Məzmuna keç

Vikimənbə:Günün mətni/iyul 7

Vikimənbə saytından

Gənclərə nəsihət
Xaqani Şirvani

Fitnə törətmə ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.
Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarimar.
Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.
Vəfa küçəsində ev tut, yəqin bil,
Vəfa mənzilidir, ən yaxşı mənzil.
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa.
Çalış az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol sözdə mötəbər.
Dostu qovanları alma yanına,
Yoxsa gözüm ağlar sənin halına.
Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir çıxma havadar.
Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da, əl çək.
Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.