Vikimənbə:Günün mətni/sentyabr 16

Vikimənbə saytından

Məktəbə tərğib
Mirzə Ələkbər Sabir

Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
       Ey gözüm, ey canım!
       Get məktəbə, cavanım!

Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
       Ey gözüm, ey canım!
       Get məktəbə, cavanım!

Oğul, oğul, amandır,
Çox yuxlamaq yamandır.
Çox yuxlamaq - şeytandan,
Tez durmaq - allahdandır.
       Ey gözüm, ey canım!
       Get məktəbə, cavanım!

Nəsihət al, nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası
Müşkül olur, həqiqət.
       Ey gözüm, ey canım!
       Get məktəbə, cavanım!