Nadir şah/Üçüncü məclis

Vikimənbə saytından
Jump to navigation Jump to search
İkinci məclis Nadir şah. Üçüncü məclis
Müəllif: Nəriman Nərimanov
Dördüncü məclis


Vaqe olur Xorasanın әtrafında. Bir tәrәfdә Nadirin çadırı, o biri tәrәfdә Xorasan qәlәsi.
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
N a d i r (uzaqdan qoşuna baxıb). Mirzә Mehdi! (Yavuq gәlib daşın üstә әylәşir. Fikrә gedib başını әli ilә tutur).
M i r z ә M e h d i x a n. Salari-müәzzәm!
Cәnabi-süpәh-salari-sәrdar! Nә buyurursunuz?
N a d i r (başını qaldırıb). Gәlibsәn?
M i r z ә M e h d i x a n. Salari-müәzzәm, bu gün üç gündür nә gecә yatıbsınız vә nә gündüz, bәdәnә zәrәrdir. Bir az rahat olun.
N a d i r. Mirzә Mehdi! Dünәnki dava mәni bir hala gәtiribdir ki, özümü tәrlan kimi hiss edirәm. Hәqiqәt, dünәnki dava qabaqkı davalara bәnzәmәz. Qalanı allahın kömәkliyi ilә bu gün alacağam, düşmәndә güc qalmayıbdır. (Qoşuna nәzәr edir.)
M i r z ә M e h d i x a n. Qoşuna rahatlıq olacaq, yainki bu gün genә davadır?
N a d i r. Xeyr, dünәnki davadan sonra rahatlıq vermәk olmaz. İşi gәrәkdir isti ikәn görәsәn, bu gün gәrәkdir qala alınsın. (Dişqarıda sәc.) Mirzә! Gör kimdir? (Mirzә Mehdi çıxır. Tәk.) Bәli, indi bu davalarımı Tәhmas eşidibsә, çox şaddır. Görünür, ümidi mәnә çoxdur. Yoxsa ,birdәn-birә mәnә qoşunun ixtiyarını vermәzdi vә tәk mәni sistanlıların üstә göndәrmәzdi.... Xeyr, çox da ümid etmәk olmaz. O gün kağız göndәribdir ki, tez İsfahana özünü yetir. Amma xәbәri yoxdur, bilmir ki, İranı hәr yerdәn tar-mar etmәk istәyirlәr. (Fikrә gedib başını әli ilә tutur.)
  
İKİNCİ GӘLİŞ
 
Mirzә yavaş-yavaş gәlib Nadiri bu halda görüb danışmır.
 
N a d i r (başını qaldırıb). Mirzә, gәlibsәn? Kimdir? Nә sәsdir?
M i r z ә M e h d i x a n. Qulluğunuza Sistan tәrәfindәn elçi gәlibdir.
N a d i r. Elçi?! (Ayağa durur.) Ah! Ah! Ah! (Gülür.) Elçi! Görәsәn fikri nәdir? Qala alınmasa biz tәrәfdәn qılınc yerә qoydu yoxdur, Mirzә. Görürsәn? (Rişxәndlә.) Buyursun! (Mirzә çıxır. Tәk.) A.... Zәrbi-dәstimi dadıblar.... Elçi nәdir? Gәrәk xan özü gәlib tәvәqqe edә ki, mәn ondan әl çәkim.... Xeyr, әl çәkmәrәm. Ancaq tәvәqqe edә bilәr ki, xalqı әbәs yerә qırmayım, özünü öldürmәyim.... Ancaq belә şeylәrin tәvәqqesi ola bilәr....
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Elçi vә Mirzә Mehdi.
 
