Vikimənbə:Günün mətni/sentyabr 4
Görünüş
Bərəkallah
Mirzə Ələkbər Sabir
Sən beləsənmiş, balam, ay bərəkallah sənə!
Fisq imiş əmrin taman, ay bərəkallah sənə!
Doğru imiş, şairin olmaz imiş məzhəbi,
Kafir olurmuş bütün mirzələrin eğləbi,
Ləğvu əbəs mətləbi, ləhvü ləəb məşrəbi,
Şuğlü qəzet, teleqram, ay bərəkallah sənə!
Ay adama oxşamaz, bir üzünə baxsana!
Bomboz olub saqqalın, rəngü həna yaxsana!
Mömin olub, bir üzük barmağın taxsana!
Ta ki, desin xasü am: ay bərəkallah sənə!
Yox xəbərin, binəva, hiç özündən sənin,
Lap malaqanlıq yağır girdə gözündən sənin,
Doğrusu, mən ürkmüşəm bəzi sözündən sənin…
Vermərəm artıq salam, ay bərəkallah sənə!