Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ət-Tin surəsi

Vikimənbə saytından
Əl-İnşirah surəsi Quran. Ət-Tin surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Ələq surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül – Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).
2. Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
3. Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi – Müəzzəməyə) ki,
4. Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
5. Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).
6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız – hesabsız bir mükafat vardır.
7. Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!
8. Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi?