Vikimənbə:Günün mətni/iyul 9

Vikimənbə saytından

Kim nə deyər bizdə olan qeyrətə?!
Mirzə Ələkbər Sabir

             Kim nə deyər bizdə olan qeyrətə?!
             Qeyrətimiz bəlli bütün millətə!...

Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərdmərdlərik, nərlərik,
İş görəcək yerdə, söz əzbərlərik,
             Aşiqik ancaq quru, boş söhbətə,
             Kim nə deyər bizdə olan qeyrətə?!

Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş,
             Asta qaçıb dürtülərik xəlvətə,
             Kim nə deyər bizdə olan qeyrətə?!

Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
             Bir quruşa, bir pula, ya bir çetə!
             Kim nə deyər bizdə olan qeyrətə?!