Vikimənbə:Günün mətni/iyun 11
Görünüş
Dost yolunda cəfa çəkdim, can üzdüm
Qasım bəy Zakir
Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!
Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!
Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!