Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Nun (Qələm) surəsi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əl-Mulk surəsi Quran. Nun (Qələm) surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Haqqə surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi – Məhfuza və (qələmin batrılaraq yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi – Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər; və Lövhi – Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
2. Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
3. Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
4. Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
5. Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
6. Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
7. Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
8. Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
9. Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
10. Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
11. Çox eyb axtarana, pis danışana və söz gəzdirənə,
12. Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
13. Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
14. (Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
15. Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».
16. Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.
17. Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
18. Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
19. Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
20. Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.
21. Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:
22. «Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»
23. Beləliklə bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)
24. «Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»
25. Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.
26. O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».
27. «(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»
28. Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»
29. Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»
30. (Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.
31. Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».
32. «Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
33. (Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!
34. Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.
35. Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!
36. Sizə nə olub? Necə hökm edirsiniz?!
37. Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,
38. (O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!
39. Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
40. Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!
41. Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
42. (Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
43. Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
44. Belə isə, bu kəlamı (Qur’anı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
45. Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
46. Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
47. Ya bəlkə qeyb (Lövhi – Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil – sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
48. Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
49. Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
50. Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.
51. Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Qur’anı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
52. Halbuki, bu (Peyğəmbər və bu Qur’an) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.