Məzmuna keç

Azərbaycan şairi Nizami/Nizaminin yaradıcılığının təkamülü

Vikimənbə saytından
Nizami sənətinin başlıca mənbəyi Azərbaycan şairi Nizami. Nizaminin yaradıcılığının təkamülü
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin həyata və insana münasibəti


Var ikən “Məxzən ül-əsrar” əldə
Arayımmı müvəffəqlik həvəsdə?
Həvəssiz yox fəqət aləmdə bir kəs,
Həvəsnamə sevər dünyada hər kəs!
N i z a m i

Sevincdən ilham alan Nizami ədəbi mənliyini 1180-ci ildə yazmış olduğu “Xosrov və Şirin” poeması ilə tapmışdır. Buna qədər şair ruhi bir tərəddüd içində müəyyən kamilləşmə dövrü keçirmişdir.
Sənətdəki qeyd etdiyimiz özünəməxsusluq və orijinallığı tapmazdan əvvəl, Nizami ilk əsəri “Məxzən ül-əsrar” ilə tanınırdı. Kitabın ikinci hissəsində izah olunduğu kimi, “Məxzən ül-əsrar” şairin sənətindən daha çox fikirlərini göstərən bir əsərdir. Nizami “Xəmsə”nin ilk kitabı olan bu əsərini ideya baxımından çox yüksək qiymətləndirir. Mömin bir müsəlman şairin təsəvvüfə yaxınlaşan bütün fikirləri bu didaktik əsərdə əksini tapmışdır.
Didaktik “Məxzən ül-əsrar” ilə lirik “Xosrov və Şirin” arasında 17 ilə qədər bir dövr keçmişdir. Şairin tərcümeyi-halını yazanlardan bəziləri iki əsər arasında olmuş bu boşluğa diqqət yetirmişlər. Amma Nizaminin bu qədər uzun bir müddətdə nə üçün əsər yazmadığını lazımınca başa düşməmişlər. Halbuki “Xosrov və Şirin”in müqəddiməsində şair didaktikadan lirikaya keçdiyinin səbəbini izah edərkən, yaradıcılığındakı boşluq dövrünün sirrini də ifadə etmişdir.
Nizami “Məxzən”dəki əsas fikirlərini asan çatdırmaq üçün oxucuların “həvəsləri”ni oyatmağı lazım bilmişdir. Necə ki, belə deyir:

Məra çun “Məxzən ül-əsrar” kənci
Çe bayəd dər həvəs peymude rənci
Və likən dər cəhan emruz kəs nist
Ke u-ra dər həvəsname həvəs nist!

