Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Mutəffifin surəsi

Vikimənbə saytından
Əl-İnfitar surəsi Quran. Əl-Mutəffitin surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-İnşiqaq surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Vay halına əskik satanların!
2. O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,
3. Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.
4. Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,
5. Böyük bir gündə?!
6. O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!
7. Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.
8. Və sən nə bilirsən ki, «Siccin» nədir?
9. (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).
10. Vay halına o günü təkzib edənlərin.
11. O kəslərin ki, cəza gününü təkzib edirlər.
12. Və onu ancaq həddini aşan daim günah edən şəxs təkzib edər.
13. O kəs ki, Bizim ayələrimiz ona oxunduğu zaman «Bu keçmişdəkilərin əfsanələridir»-deyər.
14. Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.
15. Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.
16. Sonra onlar mütləq cəhənnəmə daxil olacaqlar, (onun hərarətini dadacaq və orada yanacaqlar.)
17. Sonra da onlara: «Bu, həmin təkzib və inkar etdiyinizdir!» deyiləcəkdir.
18. Belə deyildir (hesab – kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.
19. Sən nə bilirsən ki, «İlliyyin» nədir?
20. (O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur),
21. (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar.
22. Şübhəsiz, yaxşı əməl sahibləri bolluca nemət içindədirlər.
23. Zinətlənmiş fəxri kürsülər üzərində (əyləşib) (Cənnət nemətlərinə və Haqqın camalına) tamaşa edərlər.
24. Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən.
25. Onlara saf və xalis, möhürlənmiş şərabdan içirdilər.
26. Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün yarışsınlar! (Dünyada xeyir əməllərdə bir – birini ötsünlər).
27. Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.
28. O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.
29. Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.
30. Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş – gözlə bir – birinə işarə edirdilər.
31. Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.
32. Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır»- deyirdilər.
33. Halbuki, onlar bunlar (möminlər) üzərində nəzarətçi göndərilməmişdilər (ki, onların haqq yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).
34. Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər.
35. Onlar (Cənnət) taxtlar(ının) üzərində (əyləşərək Cənnətdəkilərin və Cəhənnəmdəkilərin) halına tamaşa edərlər.
36. (Tamaşa edərlər ki,) görəsən kafirlərə, etdikləri əməllərinə görə cəza verildimi? (Ya batil əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?)