləti mübaşirlərinə (məmurlarına) tapşırdılar. Uca nəsilli, şan-şərəf və iqtidar sahibi sərdar qoşununu götürüb, Darüssürura (Tiflisə) hərəkət etdi. [47] Bu zaman osmanlı dövləti tərəfindən dava başlandı. [48] Sərdar onlara qarşı tədarük görməklə məşğul oldu.
Allah qoysa, bu Dağıstan hadisələri, əzəmətli və əbədi dövlət adamlarının arzu etdikləri kimi yazılıb qurtarar. Sonra osmanlı əhvalatı və hadisələri haqqında ənbər qoxan qələmimin ahusu kağızın geniş sahəsində müşklər səpməyə başlayar və bu (mövzunu) ayrı bir cilddə müfəssəl surətdə qələmə alar... [49]
Qeydlər
[redaktə]- ↑ Knyaz Menşikov 1826-cı il mayın 23-də Xudafərin körpüsü yanında, iyunun əvvəllərində isə Təbrizdə idi. B a x: General-mayor knyaz Menşikovun Arazın sol kənarı Xudafərin körpüsü yanında general-leytenant Velyaminova yazdığı 1826-cı il 23 may tarixli raport (AKAK, c. VI, h. II, sənəd 620, səh. 344).
- ↑ Qarapapaqlar - Zaqafqaziyanın müxtəlif yerlərinə səpələnmiş bir Azərbaycan tayfasıdır.
- ↑ Knyaz Menşikov İran hökumətinin Rusiyaya qarşı müharibə etmək niyyətində olduğunu göstərən faktlar haqqında general-leytenant Velyaminova xəbər vermişdi. B a x: General-mayor knyaz Menşikovun Xoca Qiyas kəndi yanındakı
düşərgədən general-leytenant Velyaminova yazdığı 1826-cı il 23 iyun tarixli raport (AKAK, c. VI, h. II, sənəd 628, səh. 347). Həmçinin bax: Knyaz Menşikovun general-leytenant Velyaminova verdiyi 1826-cı il 2 iyul tarixli məlumat (AKAK, c. VI, h. II, sənəd 633, səh. 349). - ↑ İran qoşunlarının böyük qüvvələrlə Qarabağa daxil olması haqqında bax: Çara I 1826-cı il 30 iyul tarixində göndərilən raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. I 357). İran qoşunlarının ilk destələri 1826-cı il iyunun 15-də sərhədi bir neçə yerdə keçmişdilər. B a x: N.Dubrovin " История войны и владичество pyccких на Kaвкaзe", c. VI, səh. 617, SPb capı, 1888-ci il
- ↑ Gorusdan Şuşaya gedən Rusiya qoşunları dəstəsinə vurulan zərbə haqqında bax: Abbas Mirzə tərəfindən göndərilmiş və 1926-cı il 25 iyulda Təbrizdə elan edilmiş məlumat (AKAK, cild VI, h. II, sənəd 650, səh. 356-357). Müqayisə et: N.Dubrovinin yuxanda göstərilən əsəri, c. VI, səh. 624.
- ↑ 42-ci Yeger polkunun komandiri polkovnik Reutt doqquz rotadan ibarət olan Qarabağdakı polkunun beş rotası ilə Şuşa qalasında sığınaq etmişdi. Bu qala bir az sonra, 1826-cı il iyulun 25-dən başlayaraq İran qoşunlarının əsas qüvvələri tərəfindən mühasirəyə alınmışdı. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI,
h. II, sənəd 651, səh. 357). Müqayisə et: N.Dubrovinin yuxarıda göstərilən əsəri, c. VI, səh. 635. - ↑ Ağruq - qoşunun çadır, azuqə və sair ləvazimatı deməkdir.
- ↑ Öz rahatlıqlarını xan hökmranlığının bərpası ilə əlaqədar etmiş bəylərin bir hissəsi İran qoşunları tərəfinə keçdi.
İrana tərəf keçən bəylərin bu hissəsinə onlara bağlı olan nökərlər və maafların bir hissəsi də qoşulmuşdu. Kəndlilərin əsas
kütləsi isə İran qoşunlarına düşmən idi.
