Topal Teymur/Dördüncü pərdə

Vikimənbə saytından
Üçüncü pərdə Topal Teymur. Dördüncü pərdə
Müəllif: Hüseyn Cavid
Beşinci pərdə


Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli alnında düşünür.

O l q a. (saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək). Orxan!
O r x a n . Sənmisin, Olqa?
O l q a. Nə düşünüyorsun, mane oldum, deyilmi?
O r x a n . Xayır...
O l q a. Niçin böylə dalıb gediyorsun?
O r x a n (gül fidanını göstərir). İştə hər tərəfə gözəl qoqu və nur saçan şu gülləri görüyormusun? Baq, nə qadar dəyişmiş. Bunlar bir zaman yemyeşil tumurcuq halında idilər.
O l q a. Əvət, xatırlıyorum, casus deyə tam bizi yaqaladıqları gecəydi.
O r x a n . Bən o gecə, açmamış qönçələri gönlümüzdəki arzulara bənzətmişdim,
deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini buluyor, onlar kibi çiçəklənməyə başlıyor.
O l q a. Pəki, o halda bu düşüncələr nə?
O r x a n . Olqa! Biz artıq burayı tərk etməliyiz.
O l q a. Niçin? Halbuki burada səadət var.
O r x a n . Xayır, bil’əkis səadət bizi başqa aləmdə gözlüyor.
O l q a. Fikrini hiç anlıyamıyorum. Sən Yıldırım kibi böyük bir padşah sarayında... Kəndin də ən sevgili yavərlərdən birisin. Daha nə istiyorsun? (Gül fidanına yaqlaşır, qoqlamağa başlar.)
O r x a n (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi altüst edilmiş, Yıldırımın oğlu öldürülmüş... Daha burda durulurmu?
O l q a. Orxan! Səndə bir sirr var; hər ay gizli məktublar yazıyorsun, əcəba onlar kimə və nerəyə?
O r x a n . Sonra anlarsın, şimdi çabuq hazırlan! Nə olursa-olsun buradan çıqmalıyız.
O l q a. (təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün?
O r x a n . Xayır. Fəqət bir taqım padşahlar, hələ Yıldırım kibi sərxoşlar o dərəcə qorqunc ki, əsla inanılmaz. Əvət, kəndi qardaşını vəhşicə parçalatan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı döktürür.
O l q a. Bən şu şübhələrə hiç bir mə’na verəmiyorum.
Or x a n . Dedim ya, sonra anlarsın. Hazırlan, ehtiyat için bir çarşaf da al, yolda lazım olur.
O l q a. Pəki, lakin...
O r x a n . Sus, iştə gələn var.
O l q a. (baqar). Əvət, sultanın hərəmi Meliça. (Məmnun təbəssümlərlə o gələn tərəfə doğru yürür.)
O r x a n (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq hücuma başlayacaq.
M e l i ç a (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin bana munis olmanız, bilsən nə qadar gönlümü açıyor.
O l q a. Fəqət bən... Bənim gönlümdəki sevinc daha böyük, daha dərindir.
M e l i ç a. Sən nə qadar nəcib isən (Orxana işarətlə), yoldaşın da bir o qadar qəhrəman və nəzakətlidir.
O r x a n . Təşəkkür edərim.
M e l i ç a (ətrafa diqqətlə). Iştə Yıldırım. Aman nə qadar halı pərişan...
O l q a. Əvət, bu günlər əfəndimiz pək düşünüyor.
O r x a n . Nasıl düşünməsin?! Hiç Teymur ordusunun qabalığı çəkilir şeymi?
Y ı l d ı r ı m. (gəlir, tə’zim edərlər. Yanındakı Nazim ağaya). Əli paşa nerdə? Çabuq buraya çağır. (Nazim əyilir çıqar. Yıldırım sinirli). Ah, Teymur! Teymur! Bən sənin bu dərəcə sayğısız olduğuna inanmazdım. (Daha qızğın). Lağımlar vasitəsilə kərastələri tutuşdurmaq, Sivas kibi bir qələyi yandırıb havaya savurmaq sənin həddinmi? Ah, əsirlərin, qələ mühafizələrinin qafasını kəsdirməkmi? Ərtoğrul kibi bir evladı əlimdən almaqmı? Nə böyük cəsarət! Xayır, xayır... Bu dikənli zərbə, bu acı təhqir əsla unutulmaz. Ah, duyğusuz cəllad.
