Məzmuna keç

Vikimənbə:Günün mətni/oktyabr 16

Vikimənbə saytından

Ayrılıq
Mövlana Cəlaləddin Rumi

Dinlə neyi, gör necə hekayətlər söyləyir,
Ayrılıq həsrətindən şikayətlər eyləyir.
-Vətənim qamışlıqdan, salmışlar ayrı məni,
Səsim nalan eyləmiş, naləmi eşidəni.
Ayrılıq fəraqından sinəmdir parə-parə,
Dərd söyləməkdən qeyri, yoxumdur başqa çarə.
Hər kim soyundan kənar düşmüş olarsa əgər,
Nə qədər ömr edərsə, vüsala həsrət çəkər.
Mən hər bir cəmiyyətdə yanmışam, zar olmuşam,
Yasda ağlar olmuşam, toyda qəmxar olmuşam.
Hər kəs öz zənni ilə, olsa sadiq yar mənə,
Axtarmasa tapammaz, içimdən əsrar yenə.
Çünki naləmdən mənim, deyildir sirrim uzaq,
Gözlər görməsi üçün, nur olmuş gözə yasaq.
Mənim canım tənimdən, tən candan gizli deyil,
Canıma görünməyə izin verilməmiş, bil.
Atəşimdir ney səsim, sən onu sanma külək.
Kimdə atəş olmasa, gəl onu ölmüş bilək.
Eşqimin atəşidir, düşmüş neyin üstünə,
Qaynarlığın atəşi, düşmüş meyin üstünə.
Yardan ayrılanlara, dost olar neyin səsi,
Daxili pərdəmizi, yırtar neyin pərdəsi.