Məzmuna keç

Azərbaycan şairi Nizami/Nizami sənətinin başlıca mənbəyi

Vikimənbə saytından
Nizami şeirinin özünəməxsusluğu Azərbaycan şairi Nizami. Nizami sənətinin başlıca mənbəyi
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin yaradıcılığının təkamülü


Sözün şərti nəşədədir, nazdadır
Bu ikisi varsa, şer sazdadır.

N i z a m i

Nizami sənətə (“hünər”) son dərəcə mühüm bir qiymət verir: hər insanda qiymətləndirdiyi əsas şey onun müəyyən bir hünər sahibi olmasıdır. Hünərlər hünəri söz, sənətkarlar sənətkarı şair (onun sözü ilə desək, “süxənvər”) olsa da, Nizami əsərlərində memarlara, nəqqaşlara, rəssamlara və musiqiçilərə də layiqli yer ayırır. Yəməndəki Xəvərnəq qəsrini tikən yunanıstanlı Simnar ilə Şirinə vurulmuş bəxtsiz memar Fərhadın əsərlərini şair özünəməxsus bur həyəcan və sevgi ilə təqdim edir. Şirin Xosrova rəssam Şapurun çəkdiyi portret əsasında aşiq olmuşdur. Nüşabənin sarayında dövrün bütün hökmdarlarını tanıdan ipək üzərində işlənmiş bir kolleksiya vardır. Müxtəlif məmləkətlərin rəssamları arasında keçən müsabiqələrə dair səhifələr diqqəti cəlb edir. Şair Türküstanın susuz çöllərində bir Çin rəssamının daş üzərində çəkdiyi hovuzdan bəhs edir. Rəssam Manu bu “hovuz” üzərində nəqş etdiyi bir köpək leşi ilə zavallı susuzları xam xəyala düşməkdən xilas edir.
Rum rəssamı ilə Çin rəssamı arasında keçən müsabiqə haqqındakı hekayə maraqlıdır: Rum rəssamı ilə Çin rəssamı, İskəndər ilə Çin xaqanının hüzurunda müsabiqəyə girişirlər. Qarşı-qarşıya qoyulmuş iki tablo arasında bir pərdə asırlar. Pərdənin bir tərəfində biri, o biri tərəfində isə digəri – iki rəqib rəssam işləyirlər. Müəyyən edilmiş vaxt qurtardıqda aradakı pərdəni qaldırırlar. Biri-birinə iki damla su kimi bənzəyən eyni iki rəsm meydana çıxır. Rum rəssamının çəkmiş olduğu şəkli eynilə Çin rəssamının da çəkdiyini görürlər. Münsiflər hökm verməkdə aciz qalırlar. Başa düşürlər ki, burada açılması lazım olan bir sirr var. Iki tablo arasındakı pərdəni təkrar asırlar. Rum rəssamının çəkdiyi şəkil eynilə yerində qalır, fəqət Çin rəssamının tablosu əvəzində cilalanmış hamar müstəvi görünür. Pərdəni bir də qaldırırlar. Çin rəssamının tablosunda eynilə Rum rəssamının çəkdiyi şəkil görünür. Məsələ aydınlaşır. Çin rəssamı boya qüdrəti və cila sənəti sayəsində, yalnız rəqibinin nəqşini eynən əks etdirən bir növ güzgü düzəltmişdir.
Şirinin, Xosrovun, Bəhramın və İskəndərin işrət məclislərindəki musiqi ilə musiqiçiləri şair böyük bir zövq, bilik və sevgi ilə təsvir edir.
Nizaminin təsvir etdiyi ən gözəl, ağıllı və kamallı qadınlar, eyni zamanda, xoş avazlı, şirin dilli məxluqlardır.
Sevinc Nizami sənətinin başlıca qaynağıdır. Bunun üçün də şair, Şirvan şahı Axsitandan “Leyli və Məcnun” dastanını nəzmə çəkmək təklifini alanda, bildiyimiz tərəddüdü göstərmiş, “yazımmı, yazmayımmı?” – deyə ciddi düşünmüşdür.
Nə üçün?
Şairin özünü dinləyək:
“Hüzn və kədərdən ibarət olan bu ərəb əfsanəsindən bir sənət əsəri çıxarmaq, əcəba, mümkündürmü? Mövzu quru və nəşəsiz; macəranın baş verdiyi yerlər yanıq qumsallardan ibarət ot bitirməz çöllər; sudan, yaşıllıqdan, bağ-bağçadan, çəmən-çiçəkdən məhrum bir mənzərə; bütün bu yoxsulluqlar içərisində qəmli bir fəlakətlə bitən nakam bir məhəbbət”.
Bütün bunlar “Xosrov və Şirin” və “Həft peykər” poemalarının rəng və ahəng sevən sənətkar müəllifini, əlbəttə, düşündürmüşdür. Vurğunluğun, divanəliyin əsəri kədərlə dolduran şeylər olub, oxucunu yoracağını göz önünə gətirən şair, “bu şəraitdə – sarayı, məclisi, meyi, saqisi olmayan bir yerdə – sözü yalnız hikmətlə nə qədər bəzəyə bilərəm; qumun quruluğu ilə daşın sərtliyindən nə qədər bəhs edə bilərəm?!” – deyə narazılıq etmişdir. Çünki şairin yaradıcılığının başlıca prinsipi sevincdir. “Sözü sevincdən qurmaq lazımdır ki, hekayədəki beytlər rəqsə gəlsin!”.
“Leyli və Məcnun” hekayəsinin özünə qədər nəzmə çəkilməmiş qalmasının səbəbini də Nizami, mövzudakı bu “nəşəsizlik”də görür. Şer meydanının dar olmasına baxmayaraq, Nizami Şirvan şahının arzusunu yerinə yetirmiş və oğlu Məhəmmədin təşviqi ilə işə başlayaraq, qeyd etdiyi bütün yoxsulluq və cansıxıcılığın əksinə olaraq, bu mövzunu da “hər kəsin heyran olacağı” bir tərzdə qələmə almışdır. Bu müvəffəqiyyətini isə şair zahiri şəraitdəki yoxsulluğu ruh zənginliyi ilə aradan qaldırmaq sayəsində əldə edə bilmişdir.
“Leyli və Məcnun”da xüsusilə qüvvətlənən bu psixoloji təhlil, əslində şairin zənginliklər, gözəlliklər, nəşə və sevinclər içində canlanan digər poemalarında da parlaq təsvir və hekayələrlə tam bir ahəngdədir.

____