Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Sərbəst insanlar ölkəsinin əsas qanunu

Vikimənbə saytından
Mən bir əsir idim, azad olmaq istədim Sərbəst insanlar ölkəsində. Sərbəst insanlar ölkəsinin əsas qanunu
Müəllif: Əhməd bəy Ağaoğlu
Azad olmaq nə qədər çətin imiş


Mən o dəqiqə risaləyə sarılıb, üzərindəki bu başlığı oxudum:

"Sərbəst insanlar ölkəsinin əsas qaydaları"

İlk səhifəni çevirdim. Gözüm bu başlığa sataşdı:

Ümumi əsaslar

Bunun altında aşağıdakı maddələr yazılmışdı:
1. Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.
2. Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər.
3. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.

Çox qəribə görünən bu maddələri oxuyandan sonra gözüm ikinci başlığa sataşdı:

"Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)"

Yasada aşağıdakı maddələr qeyd olunmuşdu:

1. Azadlıq doğruya və cəsarətə söykənir;
2. Yalan, sərbəst insanlar ölkəsində tam yasaqdır.
Bu azara tutulan ölkə xaricinə çıxarılır;
3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar;
4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar;
5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz;
6. Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır;
7. Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar;
8. Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər;
9. Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar;
10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər;
11. Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;
12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;
13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar;
14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur.Maddələri oxudum və düşündüm: Adamı mat qoyan bir ölkədir! İndiyə qədər bunun tam tərsini görmüşəm və tam tərsini eşidib, tam tərsinə alışmışam!.. Görəsən, öyrəşə biləcəyəmmi? İçimi şübhə və tərəddüdlər bürüdü. Xəyalıma bir an buradan qaçmaq gəldi. Ancaq qürurum, şərəf duyğum mane oldu. Öz-özümə dedim ki:

"Bura gəlmişəmsə, sərbəst insanlar ölkəsinin vətəndaşı olmaq istəmişəmsə, alışmağa çalışmalıyam. Bu, bir şərəf məsələsidir. Bəli, bilirəm ki, hələ çox qorxub çəkinəcəyəm, dədə-babalarımdan və tarixdən gələn xasiyyətlərim var. Onlardan ayrılmaq çətindir. Ancaq hər necə olsa, çalışıb qeyrət göstərmək də mənim vəzifəmdir". Beləcə, qanunu öyrənməyə, yasalar üzərində düşünməyə qərar verdim. Bir neçə gün ötdü. Maddələri əzbərlədim. Üzərlərində düşündüm, bəzilərinin hikmətini anlaya bilmədim, bəziləri haqqında tərəddüd etdim və yaşlı adamlardan
izahat istəməyə qərar verdim. Bu arada ətrafıma boylandım. Olduğum evi, gördüyüm adamları öyrənməyə başladım. Oxuduqlarımdan da çox gördüklərim məni heyrətə saldı. Anladım ki, qaldığım ev bir qonaq eviymiş və şəhərdə bunun kimi daha bir neçə bina varmış. Sərbəst insanlar ölkəsinə sığınanlar bu evlərdə qalırmış. Evdə mənimlə bərabər 20-yə qədər qonaq vardı. Aralarında bir neçə qadının da olduğu gözümdən qaçmadı. Burada sadəlik və təmizlik yaşayışın təməliydi. Bol yaşıllıq və bol günəş sizə sağlam və güvənli bir yaşayışdan xəbəri verirdi.
Məni qonaq evinə gətirən yaşlı kişi ertəsi gün məni ümumi yeməkxanaya aparıb, oraya toplaşan qonaqlara tanıtdı:
"Yeni vətəndaşdır" - dedi. Hamı məni gülərüzlə, sevinc dolu baxışlarla qarşıladı və "Qutlu olsun!" - dedi.
Yemək bol və sadə idi. Yeməkdən sonra salona keçdik. Burada xanımlardan biri piano önünə oturub nəsə çalmağa başladı. Qonaqlar ayağa qalxaraq duaya bənzər bir türkü oxudular. Türkünün həzin havası içimə doldu.

Yaşlı kişi mənə üz tutub:
- Bu türkünü öyrənməlisiniz, - dedi və əlimə yazılı bir vərəq uzatdı.
Oxudum:
"AZAD OLMAQ NƏ QƏDƏR ÇƏTİN İMİŞ!"