Məzmuna keç

Topal Teymur/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Topal Teymur. Üçüncü pərdə
Müəllif: Hüseyn Cavid
Dördüncü pərdə


Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar [1]gülü gözə çarpar. Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək şairanə bir mənzərə ərz edər. Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarınıyerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər.

N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə!
C ü c ə (qaçar, bir guşədə istehzalı qəhqəhələrlə hoplayaraq). Əfv edərsin, Nazim ağa! Bən Cücə, sən qara qurbağa...
N a z i m (daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tevr ilə). Allah, allah! Sən artıq hədyan ediyorsun.
C ü c ə. Rica edərim ağzını bozma! Qarşındakı Cücə deyil, bəlkə cihangir bir xaqandır.
N a z i m. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı?
C ü c ə (sırıtaraq). Bağışla, Nazim ağa, azcıq sapıtdım.
N a z i m. Allah, allah! Bir boyuna baq da, utan, adəta mətbəx davşanlarına bənziyorsun.
C ü c ə. Əfəndimiz həzrətləri də tam mə’nasilə kəlisa mərdivəni... Qamətinə qurban olayım, bir az da uzansan Allahdan xəbər gətirəcəksin.
N a z i m. Allah, allah! Sən nə zəvzək hərifsin, hiç Məhəmməd ümməti də kəlisa mərdivəninə bənzətilirmi?
C ü c ə. Bağışla, bilmədim. Sən müsəlman bir ərəbsin, minarəyə daha çoq bənzərsin; çünki başının boşluğu, boyunun yucalığı, qəlbinin əyriliyi minarədən seçilməz.
N a z i m. Allah, allah! Sən kafir oldun, dinə sataşdın.
C ü c ə (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də pək şaşdın.
N a z i m. Vay, sərsəm hərif, vay, dur bir səni yaqalayım. (Yaqalamaq istər).
C ü c ə (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünki səni yaratırkən Tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsın, qaz...
N a z i m. Sən nəsin, sən? Çoq bildiyindən yastılaşıb qalmış bir tilkiyə bənziyorsun.
C ü c ə (sırıtaraq). Bağışla, daha səninlə alay etməm. Ver əlini, barışalım. (Yaqlaşıb əlini uzatır).
N a z i m. İstəməm, rədd ol! (Ətrafa baqır, təlaş ilə). Ah, iştə Sultan əfəndimizləhərəmi Meliça!..
C ü c ə (baqar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım Bayazid!
N a z i m (şaşqın və qızğın). Allah, allah! Hiç Sultan əfəndimizə qul denirmi? Halbuki o, yer yüzündə zilli-allah sayılır.
C ü c ə. Əvət, sənin kibi uzunqulaqların bərəkətindən...
İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arqasınca heyrətlə baqıb durur. Şu halda Y ı l d ır ı m l a M e l i ç a gəlir. Nazim əyilir.
M e l i ç a. Aman əfəndim, yenə nə olmuş? Pək rahatsız görünüyorsun?
Y ı l d ı r ı m. Bu gün yemək yeyirkən fəzlə şərab içdim də qafam bir dağ qadar ağırlaşmış...
M e l i ç a. Başdakı şərab ağrısını yenə şərab çıqarır. (Ərəbə). Nazim ağa! Bir az şərab gətir. Hanı ya, Serbistandan bənim adıma göndərilmiş şərablardan olsun.
Y ı l d ı r ı m. Bir də sədri-əzəm paşa gəlmişsə, xəbər ver!
N a z i m. Baş üstünə. (Əyilir çıqar).
Y ı l d ı r ı m. Bən Serbistan şərabını pək sevərim, çünki səni bəsləyən abü hava ona da başqa bir lətafət vermiş.
M e l i ç a. Serbistan bana ana qucağı isə, Yıldırım məmləkəti də mə’şuq ağuşu qadar munis və ruhaşinadır.
Y ı l d ı r ı m. Sevgili Meliça! Sözlərin də vücudun kibi lətif və zərifdir.
