Vikimənbə:Günün mətni/aprel 28

Vikimənbə saytından
Jump to navigation Jump to search

Yalquzaq
İvan Turgenyev

Axşamüstü, ara yolla, tək-tənha, arabada ovdan qayıdırdım. Evə səkkiz verstə qədər qalırdı. Qüvvətli madyanım tozlu yolla yortur, arabir fınxırır, qulaqlarını oynadırdı; yorğun tulam arabaya bağlanmış kimi, dal təkərlərdən bir addım belə geri qalmırdı. Tufan yaxınlaşmaqda idi. İrəlidə tünd göy rəngli bir bulud meşənin ardından ağır-ağır ucalırdı; başımın üstündən və qarşımdan isə, uzun boz buludlar axışmaqda idi. Söyüd ağacları təlaşla yırğalanır, pıçıldaşırdılar. Boğucu bürkünü birdən-birə rütubətli bir sərinlik əvəz etmişdi; kölgələr sürətlə qatışırdı. Mən cilovla atı vurub, dərəyə endim, hər tərəfini kol basmış, suyü qurumuş çaydan keçib, təpəyə çıxdım və meşəyə girdim. Qarşımdakı yol burula-burula sıx fındıq kolları arasından keçirdi. Kollar üzərinə artıq qaranlıq çökmüşdü; çətinliklə irəliləyirdim. Arabam təkər izlərindən əmələ gəlmiş uzun çuxurları bürüyüb basmış palıd və cökə ağaçlarının möhkəm rişələrinin üzərilə silkələnə-silkələnə gedir, atım büdrəməyə başlayırdı. Birdən şiddətli külək uğuldadı, ağaclar silkləndi, iri yağış damlaları ağır zərbələrlə yarpaqları qamçıladı, şimşək parladı və tufan qopdu. Yaqış sel kimi tökürdü. Mən atı addım-addım sürürdüm, bir az sonra dayanmalı oldum: at palçığa batmış, özüm isə, heç bir şey seçə bilmirdim. Birtəhər qalın bir kolun dibində daldalandım. Mən bürüşüb, tufanın keçməsini közləyirdim ki, birdən şimşək işığında, yolda gözümə ucaboylu bir adam dəydi. Diqqətlə həmin səmtə baxmağa başladım, həmin adam, yerdən bitmiş kimi, arabanın yanında göründü.

Ardını oxu...