E l ç i (baş әyib). Xidmәti-şәrifinizә salam edib Sistan xanının tәrәfindәn göndәrilmişәm.
N a d i r. Xub, buyruq?
E l ç i. Xanın xahişi budur ki, ümum xeyirdәn ötәri davanı bәrhәm edin.
N a d i r (acıqlı baxır). Nә şәrti-şürutla?
E l ç i. Xan xahiş edir ki, layiqincә xәrac versin.
N a d i r (gülür). AH! Ah! Qalada oturub dәhyek versin?! Xub! Cәnab elçi, xanınız çox әla xәyallara düşübdür....
E l ç i. Vә bir dә şәrt edir ki, bundan sonra minbәd İranla dava etmәsin.
N a d i r (gülә-gülә). Cәnab elçi! Xanınıza әrz edәrsiniz ki, bu gün hazır olsun! Şәrtnamәni yazıb göndәrәrәm vә buyruq verәrәm ki, qolubağlı şәrtnamәyә qol çәksin.
E l ç i (mat). Anlamayıram.
N a d i r. İnşaallah, bir saat keçmiş anlarsınız. Görünür, xanınız davada xabi-qәflәtdә imiş, zәrbi-dәstimi görmәyibdir vә illa görsә idi bu tәkliflәri mәnә etmәzdi. İnsafdırmı ki, ata-babamızdan qalan yerlәri alasınız, müqәddәs yerlәrimizi qarәt edәsiniz vә bizim qüvvәtimiz ola-ola sizin xeyrinizә olan şәrtlәri qәbul edәk? Hәrgah xanınız xahiş edir ki, özü әsir olmasın, hәrgah әbәs yerә qoşunun qanfişan olmağını istәmәyir, iki saatadәk Xorasanın qәlәsini gәrәk azad etsin. Vә illa bu gün şәhәri alt-üstә çevirmәk, anaları balasız, balaları anasız qoymaq mәnim borcum olsun. İndi buyurun. (Әli ilә yol göstdrir. Elçi baş әyib çıxır.) Mirzә! Görürsәn, nә tәkliflәr edirlәr?
M i r z ә M e h d i x a n. Sәrdarım, fikrinizdәn xәbәrdar deyillәr. Dünәn davanı kәsmәkdәn ola bilsin ki, xan özgә xәyallara düşübdür.
N a d i r. Onun xәyalı mәnә mәlumdur. İstәyir vaxt alıb tәzәdәn hazırlaşsın. Fәqәt mәn qoymaram göz açmağa. (Ayağa durub hazırlaşır.) Mirzә, bax gör, hamı hazırdırmı? (Mirzә çıxır. Tәk.) Xorasanı әldәn vermәk istәmirlәr.... Allah yar olsa,
göstәrәrәm!....
 
DÖRDÜNCÜ GӘLİŞ
 
M i r z ә M e h d i x a n. Әfqanıstandan mәktub var.
N a d i r. Aç oxu! (Nadir baxır, Mirzә ayaq ustә sәslә oxuyur.)
M i r z ә M e h d i x a n. "Süpәhsalar sağ olsun! Әfqanlar şücaәt vә rәşidliyinizi eşidiblәr vә fikrinizdәn xәbәrdar olublar ki, Xorasandan Әfqana üz qoyacaqsınız. Bu xәbәr bunları tәşvişә salıb, ciddi surәtdә hazırlaşırlar. Mәclis qurub әhd etdilәr ki, Allahyar xanı zindandan xilas edib qoşunu ona tapşırsınlar. Tәzә qalalar tikmәyә mübaşirdirlәr. Hәr növlә çalışırlar ki, qabağınızı kәssinlәr. Kәhrizi Allahyar xanın qoşunu tutubdur vә oradan Fәrmanabada atlı qoşun göndәrib istәyirlәr dal tәrәfdәn sizә mane olsunlar. Bu әhvalatları vacib bilib qulluğu-şәrifinizә mәlum edirәm. Şәrif xan."
N a d i r. Başımdakı fikrimi bu xәbәr busbütün dәyişdirdi. (Fikrә gedir.) Hәr nә olmuş-olsa gәrәkdir bu gün sistanlılarla qurtaram. Mirzә! Sәn çıx yuxarı, tamaşa et davanı başlıyıram. (Hazırlaşır. Mirzә çıxır, uca sәslә.) Şeypur! (Şeypur sәslәnir, dişqarıda qilu-qal düşür.) Әvvәlinci foc, sağ tәrәfdәn! İkinci foc, sol tәrәfdәn! Üçüncü, daldan hazır olun! (Nadir әli ilә işarә edir, şeypur çalınır. Uca sәslә.) Allah! Allah! Allah!
 