Yerli əhalinin Rusiya qoşunlarına olan xeyirxahlığını şişirtməyə heç də mail olmayan A.P.Yermolov general Paskeviçə göndərdiyi öz əmrlərinin birində qeyd etmişdir: Tatarlardan (azərbaycanlılardan - V.L.) bir çoxları ya xəyanətdə iştirak etmirlər, ya da məcburi olaraq bu xəyanətə sövq edilirlər. Onların hamısı cidd-cəhdlə qulluq edəcəklər, yaxud heç olmasa ərzaq toplanışı işində yardım göstərəcəklər". General Yermolovun general-adyutant Paskeviçə göndərdiyi 1826-cı il 4 sentyabr tarixli məktub (AKAK, c. VI, h. II, sənəd 676, səh. 373). - ↑ Talış xanı Talış xanlığında olan Kaspi dəniz batalyonu postları üzərinə hücum etmiş və onlara olduqca böyük tələfat vermişdi. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 iyul tarixli raport (AKAK, c. VI, h. II, sənəd 651, səh. 357).
- ↑ Burada Abbas Mirzə nəzərdə tutulmuşdur.
- ↑ Mustafa xanın Şirvana girməsi haqqında bax: AKAK, c. VI, h. II, sənəd 651, səh. 357. Şirvanda Rusiya qoşunlarına qarşı olan üsyanda iştirak edənlər, öz rahatlıqlarını xanlar hökmranlığında görən ayrı-ayrı əhali qrupları idi. Kəndli kütlələri isə nə Mustafa xana və nə də onunla gələn İran qoşunlarına yardım edirdilər.
- ↑ Şəki rayonunda yerləşən iki rotanın geri qaytarılması haqqında b a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 13 avqust tarixli məktub (AKAK, c. VI, h. II, sənəd 661,səh. 362).
- ↑ Polkovnik knyaz Savarsamidze Pənbək və Şoragil distansiyalarının rəisi idi. İran ordusunun böyük qüvvələrinin 1826-cı il iyul ayında etdikləri hücum zamanında rus dəstələri sərhəd postlarını tərk etməyə məcbur oldular.
- ↑ Hüseyn xan İrəvan sərdarı idi.
- ↑ Həsən xan sərdar Hüseyn xanın qardaşı idi.
- ↑ Rus qoşunlarının Penbək və Şoragildən Gəncəyə (Yelizavetpola) geri çəkilmələri və İran sərdarı Hüseyn xanın hərəkatı haqqında b a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 12 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 681, səh. 375).
- ↑ Mayor Klugenaynun Abbas Mirzə ilə etdiyi müzakiratın müfəssəl mətni N.Dubrovinin "История войны и владичество pyccких на Kaвкaзe" adlı əsərində dərc edilmişdir (c.I, SPb, 1888 səh. 637-639).
- ↑ Mirzə Adıgözəl beyin qeyd etdiyi vuruşma rus qoşunları ilə İran qoşunları arasında 1826-cı il sentyabrın 2-də Şamxor çayının sağ tərəfində baş vermişdir. Abbas Mirzənin oğlu Məhəmməd Mirzənin və sərdar Əmir xanın başçılığı
altında olan qoşunlar 2 min mütəşəkkil piyadadan və 8 min atlıdan ibarət idi. Bu qoşunlar general-mayor Madatovun komandası altında olan min beş yüz nəfər rus əsgəri tərəfindən darmadağın edildilər. İntizamsız bir halda qaçan İran qoşunlarının təqibində Qazax rayonunun atlıları da iştirak edirdilər. Bu atlılar İran qoşunlarına böyük tələfat verib çoxlu qənimət aldılar. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 7 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 677, səh. 373, 374). - ↑ Yuxarıda adı çəkilən mayor Çilyayev.
- ↑ İran qoşunları Şamxor yaxınlığında məğlub olandan sonra Gəncəni tərk etdilər. General Madatov sentyabrın 4-də bir güllə belə atmadan Gəncəni işğal etdi. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 7 sentyabr tarixli raport (AKAK, c VI, h. II, sənəd 678, səh. 374).
- ↑ Şahzadə Abbas Mirzənin riyasəti altında olan İran qoşunları və general Paskeviçin komandanlıq etdiyi rus qoşunları arasında vaqe olan şiddətli vuruşma 1826-cı il sentyabrın 13-də Gəncənin yaxınlığında Nizami məqbərəsi yanında baş vermişdir. Bu müharibədə qırx min nəfərlik İran ordusu on min nəfərlik rus dəstələri tərəfindən məğlub edildi. İran ordusu bu məğlubiyyətdən sonra Şuşanın mühasirəsindən əl çəkib Araz çayının o tərəfinə qaçdı. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 30 sentyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 690, səh. 380).
