Məzmuna keç

Topal Teymur/Beşinci pərdə

Vikimənbə saytından
Dördüncü pərdə Topal Teymur. Beşinci pərdə
Müəllif: Hüseyn Cavid


Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar.
B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu Topal bir dürlü yorulmaq bilmiyor.
İ k i n c i n ö v b ə t ç i . Yenə şikayətmi? Nə çabuq usandın, əzizim?!
B i r i n c i n ö v b ə t ç i . Mısır və Şamda dökdüyümüz qanlar hənuz qurumamış. Şimdi də Anqara qavğası, Anqara bəlası!.. Nə demək? Beş gün rahatlanmaq yoqmu ya?
İ k i n c i n ö v b ə t ç i . Pəki, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət qadar gözəl ruhlu bir guşəsində sürdüyün zevq və səfalar yetişmədimi?
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Biri üç ay yaşayışdan zevq alırsa, altı ay da hərb etməlimi?
İ k i n c i n ö v b ə t ç i . Şuna baq, müharibə kəndisi də bir zevq deyilmi ya?
B i r i n c i n ö v b ə t ç i . Bıraq Allahı sevərsin. (Bir neçə adım aqsayaraq yürür.)
Şam ətrafında vuruşurkən ayağıma bir ox dəydi də hala aqsıyorum, hala gecələr ağrıdan uyuyamıyorum.
İ k i n c i n ö v b ə t ç i (gülərək). Zərər yoq, saf mal sahibinə bənzər. Teymur da aqsaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş...
B i r i n c i n ö v b ə t ç i (qızğın). Sus bə, sərsəm hərif!
İ k i n c i n ö v b ə t ç i . Pək gözəl, o qarğa olsun, sən qaraquş.
B i r i n c i n ö v b ə t ç i . Xayır, onu da istəməm.
İ k i n c i n ö v b ə t ç i . Pəki, o halda nə istərsin?
B i r i n c i n ö v b ə t ç i . Nə istəyəcəyim, baq şu Anqara müharibəsi bənim hiç xoşuma getmiyor. Nə var, nə yoq, Teymur Yıldırımı yenəcəkmiş... Pəki, bənim xeyrim nə olur? Mısırda, Şamda hiç olmazsa əlimizə paradan-maldan bir şey keçdi. Burda qalib gəlirsək. (Əlini avucuna vuraraq.) Söylə, baqayım, şu avcuma nə girəcək? Anqaranın quru, boş səhrasımı?
İ k i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Vay, yəhudi dəllalı, vay! Sən müharibəyə yəğma içinmi gəldin?
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Topal ad qazansın da arada bənim canım getsin, öyləmi?
İ k i n c i n ö v b ə t ç i . Sus, artıq yetişir; şu sözlər bir türkə yaraşmadığı kibi, bir əskərə hiç yaraşmaz.
B i r i n c i n ö v b ə t ç i . Nə demək? Sanki əskər insan deyilmi ya? (Sinirli). Əvət, nədemək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar! Ac-çıplaq qalan biz, zevqü səfayə dalan yenə onlar!
İ k i n c i n ö v b ə t ç i (gülərək). Yahu, sayıqlıyormusun, onlar kimdir, əcəba?
B i r i n c i n ö v b ə t ç i . Onlar, iştə saraylarda keyf sürən azğın padşahlar, dəli xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eyşü nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılğın dərəbəylər...
İ k i n c i n ö v b ə t ç i (məğrur qəhqəhəylə). Anlaşıldı, əvət anlaşıldı. Bu düşüncələr həp qorqaqlıqdan iləri gəliyor. (Əlilə onun omuzuna vuraraq.) Bana baq, hiç məraq etmə, bu gün-yarın Yıldırım basılır, yenə Səmərqəndə dönəriz.
B i r i n c i n ö v b ə t ç i . Xayır, bu qavğadan gözüm hiç su içmiyor. Yıldırımı pək qəhrəman diyorlar.
İ k i n c i n ö v b ə t ç i . Əcəba, onun nəsi qəhrəman imiş?
B i r i n c i n ö v b ə t ç i . Nə demək! İştə qaç gündür yüz-yüzə duruyoruz. Hərif müharibəyi bıraqıb da şikara çıqmış. Pəki, bundan nə çıqar? Demək o qadar məğrur ki, bizi saymaq belə istəmiyor.
İ k i n c i n ö v b ə t ç i . Zərər yoq, o bizi saymazsa biz onu sayarız. (Boru səsi eşidilir.) İştə Əmir gəliyor. (Baqar, heyrətlə). O nə? Sanki yüz-gözündən atəş saçılıyor.