O r x a n . Ehtimal ki, bu hərəkət onu saymadığın için bir ixtar, tə’bir caizsə bir guşmaldır.
Bu sırada uzaqda aşiqanə bir ahənglə çoban qavalı-düdüyü çalınmağa başlar.
Y ı l d ı r ı m. (çılğın). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr, eşidiyorum!
O r x a n . Əvət, ixlas və sədaqətim şu acı həqiqəti söyləməyə bəni məcbur ediyor.
Y ı l d ı r ı m. Bən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və Italiya əskərlərini bir hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana meydan oquyor.
M e l i ç a. Aman, xaqanım! Kəndinizi pək üzüyorsunuz, vücudunuz bir qadar istirahətə möhtac.
Y ı l d ı r ı m. İstirahətmi!? Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi?
(Çılğın). Ah, canavar! (Meliçaya.) Bizi yalnız bıraq. (Meliça Olqa ilə bərabər çəkilmək istərkən.) Söylə o çobanı susdursunlar.
M e l i ç a. Pəki. (Getmək istər.)
Y ı l d ı r ı m. İstəməz, bıraq çalsın.
M e l i ç a. Pəki... (Salonu tərk edərlər.)
Y ı l d ı r ı m. (pəncərəyə yaqlaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.) Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kibi şəhrin əlindən getmiş, nə də Ərtoğrul kibi oğlun... Əlipaşa gəlir, düdük susar.
Ə l i p a ş a (yapma bir təlaş ilə). Əfəndimizi bir qadar kefsiz görüyorum...
Y ı l d ı r ı m. (acı təbəssümlə). Əvət, kefli vəzirlərin sultanı daima kefsiz olur.
Ə l i p a ş a. Hər halda şevkətli xaqanın mərhəməti çakərlərinin qüsurundan daha böyükdür.
Y ı l d ı r ı m. Bana baq, sən Sivas vəq’əsinə nə dersin?
Ə l i p a ş a. Yalnız çocuqca bir təcrübə. Mə’nasız bir təcrübə...
Y ı l d ı r ı m. (qızğın.) Açıq söylə, nasıl mə’nasız?..
Ə l i p a ş a. Çünki Teymur Sivas qələsinə təcavüz etməklə bərabər müharibəyi uzatmaqdan çəkinmiş... Görünür ki, əskərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış. Cəsarəti olsaydı, Sivası bıraqıb da Mısır-Şam tərəflərinə keçməzdi.
Y ı l d ı r ı m. Sən sərxoşsun, bu gün-yarın Mısırı da alt-üst edər, Şamı da.
O r x a n . Zatən etmiş.
Y ı l d ı r ı m. Ah, nə söylüyorsun?
O r x a n . Hətta geri belə dönmüş və Aras çayını keçib Azərbaycana daxil olmuş. Əvət, o şimdi Qarabağın sərin yaylalarında, otluçiçəkli ovalarında istirahət və şənliyə məşğuldur.
Ə l i p a ş a (müztərib, ətrafa). Ah, dəhşət, dəhşət!..
Y ı l d ı r ı m. (Əli paşaya). Pəki, bu xəbəri sən niçin şimdiyə qadar bana söyləmədin?
Ə l i p a ş a. Çünki həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey...
Y ı l d ı r ı m. (pək həyəcanlı və qızğın). Nasıl!? Əhəmiyyətsizmi?! Xayır-xayır. Hiç də öylə deyil. Sən Teymura qarşı Mısır-Şam hökumətlərilə ittifaq yapacağına, Bursa meyxanəçilərinə şərab ısmarlamağa məşğul olmuşsun.
N a z i m (gəlir, əyilir). Şeyx Buxari həzrətləri.
Y ı l d ı r ı m. Gəlsin. (Nazim çıqar, Yıldırım ətrafa). Şeyx fazil və möhtərəm bir zat. Onun bu gəlişi hiç də mə’nasız deyil.
Ş e y x B u x a r i (köylü bir qadınla daxil olur. Tə’zimdən sonra). Əfv edərsiniz, əfəndim, cəsarət ediyorum. Lütfən şu köylü qadını dinləyin. Anadolunun şu yoqsul anasına qulaq verin də, görün nələr söylüyor.
Y ı l d ı r ı m. (qadına). Söylə!
Q a d ı n. Qocamla oğlum xaç qavğasında öldü, ah, ölürkən yüzlərini görmədim, məzarlarına belə həsrət qaldım. Bəni yaşatan ancaq bir təsəlliydi; onlar vətən uğrunda şəhid olmuşlardı.