- ↑ Gəncə yaxınlığında müharibədə məğlub olmuş və Araz çayının o tayına qaçmış İran ordusu özünün Quba və Şirvan vilayətlərində olan dəstələrinə kömək etmək üçün bir daha bu tərəfə gəlməyə cəsarət etmədi. Quba vilayətində olan şahzadə Şeyx Əlimirzə və şirvanlı Mustafa xan, yolların ruslar tərəfindən kəsiləcəyindən qorxaraq sentyabrın 24-də Quba torpaqlarını tərk edərək İrana qaçdılar. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 21 oktyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 694, səh. 383).
- ↑ General Yermolov Kaxetiyadan toplanmış rus qoşunları ilə Alazan çayından keçərək 1826-cı il oktyabrın 19-da Nuxa şəhərinə daxil oldu. Rus qoşunlarının yaxınlaşmasını eşidən Nuxa xanı İrana qaçdı. B a x: General Yermolovun çara yazdığı 1826-cı il 21 oktyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 694, səh. 383). General Yermolov bu raportunda Şəki vilayəti əhalisinin İran qoşunlarına qarşı münasibətindən bəhs edərək belə yazır: "Şəki vilayətində bəylərin çox hissəsi alçaqcasına xəyanət etməkdə müqəssirdirlər. Lakin qara camaat (Abbas Mirzə tərəfindən göndərilmiş - V.L.) xanın qovulmasından sevinirlər. Əhalinin əhval-ruhiyyəsi başqa vilayətlərdə də belədir".
- ↑ Abbas Mirzənin qoşunlarını Araz çayından uzaqlaşdırmaq məqsədilə general Paskeviç oktyabrın 25-də Arazın sağ
tərəfinə keçdi. Rus qoşunları altı gündən sonra, yəni oktyabrın 31-də Arazın sol tərəfinə qayıtdılar. B a x: General Yermolovun çara göndərdiyi 1826-cı il 14 noyabr tarixli raport (AKAK, c. VI, h. II, sənəd 698, səh. 385). - ↑ Mətndə səhv getmişdir, "Qarabağ" olmalıdır.
- ↑ M i ş k i n - İran Azərbaycanı şəhərlərindən birinin adıdır.
- ↑ 1826-cı il dekabrın 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Madatovun komandanlığı ilə Araz çayını keçdi. Bu dəstənin içində Qarabağ və Şirvan atlıları da var idi. Bu qoşun Mişkin qəzasında olduğu zaman Mişkin qəzasənən hakimi şahsevənli Əta xan, Şeqaqi xalqının nümayəndələri, Qarabağ xanlığının hörmətli ağsaqqalları və qaraqoyunlu Məhəmməd xanın Qaradağda yaşayan oğlu knyaz Madatovun yanına gələrək rus himayəsi altma alınmalarını xahiş etdilər. Rus qoşunlarının bu dəstəsi 1827-ci il yanvarın 16-na qədər Qaradağ xanlığında qaldı və sonra Arazı keçərək Qarabağa qayıtdı. B a x: General Yermolovun çara yazdığı 1827-ci il 12, 20 və 26 yanvar tarixli raportlar (AKAK, c. VI, h. II, sənəd 703-705, səh. 387-389).
- ↑ Yenə orada.
- ↑ General İ.F.Paskeviç 1827-ci il mart tarixli fərman üzrə əhaliddə Qafqaz korpusu komandanı, Gürcüstan, Astraxan və Qafqaz vilayətləri mülki və sərhəd işləri idarəsi rəisi vəzifəsinə təyin edilmişdir. B a x: Çarın dövlət senatına göndərdiyi 1827-ci il 28 mart tarixli fərman. SPb (AKAK, c. VII, sənəd 2, səh. 1)
- ↑ Knyaz Abxazov general Madatovun yerinə Qarabağ, Şəki və Şirvan vilayətləri idarəsi rəisliyinə 1827-ci ilin aprel ayında təyin edilmişdir.
- ↑ General-mayor Pankratiyev artıq 1827-ci ilin may ayında Qarabağ qoşunları komandanı idi. B a x: General
Paskeviçin Ağzıböyük postundan çara yazdığı 1827-ci il 17 may tarixli 17 nömrəli raport (AKAK, c. VII, sənəd 507, səh. 542). - ↑ General Paskeviç artıq 1827-ci ilin iyun ayında öz qoşunları ilə İrəvanın yaxınlığına çatmışdı. B a x: General Paskeviçin Eçmiədzindən qraf Nesselroda yazdığı 1827-ci il 18 iyun tarixli 90 nömrəli təliqə (AKAK, c. VII, sənəd 511, səh.548).