Yəni: “Məxzən ül-əsrar” kimi bir xəzinəm olduğu halda, niyə həvəs ardınca qaçım? Fəqət bu gün dünyada həvəsnaməyə meyl etməyən kimsə yoxdur!”
Oxucu zövqünün bu tələbi qarşısında təlimçi şairin poemalar yazması, məlum olur ki, heç də asan olmamışdır. Sənətkar yaradıcılıq dühasının özünəməxsusluğunu tapana qədər əməlli-başlı tərəddüd dövrü keçirmişdir. “Həvəsnamə yazımmı ya yox?” – deyə illərlə düşünmüş olduğunu təxmin etmək olar. Təzkirəçilərin başa düşə bilmədikləri sirri burada axtarmaq lazımdır. Bu barədə şair özü bizə kömək göstərir. Bunu biz onun “Xosrov və Şirin”in müqəddiməsində təəssübkeş dostu ilə verdiyi söhbətə əsasən deyirik. Bu təəssübkeş dost şairin niyyətini bildikdə narazılıq edərək demişdir:
“Sən bütpərəstlərə uyma. Zənd ilə Zərdüşt kimi əfsanəçiliyə qapılma. Tövhid qapısını döy ki, bunda məşhursan. Məcusilərin ayin və mərasimlərini niyə təzəliyirsən?”
Nizami dostunun bu acı sözlərindən “qəzəblənmiş”dir, yalnız “dilbənd” Şirinin dadlı ədalarından dostunun qulağına bir neçə kəlmə oxumuş və “toxuduğu ipək”dən ona xoşa gələn bir neçə nəqş göstərmişdir.
Daş kimi sərt olan tənqidçi bunları eşitdikdə, daşlardakı nəqşlər kimi donub qalmışdır. O zaman şair ona:
– Nə üçün susursan, afərin desənə! – demişdir.
O da:
– Yüz afərin, – deyə şairi təbrik etmiş və sözlərinə bunları əlavə etmişdir:
“Şirinin dastanını eşitdim, ağzım şirinləşdi: bütü Kəbə ilə bir araya gətirən bu sehri mütləq axıra çatdırmaq lazımdır!”
Yumşalan adam sözlərini, şairi təşviq edən bu tövsiyə ilə bitirmişdir.
“Əlində bu ucalıq və bu qiymətdə bir sənət var ikən, bu cansıxıcı yerdə nə qapılıb qalmısan? Gəncədən çıx, geniş meydanlarda aslan ovla. Atını kənarda çap və geniş dünyanı dolaş. Dünyada sənətkar yoxdur, varsa da, sənin atına çatmaz!...”
Bu hekayədə şair bizə sevinc qaynağından içdiyi ilham badəsi ilə yaradıcılığının ona şöhrət gətirən özünəməxsusluğunu necə anladığını göstərmişdir.
Bu, Nizami yaradıcılığındakı təkamülün tarixinin /simvolik/ bir ifadəsidir.
Nizami sənətkarlığının ruhunu xarakterizə edən bu hadisə Firdovsinin ədəbi həyatında baş vermiş qəribə psixoloji hadisə ilə müqayisə edilə bilər.
Didaktika sahəsindən eşq dastanlarına keçən Nizami müəyyən tərəddüd dövrünə məruz qalmışdır. Bu, başa düşülməsi mümkün olan bir hadisədir. Ədəbiyyatın daha yüksək pilləsinə çıxmaq, sənətin daha canlandırıcı havasını almaq istədikdə, şair yolu üzərində təəssübün durduğunu görüb bir anlıq duruxmuşdur. Fəqət bu, onu çaşdırmamış, getmək istədiyi yolun düzgünlüyünü qatı bir təəssübkeşə belə isbat etmişdir.
Nizamidəki bu “duruxmaq” özünü axtaran sənətkarın, tapdığı kamillik nöqtəsinə atılmaq üçün, hədəfinin üzərinə sıçramazdan əvvəl bir aslanın duruxmasına bənzəyir.
Halbuki, Firdovsi... yunanların Homeri, italyanların Vergilisi ilə bərabər, dünyanın vətənpərvərlik ədəbiyyatında adına ölməz bir şöhrət qazandıran “Şahnamə”sini bütünlüklə dəyərdən salmış və... rədd etmişdir.
Firdovsinin “Şahnamə”dən sonra “Yusif və Züleyxa” mövzusunda lirik bir poema yazdığı məlumdur. Fəqət, bu əsərinin müqəddiməsində, millətçi fars şairinin vaxtilə yazıb “Əcəmi diriltdiyinə” əmin olduğu öz “Şahnamə”sini rədd etməsini çoxları bəlkə də bilmirlər.