N a z i m (gəlir). Sədri-ə’zəm Əli paşa hazır. Əmri-hümayuna müntəzir.
Y ı l d ı r ı m. Söylə, buyursunlar. (Nazim çıqar). Əli paşa gerçəkdən dəyərli bir zat. Həm dindar bir hökumət adamı, həm də bir ailə ə’zası kibi saraya məhrəm və bizimlə həmpiyalə...
M e l i ç a. Əvət, o pək eyi adam. Ona qarşı bir qardaş kibi hörmət bəslərim.
Ə l i p a ş a (gəlir, nəş’əli birp tevr ilə təmənna edərək). Səlam və ərzi-ehtiram!
Y ı l d ı r ı m. Əleykümsəlam! Buyurun, baqalım niçin gecikdiniz?
Ə l i p a ş a. Topal Teymurun dünkü məktubuna cavab yazıyordum.
Y ı l d ı r ı m. Nasıl yazdınız?
Ə l i p a ş a. Əmr etdiyiniz kibi. Əvvəlki məktubumuza nisbətlə daha soyuq, daha qızğın. (Qoltuq cibindən çıqarır, təqdim edər). Mütaliəsi arzu buyurulursa, iştə!
Y ı l d ı r ı m. (məktubu açır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır). Əvət, pək gözəl.
Ə l i p a ş a (ətrafa). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu gözlərinə yapışdırsın. (Yıldırıma). İnsaf eyi bir şeydir, əfəndim, gör bizdən kimi istiyor. Hiç Qaraqoyunlu əmiri kibi xeyirxah bir şəxs ona təslim edilirmi? Halbuki Qara Yusif, yaxud Sultan Əhməd Cəlayir bizim ən yaqın dostlarımızdır.
M e l i ç a (heyrətlə). Aman, ya rəbbi! Şu Teymur da pək şımarıq hərif.
Y ı l d ı r ı m. (mütaliəyə dəvam ilə). Zərər yoq, nə qadar şımarırsa o qadar ağır cavablar alır.
M e l i ç a (ətrafa). Zavallı Yıldırım! Kor olduğunu bütün cihana e’lan edəcək. (Yıldırıma). Aman, əfəndim, gözlərinizi mə’nasız şeylərlə yormayınız.
Y ı l d ı r ı m. (Əli paşaya). Pək xoşuma getdi, əvət Teymura layiq bir cəvab.
Bu sırada N a z i m digər bir xidmətçiylə bərabər üzəri şərab, məzə və gül dəməti ilə süslü bir masa gətirir. Xidmətçi çıqar.
Ə l i p a ş a. Rica edərim Teymuru bıraqınız, bunları buraya niçin gətirdilər?
Y ı l d ı r ı m. Təbii, içilmək için.
Ə l i p a ş a (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarım sərxoş isəm də, şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərim. Var olsun Meliça həzrətləri! İçərlər.
M e l i ç a. Doğrusu səmimiyyət və nəzakətiniz bəni heyran ediyor.
Y ı l d ı r ı m. Əvət, Əli paşa əmsalsız bir vücuddur. (Əli paşaya). İşrət xüsusunda sevgili Meliça bana ilk rəhbər isə, sən də ikinci müəllimsin. Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəş’əli bir günahdır.
Ə l i p a ş a. Bəncə ibadət də lazım, işrət də. Tövbə qapısı daima açıqdır. (Təkrar qədəhləri doldurur).
M e l i ç a. Siz diplomatlar şərabı da şəriətə uydurub öylə içərsiniz.. Bana qalırsa şərabda hiç bir günah yoq; baxüsus Serbistan şərabı olursa!
Ə l i p a ş a (nəş’əli və mə’nalı bir tevr ilə). Əvət, baxüsus Serbistan şərabı olursa. (Qədəhi qaldırır). Yaşasın şanlı Yıldırım Bayazid!..
Y ı l d ı r ı m. Var ol, paşa həzrətləri!
(İçərlər. Meliça bir yutum içər, qədəh dolu qalır).
