Məzmuna keç

Yeddi cam/Dəf ilə söhbət

Vikimənbə saytından
İkinci camın keyfiyyəti Yeddi cam. Dəf ilə söhbət
Müəllif: Məhəmməd Füzuli
Üçüncü camın keyfiyyəti


Mən bir gecə olduqca gözəl bəzm düzəltdim,
Şadlıq evini orda qurub bərqərar etdim.
Güldürdüm о bəzmi, bəzədim sözlə, kababla,
Nur verdim ona badə ilə, şamla, şərabla.
Bu dairədə Dəf də durub tüğyan edirdi,
Divanəyə bənzər köpürüb tufan edirdi.
Sordum ona: "Ey qəddi bükülmüş qoca İnsan!
Derlər ki, çıxıbsan hər ötən yaxşı-yamandan.
Dostluqlar ilə dopdoludur dostluğun, ey can,
Hər bir dəridən sonra da var bir dəri əlan.
Vəcd gülşəninin yarpağısan, başqadır halın.
Qəm-qüssə əlindən yaranıbdır bu zavalın.
Hikmət kitabından yaranan bircə vərəqsən,
Elm əhli, deyirlər ki, alır dərsini səndən.
Artıq yetişib vəqti bizə göstər ədalər,
Gəl ayna kimi dünyanı sən, əks elə, göstər.
Incə danışıqla bizə hər sirri bəyan et,
Bu fani həyatın açaraq əslini öyrət!
Gəl! Gəl ki, Firidunların о şadlıq ilindən,
Bu dövrə qalan bir dənəsən, dürdanəsən sən.
Sök qəlbini, tök sirləri, et hər şeyi izhar,
Söylə, de görək, bir harada qaldı о şahlar?!
Noldu о Firidunü Keyin axırı, kamı,
Kim saldı о Cəmşidin əlindən dolu camı?!
Qəbrin evinə möhtac olub ömr edən onlar,
Sülh eylədilər, ya ki, hələ davadadırlar?!
Bu firqə içində de görüm qışmı, baharmı,
Dostluq çiçəyi qönçələnib, yoxsa ki, xarmı?!"
Dəf böylə cəvab verdi sanıb saydığım halə,
Ondan sorulan gizli işə, sirli sualə:
– Onlar, – dedi, – indi hamı asayişə yardır,
Dünyanın işindən çox uzaq, ayrı – kənardır,
Nə məmləkət üstündə çəkib dərd, olub xar,
Nə heçliyə getməklərinə ağlayır onlar.
Nə boş, havayı, bir həvəsə doğru gedirlər,
İndi səni öz yanlarına dəvət edirlər.
At boşluğa bu fani cahanı, daha bəsdir,
Gəl çəkmə cahan qeydini çox, çünki əbəsdir.
Artıq həzər et, rəxnə vurub sök bu həsari,
Qoyma gözünü yolda, dağıt tök bu həsari.
Bu fani cahan mülkünə göndərdi ki, onlar,
Məndən eşidib öyrənəsən çoxlu yalanlar.
Bu aləmə bağlı qalasan hər zaman, hər an
Alsın səni ağuşinə bu şübhəli dövran…
Meyvə gətirən bir ağacı kəsdilər onlar,
Bir dairə kəsdi bu ağacdan iti minşar1.
Atəşlər içində əridib daşları yeksər
Hazırladılar boynum üçün dürlü pərəklər.
Dilsiz başı onlar ayırıb öz bədənindən,
Soydu dərisin taki bu gün hasil olum mən.
Olduqca şərafətli, nəcabətli üç həmdəm,
Bir ərrə, bir od, bir də qılıncdan yedilər qəm.
Dəf şəklinə düşdüm qurtarıb taki bir axşam,
Surətlə, gözəlliklə üzüm aldı bir itmam.
Indisə yetən hər avara, hər bir ədəbsiz,
Silləylə vurur şamü səhər, həm də səbəbsiz.
Bir an bu zamanın olaraq dərdinə qafil,
Bir mən tərəfə meyl elə, bari mənə ver dil!
Bu xəznə, bu gövhər nə bilirsən ki, neyindir,
Hardan düşünürsən ki, о rahətlik içindir.
Dəhrin hər olan cövrünü, gəl, at ürəyindən,
Öz qəlbinə, həm özgələrə vermə əzab sən.
Sən də, a Müğənni, dilə gəl köhnə zamandan,
Keçmiş olan-olmazdan elə bir bizə elan.
Çərxi-fələyin silləsinin zərbi gücündən,
Dəf tək soyulan min dəridən söylə, danış sən.
Söylə о Füzuli ki, düşüb dərdə məlaldan,
Birdəfəlik öz könlünü çəksin о mahaldan.
Xoş ol kəsə ki, camı tutub qəlbinə həmdəm,
Bilmir gecə-gündüz nədi, ya ki nədi dərd, qəm.
Hər gün mey içib, zövqə batıb, məst düşübdür,
Bilmir ki, bu aləm nədi, sərməst düşübdür.

1 Minşar – ərəbcə mişar deməkdir, şerin vəzni xatirinə işlənib.