T e y m u r müharibəyə məxsus qiyafətdə gəlir. D i v a n b ə y i, ş a i r K i r m a n i və A q b u ğ a onu izlər.
T e y m u r. (son dərəcə kinli və qızğın bir ahənglə). Teymur - kəlbi-əqur! Teymur - kəlbi-əqur! Öyləmi, ah, öyləmi? 295
Ş a i r. Ehtimal sərxoş imiş. Yoqsa qoca bir sultanın ağzından öylə söz çıqmaz.
D i v a n b ə y i. Əvət, ehtimal ki, sərsəm və xasta imiş, yoqsa şu hədyan əqli başında olan bir zata yaraşmaz.
T e y m u r. (çılğın). Əvət, ehtimal ki! Ehtimal ki?! Lakin bana da Turğay oğlu Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, sayğısız qafasını uslandırmaq pək qolay... Ah, Yıldırım, Yıldırım! Nə qadar dəhşətli olsan, Hindistanda avladığım qaplanlardan müdhiş deyilsin.
Ş a i r. (ətrafa). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır.
T e y m u r. Qaraqoyunlu əşirəti Isfahan civarında bizə şəbxun yapdılar, əskərlərimdən üç bin kişi öldürdülər. Kəllələrdən qüllələr yapdırdım. Zərər yoq, bir az sonra Yıldırım da bəni tanır. (Pək kinli və sinirli).. Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə
həzyan... nə cəsarət!..
Ş a i r. Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qadar gülünc və mə’nasızdır.
T e y m u r. O həzyanlar hiç... hərifdəki azğınlığa baq ki, şimdi də bəni saymıyor, hərbə girişəcəyinə şikarə çıqıyor.
A q b u ğ a (istehzalı təbəssümlə). Əvət, gerçəkdən pək sayğısız... pək məğrur...
Ş a i r. Fəqət məğrurlar pək çabuq sərnigun olur.
S o b u t a y sür’ətli adımlarla gəlir, əyilir.
T e y m u r. Nə var, Sobutay?
S o b u t a y. Böyük xaqanın əmrilə ava çıxan on beş min nəfər Yıldırım əskəri bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda həpsi əzilib dağılmış.
T e y m u r. Yıldırımdan nə xəbər?
S o b u t a y. Yalnız Yıldırım qəhrəmanca bir çevikliklə aradan çıqmış və beş-on nəfər məiyyətilə qaçıb qurtulmuş.
T e y m u r. Bən qəhrəmanları pək sevərim.
S o b u t a y. Bir də Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii ordu susuz qalınca daha çabuq təslim olur.
T e y m u r. Pək gözəl tədbir. Bunu kim düşündü?
S o b u t a y. (Aqbuğayı göstərir). Böyük sərdar Aqbuğa.
T e y m u r. Zatən hərb zamanı hiylə də müvəffəqiyyət vasitələrindən biridir.
Ş a i r. (ətrafa). Bən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən dəŞimir çıqarmış!
T e y m u r. Aqbuğa! Daha durmaq lazım deyil, ordu hücuma keçməli. Saqın Yıldırımı yaralamasınlar. Ona söyləyəcək sözlərim var. Yigid Sobutay! Sən də qafil olma! Hər kim onu diri yaqalarsa, kəndisini böyük mükafat bəkliyor.
A q b u ğ a. Xətti-hərəkətimiz nə yolda olacaq?
T e y m u r. Onların sağ cinahı açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə etməli. Onların sol cinahı isə pək zəif. Əminəm ki, bizə qarşı duramayıb çabuq pozulur. Haydı, arslanım! Cəsarət və mətanət!..
Aqbuğa və Sobutay əskərcə təmənna edər, sür’ətli adımlarla gedərlər.
Ş a i r. (ətrafa). Qardaş qardaş qanı içiyor. Iştə siyasət və rəyasət bəlası!
T e y m u r. Orxan gəlmədi, bu bəni pək düşündürüyor. Hər halda o, bu gün bizim tərəfə keçməliydi.
D i v a n b ə y i. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yaqalanmış...
T e y m u r. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. (Şair Kirmaniyə). Gəl, baqalım, şair! Sən də bir tərəfdə seyr et, müharibəyi yaqından tamaşa etmənin zevqi daha başqadır.
(Gedərlər.)
E l m a s şaşqın və müztərib adımlarla gəlir. Teymur getdiyi tərəfə baqar.
E l m a s (ətrafa). Orxan, ax, Orxan! Sən Elması unutdun, fəqət Elmas səni görmək için hərb səhnələrində dolaşır. (Teymur getdiyi yolu izlər).
