Vikimənbə:Günün mətni/sentyabr 2
Görünüş
Arzu
Mirzə Ələkbər Sabir
Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!
Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,
Nə dəftərə, qələmə, kağıza bu rəğbət olaydı!
Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!
Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,
Nə bir para oxumuşlarda bu zəkavət olaydı!
Nə hüsn olaydı cavanlarda əmr-millətə qarşı,
Nə bu cavanlar olaydı və nə bu millət olaydı!
Düşəydi daş о günə kim, qəzet-məzet sözü çıxdı,
Qəzet işin törədən nabəkarə lənət olaydı!
Nə gündə, həftədə, ayda çıxan qəzet və nə jurnal,
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!