- ↑ Sərdarabad qalasının müdafiəsi və qalanın 1827-ci il 19 sentyabrda rus qoşunları tərəfindən alınması haqqında. B a
x: General Paskeviçin təliqəsi (AKAK, c. VII, sənəd 1518, səh. 561). - ↑ Mehdiqulu xanın Qarabağa qayıtması və Mirzə Adıgözəl bəyin bu işdə olan xidməti haqqında. B a x: General
Paskeviçin Eçmiədzindən qraf Dibiçe yazdığı 1827-ci il 12 iyun tarixli 62 nömrəli raport (AKAK, c. VII, sənəd 402, səh. 453, 454). - ↑ Bəxtiyari - İranda yaşayan tayfalardan birinin adıdır.
- ↑ Abbasabad qalası Araz çayının kənarında Naxçıvanın 10 verstliyində idi. Naxçıvanlı Ehsan xanın və təbrizli Məhəmmədrza xanın komandası altında olan 3 min nəfərlik qarnizon bu qalanı müdafiə edirdi. Onların hər ikisi şahın kürəkəni baş komandan Məhəmmədəmin xana tabe idilər. B a x: General Paskeviçin Abbasabaddan çara göndərdiyi 1827-ci il 4 aprel tarixli raport (AKAK, c. VII, sənəd 513, səh. 550).
- ↑ İran ordusunun mühüm bir hissəsi Araz çayının sağ tərəfində Abbasabad qalasının qabağında 1827-ci il aprelin 5-də göründü. B a x: General Paskeviçin Abbasabaddan çara göndərdiyi 1827-ci il 7 iyul tarixli raport (AKAK, c. VII, sənəd 515, 551).
- ↑ Vuruşma Araz çayının sağ tərəfində Cavan bulağı yaxınlığında əmələ geldi. Abbas Mirzənin komandanlığı altında olan 16 min nəfərlik İran ath qüvvələri məğlub oldular. B a x: General Paskeviçin Abbasabaddan çara yazdığı 1827-ci il 7 iyul tarixli raport (AKAK, c. VII, sənəd 515, səh. 551).
- ↑ Abbasabad qalası 1827-ci il iyulun 7-də rus qoşunlarına teslim edildi. Qalada olan 18 top rusların əlinə keçdi. B a x: General Paskeviçin yuxarıda göstərilən raportu (AKAK, c. VII, sənəd 515, səh. 552).
- ↑ General-leytenant Krasovskinin dəstəsi ilə Abbas Mirzənin qoşunları arasında vuruşma 1827-ci il avqustun 17-də, Krasovskinin dəstəsi Eçmiədzinə getdiyi zaman, yolun Abaran çayına yaxınlaşdığı yerdə baş vermişdir. Bu vuruşmada Krasovskinin dəstəsi çoxlu tələfat vermişdi. B a x: General Paskeviçin 1827-ci il avqust ayında çara yazdığı raport (AKAK, c. VII, sənəd 517, səh. 560).
- ↑ Rus qoşunları Sərdarabad qalasını mühasirə etdikləri zaman mühasirə toplarından istifadə etmişdilər. Bu toplar vasitəsilə qalanın dördguşəli orta bürcünü dağıtmış və qala divarını zədələmişdilər. İran qarnizonu sentyabrın 19-da qaçmaq fikrinə düşdü, lakin rus qoşunlarının hücumuna məruz qalaraq bir hissəsi qırıldı, qalanları da əsir düşdü. Sərdarabad qalasında 13 top, içində 14 min çetvert buğda olan bir anbar, çoxlu pambıq və külli miqdarda bant və güllə rus qoşununun əlinə keçdi. B a x: General Paskeviçin Sərdarabaddan çara göndərdiyi 1827-ci il 21 sentyabr tarixli raport (AKAK, c. VII, sənəd 521, səh. 563).