B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Bu Divan bəyi qızı da pək tuhaf. Səmərqəndin gözəl köşklərini bıraqıb da Anqara çöllərindən nə istiyor, bilməm ki?
İ k i n c i n ö v b ə t ç i . Səncə qavğa meydanı yalnız erkəklərə məxsusmu?
B i r i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Nə demək! O da mı qavğa etməyə gəlmiş?
İ k i n c i n ö v b ə t ç i . Gülərsən ya... Hiç atalardan eşitmədinmi?! Çingizin anası bir qadın ola-ola at belinə bindi. Bütün qomşu ölkələri sıqışdırdı və qocaman bir səltənət qurdu.
B i r i n c i n ö v b ə t ç i . Nə demək, bu da Çingizin anasımı?
İ k i n c i n ö v b ə t ç i . Nə fərqi var, qadın qadındır. Bu da o cinsdən, bu da o nəsildən. Arslanın erkəyi, dişisi olur?
B i r i n c i n ö v b ə t ç i . Fəqət bana qalırsa, öydüyün şu dişi arslan müharibə için deyil, başqa bir av için gəlmiş olmalı... (Yola baqar.) Gözün aydın, iştə D ə m i r q a y a gəliyor.
İ k i n c i n ö v b ə t ç i . O ki, Orxanla bərabər Yıldırım yanına qaçmışdı.
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Orada yaşamamışlar da geri dönmüşlər.
E l m a s (Dəmirqaya ilə gəlir). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı?
D ə m i r q a y a (qalın və yonulmamış səslə). Onun yanında...
E l m a s. O kimdir?
D ə m i r q a y a. Kim olur-olsun, nəmə lazım, bən qarışmam.
E l m a s. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi?
D ə m i r q a y a. Hiç Teymurun qorqusundan gələ bilirmi? Moskof qızını qaçırıb da Topala görünə bilirmi?
E l m a s. Yoq, Teymur onu bağışlar.
D ə m i r q a y a. Zənn etməm, hiç zənn etməm.
E l m a s. Sus, Allah eşqinə sus! Bütün qanım başıma toplanıyor, beynim alevlər içində yanıyor. Demək o buraya gəlmiyəcək, öyləmi?
D ə m i r q a y a. Bən ki onun qəyyumu deyilim, istər gəlsin, istər gəlməsin. Nəmə lazım, bən qarışmam.
E l m a s. Nasıl olursa-olsun bəni Orxanın yanına götür.
D ə m i r q a y a. Dedim ya, bən qarışmam.
E l m a s (ətrafa). Aman, ya Rəbbi. Şu hərifin qəlbi daşdanmı yapılmış. (Dəmirqayaya) Bən buraya yalnız Orxan için gəldim. Nerdə olsa onu bulmalıyım.
D ə m i r q a y a. Acım, bir az yemək yeyəlim də, sonra...
E l m a s. Zərər yoq, gəl ye-iç, saqın, yaqanı bıraqacaq deyilim.
D ə m i r q a y a. Nəmə lazım, hiç bıraqma! (Gedərlər). Bu sırada kənardan boru və çarpışma səsləri eşidilir.
B i r i n c i n ö v b ə t ç i . Demək müharibə qızışdı, iştə çarpışıb vuruşuyorlar.
İ k i n c i n ö v b ə t ç i . Əvət, gurultu getdikcə artıyor.
B i r i n c i n ö v b ə t ç i . Iştə, Orxan da Əmir ilə bərabər gəliyor.
İ k i n c i n ö v b ə t ç i . Görünür D ə m i r q a y a Elması aldatıyormuş.
Kənardan eşidilən gürültü, çarpışma səsi azalır. T e y m u r , D i v a n b ə y i , ş a i r Kirmani və O r x a n gəlirlər.
T e y m u r. Söylə, Orxan, nə yapdın?
Or x a n . Bənim ilk yapdığım böyük bir qəbahətdir.
T e y m u r. Hanki qəbahət?
Or x a n . Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurulmalıdır.
T e y m u r. Onu sonra mühakimə edəriz. Bana Yıldırımdan, Yıldırım ordusundan xəbər ver!
Or x a n . Bursadakı işlər mə’lum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr və’d etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu
əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çabuq şaşırırlar.
E l m a s (D ə m i r q a y a ilə bərabər gəlir. Orxanı görüncə, şaşqın bir sevinclə). Ah, Orxan!.. Divan bəyi əlilə sükut işarəti verir. Elmas çəkilib bir tərəfdə durur.
T e y m u r. (Orxana). Pək məmnun oldum; şimdi söylə baqalım, gözəl prenses nerdə?
