Vikimənbə:Günün mətni/sentyabr 18

Vikimənbə saytından

Ürəfa marşı
Mirzə Ələkbər Sabir

İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəş’eyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Xoşlamırıq bir para nadanları,
Şiveyi nisvani müsəlmanları,
Neyləyirik Fatma, Tükəzbanları?
Annaları, Sonyaları yanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!

Bir para biəqlü fərasət bizə,
Eyləyir isnadi qəbahət bizə,
İstəyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki biz irfanlarıq!
Ay bərəkallah nə gözəl canlarıq!