- ↑ İrəvan qalasının mühasirəsi və ələ keçirilməsində əsas rolu rus mühasirə topları oynamışdır. Bu topların atəşi
nəticəsində qalanın divarları bir neçə yerdən sökülmüş və şəhərin içində mühüm təxribat əmələ gəlmişdi. İrəvan əhalisi şəhəri müdafiə etmək istəmirdi, ilk dəfə ağ yaylıqları qala divarları üstündə yerli əhali qaldırdı. İrəvan 1827-ci il oktyabrın 1-də alındı. Qalada 48 müxtəlif top, əlliyə yaxın falkozer (kiçik top) ələ keçirildi. B a x: General Paskeviçin İrəvandan çara yazdığı 1827-ci il 3 oktyabr tarixli raport (AKAK, c. VII, sənəd 523, səh. 564). - ↑ Knyaz Eristovun dəstəsi 1827-ci il sentyabrın 11-də Mərənddən çıxıb Təbrizə tərəf yola düşdü. Knyaz Eristov Azərbaycan əhalisinin rus qoşunlarına bəslədikləri münasibət haqqında belə yazmışdrr: "Hər yerdə əhali bizim qoşunları düşmən deyil, öz himayəçisi kimi qarşılayırdı. Onlar böyük dəstələrlə bizim qoşunu pişvaz edir və adətləri üzrə öküzləri qurban kəsirdilər". B a x: General Paskeviçin Mərənddən çara göndərdiyi 1827-ci il 16 oktyabr tarixli raport (AKAK, c. VII, sənəd 526, səh. 568).
- ↑ Təbriz əhalisi şəhərin ahnmasında rus qoşunlarına kömək edirdi. Rus qoşun hissəsi komandanı knyaz Eristov, təbrizlilərin ruslara qarşı müqavimət göstərmədikləri və şəhəri müdafiə etmək istəmədikləri haqqında belə yazmışdır: "Şəhəri idarə etmək üçün göndərilmiş şahın birinci vəziri və kürəkəni olan Allahyar xan əhalini və orada olan iki batalyon sərbazı müdafiəyə məcbur etmək məqsədilə bütün vasitələrə əl atırdı. Nəhayət, camaata zülm etməyə başladı. O, xalqın burunqulağını kəsirdi, gözlərini çıxartdırırdı. Lakin onun bütün səyi boşa çıxdı. Rus qoşunları 1827-ci il oktyabrın 13-də döyüşsüz Təbriz şəhərinə girdi və çoxlu qənimət aldı, o cümlədən 40 müxtəlif top, mindən artıq tüfəng, on mindən artıq qumbara və çoxlu top gülləsi ələ keçirdi. B a x: General Paskeviçin Mərənddən çara göndərdiyi 1827-ci il 16 oktyabr tarixli məktub (AKAK, c. VII, sənəd 526, səh. 568, 569)
- ↑ Kürur - rus gümüş pulu hesabı ilə 2 milyon manata bərabərdir.
- ↑ Türkmənçay müahidəsində müəyyən edilmiş təzminatın ödənilməsini təmin etmək üçün Urmu və Xoy şəhərinin rus qoşunları tərəfindən girov götürüldüyü haqqında qraf Paskeviçin Abbas Mirzəyə yazdığı 1827-ci il 16 aprel tarixli 17 nömrəli məktubuna bax (AKAK, c. VII, sənəd 579, səh. 614). Yenə o barədə qraf Paskeviçin Abbas Mirzəyə yazdığı 1828-ci il 29 may tarixli 54 nömrəli məktubuna bax
- ↑ Türkmənçay müahidəsi bağlanandan sonra general Paskeviç Tiflisə getdi. General Paskeviç 1828-ci ilin aprel ayında Tiflisdə idi. B a x: General Paskeviçin Abbas Mirzəyə yazdığı 1828-ci il 16 aprel tarixli 17 nömrəli məktub (AKAK, c. VII, sənəd 579, səh. 614). Rus qoşunları Xoy şəhərini 1828-ci ilin axırlarında tərk etdilər.
- ↑ Zaqafqaziya tərəfindən türklərə qarşı hərbi əməliyyat 1828-ci il iyun ayının 14-də başlandı. B a x: Qraf Paskeviçin Qars qalası düşərgəsindən çara yazdığı 1828-ci il 19 iyun tarixli raport (AKAK, c. VII, sənəd 753, səh. 748).
- ↑ Rusiya-Türkiyə müharibəsi 1829-cu il sentyabrın 2-də Adrianapolda bağlanmış traktatla qurtardı. Hərbi əməliyyatlar isə Zaqafqaziyada 1829-cu ilin oktyabr ayında kəsildi. B a x: Qraf Paskeviçin Tiflisdən çara yazdığı 1829-cu il 14 noyabr tarixli raport (AKAK, c. VII, sənəd 817, səh. 829), "Qarabağnamə"nin axırıncı sətirlərindən məlum olur ki, əsər Rusiya-Türkiyə (1828-1829) müharibəsi qurtarmamışdan qabaq yazılmışdır.