Vikimənbə:Günün mətni/oktyabr 20
Görünüş
İtlə pişiyin söhbəti
Seyid Əzim Şirvani
Bir pişiyə it dedi: - Ey bihəya,
Evdə edirsən geçə-gündüz səfa.
Süfrə kənarında yeyirsən təam,
Kürsülər üstündə tutursan məqam.
Eylə yeyirsən yenə bozbaş sən,
Sübh yeyirsən gecələr aş sən.
Sən nə səbəb böylə əziz olmusan,
Kim eyəyib hökm təmiz olmusan?
Söylə, ağayə nə olub xidmətin,
Vacib olubdur bu qədər hörmətin?
Eyləyirəm sübhə kimi mən fəğan,
Dövlətü malə oluram pasiban.
Mən çəkirəm sübh olunca keşik,
Hərgiz itə tay deyildir pişik.
Çox geçə var ki, yatıram ac mən,
Dərd ilə bir löğməyə möhtac mən.
Getməyirəm özgə yerə nan üçün,
Səbr edirəm möhnəti-pünhan üçün.
Gərçi ağa döysə məni, qaçmaram,
Hər yetənə dərdi-dilim açmaram.