Məzmuna keç

Vikimənbə:Günün mətni/fevral 15

Vikimənbə saytından

Leyli və Məcnun. Peyğəmbərin meracı
Nizami Gəncəvi
Tərcüməçi:Səməd Vurğun

Sən, ey mənaların meracı olan,
Sənin meracındır sonsuz asiman.
Yeddi xəzinəni açaraq bir dəm,
Dörd gövhər üstünə basmısan qədəm.
Sığmadın zamanın dar sinəsinə,
Ucaldın göylərin son zirvəsinə.
Gecə qara bayraq tutduğu zaman
Oldu qara atın mənzilə rəvan.
O vaxt qanad açdı sənin ayağın,
Göyün xəlvət yeri oldu dayağın.
Bu fani dünyadan sən yüksələndə,
Sən, Ümmi-Haniyə qonaq gələndə,
Cəbrayıl gətirdi sənə şad xəbər,
Dedi: - Qulluğuna hazırdır göylər,
Göylərdə mələklər səf-səf düzəlmiş,
Bütün göy aləmi seyrinə gəlmiş.
Oyan, yuxu vaxtı deyildir, haray,
Sənin tək günəşə müntəzirdir ay.
Yerini Ütarid bilməyəcəkdir,
Sənin düşərgahın daha yüksəkdir.