Məzmuna keç

Vikimənbə:Günün mətni/iyul 25

Vikimənbə saytından

Təpəgözün gözünün çıxması
Azərbaycan xalq rəvayəti

Bir ər-arvad vardı. Onların uşaqları olmurdu. Kişi nə qədər arvadı ilə nəzir-niyaz verirdisə də, bir şey çıxmırdı. Axır bir ili bunların bir uşağı olur ki, bunlar sevinmək əvəzinə kədərlənirlər. Səbəbi də o idi ki, uşağın bir gözü var idi, o da təpəsinin ortasında. Ata-ana naəlac qalıb uşağı saxladılar. Sonrakı il onların bir qızı da oldu. Amma qız çox qəşəng idi. Təpəgöz elə tez böyüyürdü ki, heç uşağa bənzəmirdi. Ata-ana uşağı doyuzdura bil- mirdilər. Təpəgözə hər nə qədər yemək verirdilərsə, o yenə qışqırırdı ki, acam, acam.
Bir gün kənddən bir adam yoxa çıxır. Hər nə qədər gəzirlərsə, nə ölüsünü, nə dirisini tapa bilmirlər. Bir neçə gün keçir, kəndin adamlarından biri də yoxa çıxır. Bunu da nə qədər axtarırlarsa tapa bilmirlər. Bu yolla hər gün bir adam yoxa çıxır. Camahat təəccüblənir ki, görəsən bunlar necə olur. Kimin ki, əli-ayağı tutur, bu kənddən çıxıb gedir. Gedə bilməyənlərdən hər gecə birisi yoxa çıxır. Təpəgözün ata-anası qocalmışdı. Daha başqa yerə getməyə taqətləri qalmamışdı. Odur ki, oturub özlərinin də bir gün yoxa çıxacaqlarını gözləyirdilər. Balalarını yanlarına çağırıb dedilər:
– Balalarım, çıxın buradan gedin, biz günümüzü görüb, dövranımızı da sürmüşük. Barı siz bir gün görün.
Qız getmək istəyir, amma Təpəgöz qoymur. Başlayır yalandan dil tökməyə ki:
– Nə danışırsınız, biz heç sizi qoyub bir yerə gedə bilmərik? Qoy elə nə olacaqsa hamımıza olsun.