Y ı l d ı r ı m. Dərdin nədir, onu söylə?!
Q a d ı n. Yetişmiş bir qızım vardı, adı Lalə idi, onu yaşatmaq için hər zəhmətə qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də kəndimi qoşaraq heyvanla bərabər çalışıyordum. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarik ediyordum.
Y ı l d ı r ı m. (azacıq sərt). Sonra?
Q a d ı n (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və sərxoş əskərlərin öküzümü aldılar. Bıraqmaq istəmədim, incitdilər. Yalvardım, döydülər. Bən hiç... Əvət bən hiç... (Yaralı fəryad ilə.) Qızım! Ah, yavrum! Canavarlar yardımsız bir quzuya hücum edər kibi onu sardılar, ağlamasına, çırpınmasına baqmadılar, cəllad kibi alıb götürdülər. (Çılğınca.) Ah, Laləciyim! Ah, yavrum. (Yıldırımın ayaqlarına qapanır).
Y ı l d ı r ı m. (son dərəcə qızğın). Cəvab ver, Əli paşa cəvab ver!
Q a d ı n (çılğın). Ah, sərxoşlar! Canavarlar!
Ş e y x B u x a r i (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olur.
Y ı l d ı r ı m. (kəskin). Bulunsun, şu qadının qızı bu saət bulunsun!
Or x a n . Gəliniz, validə.
Q a d ı n (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (Təkrar hıçqırıqlarla ağlar).
Or x a n . Gəliniz, xəyanət cəzasız qalmaz. (Qadınla bərabər çıqar).
Ş e y x B u x a r i (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi şərablar, yalnız yoqsul köylünün dökülən al qanlarından, qanlı göz yaşlarından tədarik olunur.
N a z i m (gəlir, əyilir). Teymur elçisi!
Y ı l d ı r ı m. Gəlsin! (Sinirli). Yenəmi elçi! Yenəmi Teymur elçisi!
S o b u t a y. (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir).
Y ı l d ı r ı m. (Əli paşaya). Al, oqu! (Sobutaya) Bu məktub nerdə yazılmış?
S o b u t a y. Azərbaycanda, Qarabağ yaylasında...
Y ı l d ı r ı m. Çıq bəklə, cəvabını şimdi alırsın.
S o b u t a y. İtaət! (Əyilir, çıqar).
Ə l i p a ş a (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət!
Y ı l d ı r ı m. Nə yazyor, şimdi nə yazıyor?
Ə l i p a ş a (oqur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə.
Y ı l d ı r ı m. Uzun laf istəməm, yalnız məktubun məalını söylə!
Ə l i p a ş a. Yazıyor ki, bən sizi bir türk xaqanı olaraq sayarım və zatınıza qarşı hörmət bəslərim, fəqət siz bəni saymazsanız aramız soğuyar və bu soğuqluğun nəticəsi pək acı olur. Orxan gəlir.
Y ı l d ı r ı m. Sonra? Sonra?
Ə l i p a ş a (yarımbaqışla məktubu süzərək). İştə bu bənim son məktubum və son təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif ordan uzaqlaşmalı... Şahzadələrinizdən biri mə’murən yanıma göndərilməli. Bən ona evlat kibi baqacağımı şimdidən və’d eylərim, fəqət məktubuma müvafiq cəvab gəlməzsə, hücum edəcəyim şübhəsizdir. Ona görə də hazırlanmanızı ixtar edərim.
Y ı l d ı r ı m. Müharibəmi? Ah, müharibəmi? (Acı qəhqəhəylə.) Gör bizi nə ilə qorqutuyor. Zavallı Topal! Görünüyor ki, qarşısındakını unutuyor. (Pək qızğın). Xayır, onun cəvabı müharibədən başqa bir şey deyil.
Ş e y x B u x a r i. Zənnimcə qəzəb və hiddət əfəndimizi yanlış mühakimələrə sevq ediyor. Teymur da sizin qadar qəhrəman, sizing qadar cəsur və sarsılmaz bir hökmdar... Boş yerə türk evladının qanını dökdürməyin və ətrafınızı saran düşmanları kəndi fəlakətinizə güldürməyin.
Y ı l d ı r ı m. Xayır, mirim! Bən şimdiyə qadar sənin acı nəsihətlərini dinlədim. Əfsus ki, bundan sonra dinləmiyəcəyim, çünki şu məktubun məalı təhqirlərin ən acısıdır.