Ə l i p a şa. Hanı ya, bizim Cücə nerdə? O hər aqşam məşhur bir hökmdar qiyafətində çıqardı.
Y ı l d ı r ı m. Nazim ağa! Cücə nerdə?
N a z i m. Bu saət. (Əyilir, çıqar).
Y ı l d ı r ı m. Gəlsin, baqalım, nə oyun çıqarır.
Ə l i p a ş a. Bən istərdim ki, İspaniya kralı Üçüncü Genrix [2] qiyafətində gəlsin, çünki o Teymura qarşı pək yaltaqlıq ediyor. Hətta elçilər göndəriyor, onunla ticarət müahidələri yapıyor.
Y ı l d ı r ı m. Zənnimcə Teymurun kəndisini yansılarsa daha xoş, daha məqbul...
C ü c ə kəndisini izləyən iki m i s q a r a q i y a f ə t li a r q a d a ş i l ə bərabər Teymur qiyafətində daxil olur. Ağır və komikcə adımlarla aqsayaraq onlara doğru ilərilər və bir heykəl kibi qarşılarında dikilib durur.
M e l i ç a (gülməkdən kəndini alamıyaraq, heyrətlə). Ah, qorqdum, nə əcayib şey! Əcəba bu kim, bu nə qiyafətdir?
Y ı l d ı r ı m. Dur, kəndisinə soralım.
Ə l i p a ş a. Topal Cücə? Sən kimsin və nəçisin?
C ü c ə (məğrur və əzəmətli). Bana xaqanlar xaqanı, Turğay oğlu Teymur derlər. Bən Yeşil şəhərdə dünyaya atıldım, Səmərqənddə nəşvü nüma buldum. Babam Barlas qəbiləsinin hökmranı, kəndim Gürkan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda sürəkli qəhqəhələr...)
Y ı l d ı r ı m. (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun!
C ü c ə. Bən on iki yaşında ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım. Bənimlə görüşənləri ciddi bir vəqar və hörmətlə qəbul edərdim. On səkiz yaşımda binicilik və avçılığa həvəs etdim. Vəqtimin çoqunu Qur’an oqumaqda, şahmat oynamaqda
və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım. İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmanlara əsir düşdüm. Sonra bir çoq arqadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim,
gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə aqsaq qaldım. (Aqsayaraq yürür, kəskin bir ahənglə) Əvət bənim yaralı arslan, bənim Topal Qaplan. Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülər.
N a z i m (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, allah!..
M e l i ç a. Aman, nə gözəl natiq!..
Ə l i p a ş a. Əvət, dəhşət, dəhşət!
Y ı l d ı r ı m. Sonra nə oldu? Söylə, baqalım, sonra?
C ü c ə. Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx şəhrinə vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir e’lan olundum.
Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu. Ermənistan və Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular isyan etdi, ayaq altında əzildi. Şah Mənsur tüğyan etdi, bir anda başı kəsildi. (Son dərəcə məğrur). Əvət bənim cihangiri dahi!.. Bənim hərb allahi!.. Masqaralarda istehzalı qəhqəhələr.
N a z i m (şaşqın, ətrafa). Allah, allah!
Y ı l d ı r ı m. Əvət, iştə Cücə bir dahi!
Ə l i p a ş a. Daha doğrusu dahi bir Cücə.
Y ı l d ı r ı m. Sonra... Daha sonra?
C ü c ə. Bən devlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorqu arasında tutdum. Bir çoq nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər vətöhmətlər eşitdim. Fəqət bəni tənqid edən şımarıq, qəlbi kor cahillərə əhəmiyyət belə vermədim. Yalnız çalışdım, təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət və nəcabət, əqil və kəyasət aradım. Daima ordu və rəiyyətin əhvalını eyiləşdirməyə çalışdım.
Y ı l d ı r ı m. Ya şu tökdüyün qanlara, şu qopardığın tufanlara nə mə’na verəlim?