Or x a n . Iştə qarşıda bəkliyor. Fəqət dəmin hüdudu keçərkən bizimkilər tərəfindən yaralanmış.
E l m a s (ətrafa). Əvət, bu da yeni bir hiylə.
T e y m u r. Orxan! Sən bir əskərsin, fəqət işlədiyin xəyanət bir əskərə yaqışmaz. Əcəba xəbərsiz olaraq qızı qaçırmaq və bəni saymamaq böyük bir nankorluq deyilmi? Bunu yaparkən Teymurun hiddət və qəzəbini düşünmədinmi?
Orxan susur.
Niçin susdun, söylə?
Or x a n . Böyük xaqanın mərhəməti bənim qəbahətimdən daha böyükdür.
T e y m u r. (sərt). Xayır, qəbahəti mə’zur görmək, fənalığı tərvic etməkdir.
B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Iştə Topal yenə çıldırıyor.
D i v a n b ə y i. (Teymura). Orxan gəncdir, yigitdir.
T e y m u r. (kəskin). Xayır, böylə bir qəbahət için ən böyük cəza ölümdür.
E l m a s. Ah, ölümmü?
T e y m u r. Əvət, Orxan yalnız e’dama layiqdir.
E l m a s. Mərhəmət, ah, mərhəmət!.. (Teymura yaqlaşır).
T e y m u r. (çılğın). Çəkil!
D i v a n b ə y i. Ah, gerçəkdənmi e’dam?
T e y m u r. Əvət, e’dam, e’dam..! Bıraq, hər kəs için ibrət olsun! Ətrafda böyük şaşqınlıq və qorqunc bir sükut...
Or x a n . Xayır, xaqanım, xayır... Ölüm hər kəsi qorqutsa da Orxanı qorqutmaz. Bən vəzifə uğrunda bin dəfə ölüb-dirildim. Yıldırım bəni öldürtmək istərkən belə qəhqəhələrlə güldüm. Şimdi isə gülmək deyil, yalnız heyrət edərim. Həm də başqa əlləri qanımla ləkələndirmək istəməm. (Belindəki xəncəri çıqarır. Kəndini vurmaq istər). Ah, sən bəni alçaltdın, fəqət bən... iştə!
T e y m u r. (gur və kəskin səslə). Orxan! Əcələ ediyorsun, bən səni alçaltmaq deyil, yalnız imtihan etmək istədim. (Şən qəhqəhəylə). Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış küçük bir piyadayı qeyb etmək istəməz. Halbuki sən cəsur və eşsiz bir qəhrəmansın. (Yaqlaşıb Orxanın omuzunu oqşar). Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sana bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun.
Bu sırada O l q a gəlir və örtündüyü çarşaf omuzlarına sarqaraq baqıb durur.
E l m a s (çılğın bir tevr ilə Teymurun qarşısına keçərək). Xayır, xayır! Sən bunu əsla yapamazsın. Əvət, sən böyüksün, bütün dünyaya hökm edə bilirsin; fəqət Orxanın qəlbinə deyil! Unutma ki, bən anayam.
Ş a i r. (ətrafa). Əvət, ana qəlbi hər şeydən güclü və məhabətlidir.
O l q a. (köksünü sıqaraq, ətrafa). Ah, bu oq yarası bəni məhv edəcək...
T e y m u r. Elmas! Səbr və mətanət lazım.
E l m a s. Xayır, xayır. (Olqayı göstərir). Sən ona bütün aldığın ölkələri bağışlaya bilirsin, fəqət bana verilən bir qəlbi əsla! Əsla! (Orxana). Niçin susdun, Orxan, cəvab ver?!
Or x a n . Xaqan hüzurunda ədəb gözətiyorum.
E l m a s. Halbuki həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir.
O l q a. (Teymur qarşısında diz çökərək). Böyük xaqan! Bənim varlığım bir çoqlarının hissiyyatını zəhərliyor, bəni öldür də, hər kəs iztirabdan qurtulsun.
T e y m u r. (onun qolundan tutub qaldırır). Xayır Moskof çiçəyi, xayır... Bən yalnız qızğın arslanları, azğın qaplanları şikar edərim. Bənim oqum yalnız vəhşi qartalların qanilə boyanır. Sən şətarətli bir güvərçinsin, halbuki Teymur əsla güvərçin qanı tökmədi.
E l m a s. Güvərçinləri də şahinlər parçalar. (Qoynundan ufaq bir xəncər çıqarıb vurmaq istər).
D i v a n b ə y i. Elmas!
Orxan Elmasın biləklərini yaqalar, xəncər düşər.
