Vikimənbə:Günün mətni/aprel 16
Adamyeyən padşah haqqında hekayət
Hind nağılı
Şah Kalmaşapada Qanqı göydən yerə endirən Bhaqirthinin nəticəsiydi. İgid adamıydı, onunla heç kim bəhsə girə bilmirdi. Bir gün padşah ova çıxdı. Kolluqdakı ensiz cığırda müdrik Vasişthanın böyük oğlu Şakti ilə qarşılaşdı. Şah zahidə əmr elədi ki, yoldan çəkilsin. Amma müdrik zahid cığırdan çəkilmədi, zahidin bu tərsliyi Kalmaşapadanın vüqarına toxundu, o, qəzəblənib brahmana bir şallaq çəkdi.
Şakti ağılsız şaha lənət yağdırdı: “Sən mömin zahidlə rakşas kimi rəftar elədin! Buna görə də qoy bu gündən sənin nəsibin onun kimi insan əti yemək olsun! Bu gündən sən adamyeyənsən, ey şahların ən mənfuru!”
Dəhşətli lənətdən qorxuya düşən Kalmaşapada ondan aman dilədi. Ulu zahid Vişvamitranın yolu həmin vaxtlar Kalmaşapadanın hökmdarlıq elədiyi ölkəyə düşmüşdü. O, Ayodhyanın şahlığına gizli məqsədlə gəlmişdi: məqsədi rəqibi və qəddar düşməni Vasişthanı sıxışdırıb İkşvaku nəslinin hökmdarlarının sarayında baş kahin yerini tutmaq idi. Şaktinin lənətini eşidən Vişvamitra qəddar rakşasları Kalmaşapadanın yanına göndərdi və onlar şahın bədənində məskən saldılar. Vişvamitranın hiyləgərliyinin sayəsində Şaktinin lənəti həyata keçdi və yazıq Kalmaşapada özünün insanlıq simasını itirdi.