C ü c ə. Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, kənardan baqıb duramam. Xəlqin əmniyyəti için zülmün kökünü qazımaq və o məmləkəti uslandırmaq istərim. Iştə buna görədir ki, Xorasana girdim, bütün Iranı
devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım. Əvət, bənim böyük Teymur... Bənim sarsılmaz imperator!.. Masqaralarda istehzalı qəhqəhələr.
N a z i m (ətrafa). Allah, allah!
Ə l i p a ş a. Dəhşət, dəhşət!
M e l i ç a (qalqar). Artıq bən gediyorum.
Y ı l d ı r ı m. Niçin? Cücənin sözləri səni qorqutdumu?
M e l i ç a. Xayır! Lakin bu masqaralıqlardan içimə fənalıq gəliyor. Saydıqları yalan olsa belə, acı və dikənlidir.
Y ı l d ı r ı m. (Cücəyə). Haydı, rədd ol, həmən şu biçimdə qiyafətini də dəyişdir. Cücə və arqadaşları məclisi tərk edərlər.
Ə l i p a ş a. Aman, əfəndim! Cücə bu aqşam dəhşətdir, dəhşət!
M e l i ç a (oturur). Bıraq, dəf’ olsun, insanın sinirlərinə doqunuyor.
Y ı l d ı r ı m. Pəki, şimdi nə istərsiniz?
Ə l i p a ş a. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəyi seyr edəlim.
M e l i ç a. Bən də eşitdim, hənuz görmədim.
Y ı l d ı r ı m. Nazim ağa! Şamlı qızı...
N a z i m. Hazır! (Əyilir, çıqar).
Ə l i p a ş a. Pək mədh ediyorlar. Ərəblərin rəqsləri də iqlimləri kibi atəşlidir.
Y ı l d ı r ı m. Əvət, gerçəkdən pək atəşli.
M e l i ç a (istehzalı təbəssümlə). Saqın, Paşa həzrətlərini yaqmasın! Doğrusu, pək şaşırıyorum. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən bir də şamlı qızına nə ehtiyac vardı?
Y ı l d ı r ı m. Sənət və gözəllik hər kəsin kəndi zevqilə ölçülür. Saray rəqqasələri başqa, şamlı qızı isə daha başqadır.
Ə l i p a ş a. Əvət, gönül nəyi sevərsə, o, gözəldir. (Ərəb musiqisilə ərəb rəqsi başlanır, şamlı qızının gəldiyini görüncə.) İştə atəşli baqışlar!
N a z i m (rəqs bitdikdə rəqqasənin süzülüb getdiyini görüncə kəndini alamıyaraq şaşqın və coşqun bir səslə.) Allah, allah! Bu nə məlahət! Bu nə lətafət!
Y ı l d ı r ı m. (mültəfit olaraq gülər). Nə oluyorsun, yahu! Pəkmi xoşuna getdi?
N a z i m (niyazkar). Aman, sultanım, qüsurə baqmayınız.
M e l i ç a (yarımqəhqəhəylə). Zavallı adəta kəndindən keçmiş.
Ə l i p a ş a. Nə yapsın? Iştə ərəb ruhu, ərəb zevqi! Yalnız o deyil, bən belə bayıldım.
M e l i ç a. Ya, öyləmi? (Incə və nəş’əli qəhqəhədən sonra). Aman, doktor çağıralım.
Y ı l d ı r ı m. Xayır, doktora hacət yoq, o getdiyi kibi Paşa həzrətləri ayıldı.
Ə l i p a ş a. Əvət, gerçəkdən öylədir. (Meliça qalqır.) Nə oldu, niçin qalqdınız?
M e l i ç a. Artıq gedirim.
Y ı l d ı r ı m. Əli paşa da yeməkdə bərabər bulunacaq.
M e l i ç a. Pək məmnun olurum. (Gedir).
Ə l i p a ş a. Əfəndimizin şu dərin səmimiyyətləri, bana bəxtiyarlıqdan daha yüksək bir nəş’ə verir.
Bu sırada C ü c ə hoplayaraq, mayallaq vuraraq əsil masqara qiyafətində girər.
Y ı l d ı r ı m. Yenəmi sən?
