Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Muzzəmmil surəsi
←Əl-Cinnə surəsi | Quran. Əl-Muzzəmmil surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əl-Muddəssir surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Ey libasına bürünmüş.
2. Gecə–az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!
3. Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt;
4. Yaxud yarıya artır (onun üçdə ikisini), Qur’anı tərtil ilə (aram – aram, aydın və tərtiblə) oxu!
5. Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (mənalarının başa düşülməsi, onun həqiqətlərinə varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi və cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.
6. Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir.
7. Və əlbəttə, sənin gün ərzində uzun–uzadı işlərin vardır (və ibadət üçün nisbətən az vaxtın qalır).
8. Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.
9. O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil tut (və Ona təvəkkül et).
10. Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.
11. Təkzib edən mal-dövlət sahiblərini Mən(im öhdəm)ə burax və onlara (bu dünyada) azacıq bir möhlət ver ki,
12. Həqiqətən, Bizim yanımızda (axirət aləmində) ağır zəncirlər (qandallar) və şiddətlə yanan alovlu bir od vardır.
13. Və boğazda ilişib qalan bir yemək və ağrılı bir əzab (vardır).
14. O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.
15. Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.
16. Firon o peyğəmbərə asi oldu, Biz də onu ağır bir tərzdə (Öz əzabımızla) yaxaladıq.
17. Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!
18. Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.
19. Həqiqətən, bu (ayələr) öyüd – nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər).
20. Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.