O l q a. (qırıq səslə, acı təbəssümlə). Hiç təlaş etmə... Elmas!.. (Qanlı köksünü açaraq). Bən... iştə yaralanmışım... Artıq kimsəyə... zəhmət vermiyəcəyim. Ah, ah, ahh...
(Bayılıb düşər).
T e y m u r. (növbətçilərə). Yardım edin!
Olqayı qaldırırlar. Elmas çəkilir. Ətrafda gurultu və çarpışma səsləri yüksəlir. Teymur Divan bəyiyə.
Baq gör nə var?
D i v a n b ə y i. (yola baqar). Iştə, Sobutay gəliyor.
S o b u t a y. (gəlir, əyilir). Böyük xaqana müжdələr.
T e y m u r. Nə olmuş?
S o b u t a y. Yıldırım ordusu bozuldu.
T e y m u r. Nasıl? Ətraflı söylə!
S o b u t a y. Onların sol cinahı az bir zaman bizə qarşı dura bildi. Sonra birdən-birə şaşırıb dağıldı. Şahzadə Məhəmməd də kəndi ehtiyat firqəsilə Amasya yolunu tutmuş.
T e y m u r. Yıldırım kəndisi nə halda?
S o b u t a y. Onu hiç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən ziyadə çarpışıb vuruşdu. Ətrafındakı sipahilər və yeniçərilər də son dərəcə yigit... Bununla bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu.
T e y m u r. (Divan bəyiyə). Əmr et, qaçanları qovmasınlar. Saqın, Yıldırıma bir şey olmasın. Həm də ehtiramda qüsur edilməsin.
D i v a n b ə y i. Itaət, xaqanım. (Sobutayla bərabər gedər).
Ş a i r. (ətrafa). Qəhrəmanlardakı fəzilət dəhşətləri qadar böyükdür.
T e y m u r. (volta vurur, qızğın və sinirli). Kəlbi-əqur!.. Kəlbiəqur! Nə böyük cəsarət! Ah, məğrur!.. Idraksız! Teymurun təhəmmül və nəzakəti sənin kibi çoqlarını aldatmış. Lakin atəşli bir toqat həpsini sərxoşluqdan ayıltmış. (Çılğın). Yıldırım, ah, Yıldırım! Kəndini dev aynasında görüb də şımardın. Fəqət düşünmədin ki, sirkə nə qadar tünd olursa, qabı daha çabuq çatlar.
Ş a i r. Əcəba böyük xaqanın bir-iki sözlə əsəbiləşməsi tuhaf deyilmi?
T e y m u r. İki sözmü? Iki sözmü? Ah, şu həzyan zəhərli bir oq kibi rö’yada da beynimi dəliyor. Kəlbi-əqur! Kəlbi-əqur! Ah, nə sayğısızlıq! Xayır, böyük nəhrləri yataqlarından çıqaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyı unutur da,
fəqət şu iki sözü əsla! Əsla!
Ş a i r. Hər-halda Yıldırım sənin can qardaşın, qan qardaşındır.
T e y m u r. Əfsus ki, qardaş yarası daha acı, daha qorqunc olur.
S o b u t a y. (gəlir, əyilir). Yıldırım hüzurunuza gəliyor.
T e y m u r. Buyursunlar.
Y ı l d ı r ı m iki nəfər Teymur əskəriylə gəlir. A q b u ğ a i l ə D i v a n b ə y i də bərabər bulunur.
D i v a n b ə y i. İştə, Osmanlı sultanı Yıldırım Bayazid!
A q b u ğ a. Yalnız sultan deyil, həm də cəsur bir komandan!
T e y m u r. (yer göstərir, təvazölə). Buyurun, şevkətli Sultanım!
Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica edərim oturun. (Oturmaz, Teymur ona cibindən bir kağız çıqarıb verir). Lütfən şu məktubu oqurmusunuz?
Y ı l d ı r ı m. (məktubu alır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır və Teymura iadə edər). Zatən yazıldığı zaman oqunmuş.
T e y m u r. İştə, bən şu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim. Əvət, məhəbbətinizi də qazanmaq istərim. (Mə’nalı və məğrur bir tevr ilə şair Kirmaniyə baqar). Əcəba, buna şair nəsöylər?
Ş a i r. (səmimi və coşqun bir ahənglə). Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun.
T e y m u r. Əcəba, məğrur Yıldırım nə düşünüyor?
Y ı l d ı r ı m. Düşünəcək bir şey yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. (Acı bir köküs keçirdikdən sonra, çoq mütəəssir və şiddətli). Ah, daha doğrusu, Islam aləmini başsız qoydu.
T e y m u r. (iki-üç adım aqsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə). Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı.

Pərdə


SON