C ü c ə. Nə yapayım, məclis boş qalmaz a... Bu yerdən mələk çəkilincə şeytan girməli.
Ə l i p a ş a. Əhsən, əhsən! Cücə bu aqşam dəhşətdir, dəhşət!
Y ı l d ı r ı m. Haydı, al, mələyin içdiyi şu qədəhi yuvarla!
C ü c ə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı burnunun üzərindən dökü verir.)
Y ı l d ı r ı m. Nə yapıyorsun şaşqın hərif! Sən hənuz şərab içməsinidəmi öyrənəmədin?
C ü c ə (Yıldırımı mə’nalı baqışlarla süzərək). Bən əşirətdən yetişmə bir çoban oğluyum. Nə etməli, şimdiyə qadar ancaq qımız və ayran içməsini öyrənə bildim.
Y ı l d ı r ı m. (ətrafa). Acı bir kinayə!
C ü c ə. Şu yaqınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan öyrənirim. (Əli paşayı mə’nalı bir baqışla gözdən keçirir.) Hətta bir taqım siyasilər kibi, namaz qılarkən belə sərxoşluqdan vaz keçməm.
Ə l i p a ş a (ətrafa). Ah, bəni təhqir ha? (Cücəyə, sinirli) Şımarıq hərif, sən artıq həddini aşıyorsun.
Y ı l d ı r ı m. Zərər yoq, o bu gün pək nəş’əlidir, xatirini qırma! Yalnız səninlə deyil, bənimlə də əyləniyor (Cücəyə.) Bana baq, Cücə! Bənmi eyi hökmdarım, Teymurmu?
C ü c ə. Aman verilirmi?
Y ı l d ı r ı m. Söylə!
C ü c ə (sırıtaraq Yıldırımın qucağına). O, dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər).
Y ı l d ı r ı m. Sus, ədəbsiz! O halda sən nə olursun?
C ü c ə (sədri-ə’zəmə işarətlə). Bən də sənin quyruğunun quyruğu... (Qəhqəhə)
Y ı l d ı r ı m. Pəki, sənin quyruğun?
C ü cə (Nazimi göstərir). Iştə! Seyr edə bilirsiniz.
(Qəhqəhə)
N a z i m (ətrafa). Allah, allah! Şu hərif çıldırmış. (Salonu tərk edər.)
Y ı l d ı r ı m. Haydı, yetişir, dəf’ ol! Sən bu aqşam zəhərli bir dikən, sərsəm bir eşək arısı, quduz bir köpəksin.
C ü c ə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəyi göstərir və açar). Əvət, bən zəhərli bir dikənim, iştə mayıs çiçəkləri! Bən bir eşək arısıyım, iştə serb və macar kələbəkləri! Bən quduz bir köpəyim, iştə rum və bolqar mələkləri!
Qəhqəhələrlə çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi sırada N a z i m a ğ a sür’ətli adımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söylər.
Y ı l d ı r ı m. (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya). Bunları al da, söylə, hər üçünü gətirsinlər.
Nazim kəndisini bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür.
Ə l i p a ş a. Gələn kimdir əcəba?
Y ı l d ı r ı m. Teymurun adamlarından üç nəfər casus yaqalamışlar.
Ə l i p a ş a. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur.
Y ı l d ı r ı m. Zənn etməm, hiç zənn etməm. (Qızğın.) Ah, azğın hərif, bir tərəfdən elçi göndəriyor, bir tərəfdən casus...
Bu sırada iki silahlı y e n i ç ə r i mühafizəsi altında Orxan, O l q a və D ə m i r q a y a daxil olur.
Y ı l d ı r ı m. Teymur casusları sizmisiniz?
Or x a n . Əvət, öylə diyorlar.
Y ı l d ı r ı m. Buraya niçin göndərildiniz?
Or x a n . Göndərilmədik, kəndi arzumuzla gəldik.
Y ı l d ı r ı m. Bu gəlişdən məqsəd?
Or x a n . Məqsəd Topal Teymuru atmaq, ulu cultanı tutmaq.
