Vikimənbə:Günün mətni/avqust 23

Vikimənbə saytından

Müdirim
Cəfər Cabbarlı

İnsafa gəlib rəhm elə mən zarə, müdirim!
Qoyma məni bu dəhrdə avarə, müdirim!

Şerim daha bəsdir səbətə oldu həvalə,
Qoy jurnalına nəzm yazım, müştəri alə.
Gər qoymayıram fərq nə dəymiş, nə də kalə,
Bu şerimi gəl sən, mən ölüm, salma çuvalə!
Yandırma məni həsrət ilə narə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!

Bir ay gecə-gündüz oluram şeirlə məşğul,
Gah yazıram, gah pozuram, vaxt aparır tul;
Bu şerimi vursan, olaram mən sənə lap qul,
Çap etsən əgər, mən əvəzində verərəm pul.
Çox baxma daha əyriyə, həmvarə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!

Sən başlamısan: qafiyəsi əyri olubdur,
Vəzni burada əyri düşübdür, tutulubdur;
Vallahi, başım fikr eləməkdən yorulubdur,
Bir bax səbətə, sovxana, şerimlə dolubdur.
Düz gəlməyinə yox daha bir çarə, müdirim!
İnsafa gəlib rəhm elə mən zarə, müdirim!