Halbuki, bu, bir həqiqətdir! Klassik İran ədəbiyyatı ilə məşğul olanlara maraqlı təhlil mövzusu ola biləcək bir həqiqət! Şair “ömrünün yarısını sərf edərək, Rüstəmin adını dünyaya yaymaq dəliliyinə” son dərəcə peşmandır. O, bu “əyri yolu tərk etmiş, doğrusunu tapmışdır; bu yoldan bir daha dönməyəcəkdir”.
Firdovsi özü-özünə söz verir: “bir daha padşahlara yaxınlaşmayacaq və dastan yazmayacaq, bir daha “boşboğazlıq etməyəcək”, çünki “bütün bu dastanlar kökündən yalandır və iki yüzü bir ovuc torpağa dəyməz”.
Özünün yalanını çıxaran və ən dəyərli əsərini bütünlüklə inkar edən şairin bu ruhi dəyişikliyinin əsl səbəbini araşdırmaq ədəbiyyatşünasları dərindən maraqlandıra biləcək bir məsələdir.
Nizamidə gördüyümüz ruh bütövlüyü ilə Firdovsidəki bu dəyişikliyin səbəblərini burada araşdırmaq niyyətində deyilik; bu, bizi müəyyən etdiyimiz dairədən çıxarar. Yalnız bunu deyə bilərik ki, klassik İran şairlərindən xüsusən fars olanlara məxsus fərdiyyətçilik Nizamidə yoxdur. O, təbliğ etdiyi “fəna fillah” və “fəna filimillə” ideyalarına tam uyğun gələn, sakit, azad və fədakar bir həyat yaşamış və daim “içi” ilə “çölü” ahəngdə olan mömin bir adam olaraq qalmışdır. Şəxsi həyatında olduğu kimi, ədəbi fəaliyyətində də, Nizamidə Fordovsidəki çaşqınlıq və təzadlardan əsər-əlamət olmamışdır!..
Daş qəlbli mütəssibi belə məğlub edən “Xosrov və Şirin” ilə Nizami həqiqətən də didaktikanın dar çərçivəsindən çıxmış, həqiqi sənətin sərhəd tanımayan geniş sahəsinə atılmış, bir-birinin ardınca gələn dörd əsəri ilə “Xəmsə”ni tamamlamış və toz qonmayan böyük adını silinməz bir yazı ilə dünya ədəbiyyatı tarixinə yazmışdır.
“Məxzən ül-əsrar”ı yazarkən özünü hələ “qönçə” hesab edən şair, sevinc qaynağından aldığı ilham sayəsində açılmış təbinin yetirdiyi sonrakı əsərlərində göstərmiş olduğu “yenilik”lə, sözlərilə, həqiqətən də “qiyamət şeypuru”nun təsirini vermişdir. Bu sahədəki müvəffəqiyyətini şair, qismən özünün Tanrı vergisi saydığı ilhamının qüdrətinə, qismən də yaradıcılığındakı metoduna borcludur.
Nizami metoduna başlıca əsas orijinal olmaq; az, amma “öz” söyləmək”; “namdar olmayınca, namzəd olmamaq”, “fələk kimi yüksələ bilmək üçün fələk kimi dayanmadan fırlanmaq” (yəni çalışmaq); “çəki ilə almaq, amma çəkmədən vermək” kimi cəhətlərdir.
Nizami öz əsərində “ildırım təki başqalarının fəlakətinə qəhqəhə çəkməkdən” qaçır, çünki o, “qığılcımı ancaq özünü yandıran bir şimşəkdir”. O, “hər tikana yas tutan bir gül, hər toxunuşundan dillənən bir teldir”. O, yanan qəlbinin “tikanlanmaqdan (“xar xordən”) tutuşan bir atəş” olduğunu zənn edir. “Dərya kimidir – eyib yuyar; güzgü deyil – eyib axtarmaz”. “Soruşulmayınca söyləməz, çünki cövhəri sındırmamaq üçün kəskini yavaşca vurur”; çünki “soruşulmamış söyləməyin, söylənmişi hədər etmək olduğunu” – bilir; “Korlara lampa tutmağı faydasız” sayır, çünki “beyin qəlbi yalnız gözlə görür”. “Sözün yalnız əks-səda verdiyi zaman faydalı olduğunu” bilən ustad, dinləyən axtarır ki, ona “elmin sirlərini təslim etsin”. Belə birisi tapılmayınca, şair, “dodaqlarının mismarlanmasını” daha düzgün sayır.
Ruhundakı doğruluqla metodundakı bu sağlamlıqdır ki, sənətkara, qırılmaq bilməyən bir inam və yaradıcılıq sevinci bəxş edir. Əxlaq və ya eşqə aid bütün əsərlərində bu sevinc heç bir zaman Nizamini tərk etməmişdir. Şair əvvəldən axıra qədər öz mənliyinə sadiq qalmışdır.

______