Y ı l d ı r ı m. Unutma ki, yalançıların cəzası ölümdür.
Or x a n . Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir.
Y ı l d ı r ı m. (Olqaya). Pəki, sən söylə, yavrum, Teymurdan niçin qaçdınız?
Or x a n . Çünki Teymur xudkamdır.
Y ı l d ı r ı m. Bıraq kəndisi söyləsin.
Or x a n . O, dilsizdir.
Y ı l d ı r ı m. (D ə m i r q a y aya). Adın nədir?
D ə m i r q a y a (qalın səslə). D ə m i r q a y a.
Y ı l d ı r ı m. Sən söylə baqalım, niçin gəldiniz?
D ə m i r q a y a (laübali, Orxana işarətlə). Orxan gəl, dedi, gəldik.
Y ı l d ı r ı m. Bir səbəb yoqmu ya?
D ə m i r q a y a. Əlbəttə var, fəqət gizli bir səbəbdir.
Y ı l d ı r ı m. (məraqlı). Gizli səbəbmi? O nə imiş?
D ə m i r q a y a. Onu Orxan bilir. Nəmə lazım, bən qarışmam.
Y ı l d ı r ı m. Ya! Qarışmazsın, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! (Nazim çıqarkən). Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı!
Ə l i p a ş a. Aman, Sultanım, əcələ ediyorsunuz?
Y ı l d ı r ı m. Xayır, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçiyor.
Ə l i p a ş a. Rica edərim, hiç elçi boynu vurulurmu?
Y ı l d ı r ı m. (qızğın). Əvət vurulur, bən əmr edərsəm vurulur.
Ə l i p a ş a. Hiç olmasa bu hökmün icrasını yarına bıraqmal.
Y ı l d ı r ı m. (daha qızğın). Yetişir, iltimasa hacət yoq...
Bu sırada N a z i m gəlir, c ə l l a d və i k i y e n i ç ə r i l ə bərabər S o b u t a y daxil olur.
Y ı l d ı r ı m. (Sobutaya). Bana baq, bunları tanıyormusun? Doğru söylə, yoqsa ən yüngül cəza ölümdür.
S o b u t a y. Sobutay nə yalan söylər, nə də ölümdən qorqar.
Y ı l d ı r ı m. (sinirli və qızğın). Sözümə cəvab ver, bunları tanıyormusun?
S o b u t a y. (kinli və əzəmətli bir baqışla Orxanı süzərək). Türküstanda tanırdım, fəqət osmanlı paytaxtında xayır...
Y ı l d ı r ı m. Niçin?
S o b u t a y. (Orxana işarətlə). Çünki şu hərif vətən xaini. Bunlar da onun kölgəsi...
O l q a. (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də Türküstanı tərk etdi.
Or x a n . Olqa! Sən sus!
Y ı l d ı r ı m. Şu qadın kimdir?
Or x a n . Moskof tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz.
S o b u t a y. (acı və istehzalı təbəssümlə). Daha doğrusu Teymur sarayını süsləyən bir çiçək və sənin qandırıb da uçurduğun şux bir kələbək... (Kəskin.) Lakin nerdə olursa olsun xəyanət cəzasız qalmaz.
Y ı l d ı r ı m. (Sobutaya). Sən sus! (Yeniçərilərə.) Şunu kəndi odasına götürün. (Əli paşaya.) Dəminki məktubu da ver, Teymura götürsün.
Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıqar.
Ə l i p a ş a. Artıq məsələ aydınlaşdı.
Y ı l d ı r ı m. Xayır, daha var. (D ə m i r q a y aya.) Sən söylə! Dəmin gizli səbəb diyordun, o nə imiş?
D ə m i r q a y a. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə.) Zatən həpsini açıb dökdü.
Y ı l d ı r ı m. Gizli səbəb yalnız onun dediklərimi?
D ə m i r q a y a. Daha nə olacaq, hiç qadınla səfərə çıqılırmı? Nəmə lazım, kəndi işləri...
