Məzmuna keç

Vikimənbə:Günün mətni/iyun 21

Vikimənbə saytından

Düşər
Molla Vəli Vidadi

Seyri-gülşən etsən, ey gülüzarım,
Bülbül oxur, bağlar sədayə düşər,
Xəttinə baş əyər sünbül, bənəfşə,
Gül xaki-payinə fədayə düşər.

Xurşidim, xavərim, hilalım sənsən,
Şirinim, şərbətim, zülalım sənsən,
Fikrim, zikrim, sözüm, xəyalım sənsən,
Könlüm haçan səndən cüdayə düşər.

Arizunu çəkər sahibdiləklər,
Dolanıb başına dönər fələklər,
Mədhin oxur ərş üzündə mələklər,
Hər biri bir türfə nidayə düşər.