Ş e y x B u x a r i. Əvət, biliyorum acıdır, hətta bənim sözlərim ondan da acıdır. Fəqət onunla çarpışacağına, kəndi nəfsinlə mübarizə et. Cəsarət ediyorum, mümkünsərəqqasələrə uyma! Serbistan prensesi nüfuzuna qapılma! Və sərxoş vəzirlərə alət olma!
Ə l i p a ş a (ətrafa). Ah, bu nə həzyan?
Y ı l d ı r ı m. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət var. Lakin Teymura qarşı susmaq əsla əlimdən gəlməz. Çünki o bəni tanımıyor, yaxud tanımaq istəmiyor. Hər halda bən kəndimi ona tanıtmalıyım. Əli paşa cəvab yaz.
Əli paşa kağız-qələm hazırlar.
Orxan (tə’zim ilə). Müsaidə buyurulursa, bən də iki söz söyləmək istərim.
Y ı l d ı r ı m. Söylə!
Or x a n . Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrətlərinin tevsiyəsi isə daha xeyirxahanə bir məsləhətdir.
Y ı l d ı r ı m. Bən həpsini düşünüyorum, artıq bizimki məsləhətdən keçmiş. (Qızğın). Cəvab yaz!
Ə l i p a ş a. Əmrinizə müntəzirim.
Y ı l d ı r ı m. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura!
M ə c l i s d ə k i l ə r (heyrət və dəhşətlə ətrafa). Nasıl? Kəlbiəqurmu?!
Y ı l d ı r ı m. Yazdınmı? Kəlbi-əqur Teymura.
Ə l i p a ş a. Əvət, kəlbi-əqur Teymura.
Y ı l d ı r ı m. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üç təlaq ilə boş olsun.
Ə l i p a ş a (yazır, ətrafa). Ah, fəlakət! Dəhşət!
Y ı l d ı r ı m. Ötəsini kəndin bilirsin, iştə bənim deyəcəyim şu!
Ş e y x B u x a r i (müztərib və həyəcanlı). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu cəvab adabi-münazirəyə əsla müvafiq deyil. Həm də hiç bir hüsni-tə’vil qəbul etməz. Əvət, bu bir xəta, bu bir təcavüz ki, hiç bir hökmdarın şanına yaqışmaz.
Y ı l d ı r ı m. Artıq yetişir, rica edərim, kimsə qarışmasın.
Ş e y x B u x a r i (yerindən qalqar, getmək istər). Pəki, sultanım, qarışmam, lakin şu cəvabınızla böyük bir məs’uliyyəti-tarixiyyə altında qalacaqsınız. Bana müsaidə...
Y ı l d ı r ı m. Buyura bilirsiniz. (Şeyx Buxari çıqar. Yıldırım istehzalı təbəssümlə qafasını oynatır.) Əvət, bu məktubla Yıldırım böyük bir məs’uliyyət bir məs’uliyyətitarixiyyə altında qalacaqmış!..
O r x a n . Hər halda Şeyx bədxah bir şəxs deyil.
Y ı l d ı r ı m. Nə olursa-olsun, bənim iradəm qətidir. (Qalqar). Bana baq, Orxan! Sən bu vəqtə qadar bizdən hörmət və məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan tatar-türkmən qəbilələrinə böyük nüfuzun var.
O r x a n . Əfəndimizin lütfündən.
Y ı l d ı r ı m. Iştə onlara icrayi-tə’sir etməli. Yarın orduya səfərbərlik əmr edəcəyim. Baqalım Teymur bizə qarşı nə yapar? Fəqət saqın, vəzifəndə müsamihə etmə! (Çıqmaq üzrə bir neçə adım yürür).
O r x a n . Bəncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə hazırım.
Y ı l d ı r ı m. Haydı, arslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr bəkliyor. Əli paşa! Sən də məktubu elçiyə ver, bəndən son hədiyyə olaraq Teymura götürsün.
Ə l i p a ş a. Baş üstünə!
Ç ı q a r l a r.
O r x a n (yalnız). Ah, Teymur, kəlbi-əqur! (Acı və istehzalı qəhqəhəylə). Əvət, daima sərxoşların təsəllisi həzyan, aciz və zəiflərin silahıisə söyüş və qarğışdır. (Yıldırımın getdiyi tərəfə kinli və qızğın). Fəqət, ey məğrur və əyyaş sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir yılan kibi qıvrılacaqsın. Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsın.

Pərdə