Y ı l d ı r ı m. (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kibi iki sözdən fəzlə bir şey bilməz. (Cəllada.) Haydı, ilk öncə bunu dəf’ et. (Cəllad hazırlanır.)
O l q a. Ah!..
Orxan (kəskin). Xayır. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır. Əsil e’dam ediləcək bənim, bən...
Y ı l d ı r ı m. Cəsarət səni məğrur ediyor (Cəllada.) Pəki, əvvəl onu susdur.
O l q a. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Şiddətli ıçqırıqlarla ağlar, Sultanın ayaqlarına qapanır.)
O r x a n (şiddətli və istehzalı qəhqəhələrlə gülərək). Zavallı qızcığaz! Sən həqli imişsin. Ah, Teymur, Teymur!..
Y ı l d ı r ı m. (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saqla! (Orxana). Niçin güldün, niçin Teymuru xatırladın?
O r x a n . O bənim biləcəyim iş, sən yalnız e’dam etdirə bilirsin.
Ə l i p a ş a. Xayır, bu səbəbsiz deyil.
O l q a. (başını qaldırır. Göz yaşını silərək.) Ah, səbəbini bən söylərim.
O r x a n Qalq! Hiç bir şeyə ehtiyac yoq. Söyləmək lazımsa kəndim söylərim. (Olqa qalqar).
Y ı l d ı r ı m. Pəki, kəndin söylə! Şu qəhqəhələr niçindir, əcəba?
O r x a n . Şu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli Teymura səcdə edərkən, yalnız bən isyan etdim. Halbuki onun küçük bir təhqirinə dayansaydım, şimdi e’dama layiq görülməzdim.
Sükut...
Y ı l d ı r ı m. (mülayim). Bu sözlərin nə dərəcə doğru olduğunu bilmək istəməm. Bən hər ikinizi şu qızın göz yaşlarına bağışladım.
O l q a. Ah, kölgəniz əskik olmasın.
Ə l i p a ş a. Əvət, göz yaşları mə’sumiyyəti isbat için ən parlaq şahiddir...
Or x a n . Lakin, bir rica etmək istərdik.
Y ı l d ı r ı m. Söylə.
Or x a n . Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə dönəməyiz, sədaqətimizə qarşı şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. Əgər müsaidə buyurulursa Mısır-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər bulunur.
Y ı l d ı r ı m. (məmnun təbəssümlərlə yerindən qalqar). Xayır, hiç bir yerə getməyəcəksiniz. Siz bənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə şübhəm qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, misafirlərə ehtiram lazım.
Nazim cəllad ilə bərabər çıqar.
O r x a n (arqadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz.
Y ı l d ı r ı m. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Əli paşa ilə məclisi tərk edir).
O r x a n (ətrafa). İştə ilk fəlakəti atladıq.
O l q a. Ah, pək qorquyorum. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun qəhrü qəzəbi bəla yıldırımı kibi üzərimizdə patlayacaq. Ah, o bəni niçin gördü? O r x a n . Hiç məraq etmə, bən Sobutayı görürüm.. O pək nəcib qəhrəman. Kimsəyə
bir şey söyləməz. Hətta Teymur duysa belə əhəmiyyət verməz.
D ə m i r q a y a (bir tərəfdə). Nəmə lazım, bən qarışmam. Ölürlər ölürüm, qalırlar qalırım.
O l q a. (Saqsıda gördüyü yeşil fidancığazı göstərir). Ah, o nə xoş, nə təravətli gül fidanı.
Or x a n . İştə həmişəbahar gülü, baq, hənuz yeni-yeni qönçə verməyə başlıyor.
O l q a. Əvət, pək gözəl...
O r x a n . Bir gün gəlir ki, şu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər çiçəklənməyə başlar.
N a z i m (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər).
O r x a n . Gedəlim. (Nazimi göstərir.) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və parlaq bir sabaha də’vət edir. (Gedirlər).

Pərdə

Qeydlər

[redaktə]
  1. Həmişəbahar
  2. Yaxud Hanri