PӘRDӘ

ÜÇÜNCÜ MӘCLİSİN MABӘDİ
 
Vaqe olur İsfahan şәhәrindә. Şah Tәhmas öz evindә әylәşibdir vә Heydәr xan qabağında durubdur.
 
Ş a h T ә h m a s. Heydәr! Nadirdәn bәs bir xәbәr gәlmәdi?
H e y d ә r. Qibleyi-alәm! Gәlibdir.
Ş a h T ә h m a s. Nә xәbәr var? Nә iş görübdür?
H e y d ә r x a n. Qibleyi-alәm sağ olsun! Heç şey. Yazmağından belә mәlum olur ki, әbәs yerә qoşunun yarısını tәlәf edib bir iş dә görmәyibdir.
Ş a h T ә h m a s. Elә şey ola bilmәz. Nadir ola bir iş bacara bilmәyә?
H e y d ә r x a n. Qibleyi-alәm! Başdan gәrәk mәnim sözümә diqqәt edәydiniz; mәn әrz etdim, quldura birdәn-birә elә zor mәnsәb vermәk olmaz. Kim bilir qoşunun başına nәlәr gәtiribdir.... Qoşun heç.... Ancaq....
Ş a h T ә h m a s. Nә üçün fikrә getdin? Söylә görüm!
H e y d ә r x a n. Qibleyi-alәm! Cürәt edib әrz edә bilmirәm.
Ş a h T ә h m a s (hirsli). De görüm nә olubdur?
H e y d ә r x a n. Qibleyi-alәm! Belә deyirlәr, guya Nadir qoşunu özünә tabe edib, istәyir hәtta padşahlığa әl uzatsın.
Ş a h T ә h m a s. Sәn hardan bilirsәn? Kim deyir?
H e y d ә r x a n. Qibleyi-alәm! Kәrratla yazıbsınız: ki, gәlsin, nә üçün gәlmәyir? Vә bundan әlavә, eşidirәm xalq vә qoşun ona böyük mәhәbbәt göstәrirlәr.
Ş a h T ә h m a s (fikrә gedir). Doğru deyirsәn, hәrgah belә bir şey olmasa, bu vaxtadәk onun cürәti nәdir ki, mәnim buyuruğuma әmәl etmәyә. Mәn demişәm ki, hәr әhvalatı yaz xәbәr et, amma bu vaxtadәk heç bir şey yazmayıbdır.
H e y d ә r x a n. Bir neçә mәktub göndәribdir, ancaq onun sözlәrinә inanmaqmı olar? Mәsәla, yazır ki, sistanlıları qovluyub Xorasanı düşmәnin әlindәn xilas etmişәm, Әfqanıstanı alıb xanını әsir etmişәm.... Belә şeylәr yazmaqdam mәlum olur ki, qibleyi-alәmi arxayın edib başındakı yaman fikirlәrini istәyir birdәn aşkar edә.
Ş a h T ә h m a s. Bu saat Süleyman xanı bir qәdәr qoşunla göndәrәrsәn Әfqanıstana onun hәr ixtiyarını alsın vә boynunu onun gәrәk vurduram. Onda o qәdәr hünәr olsun ki, padşahlıqa әl uzatsın? Xeyr.... Xeyr.... Qoymaram elә quldurlar tacıma әl uzadalar.
H e y d ә r x a n. Qibleyi-alәm! Nadirdә bir dil var ki, hamını aldadar, hökmünüzü yerinә tez yetiriniz, yoxsa bәdbәxtlik üz verәr.
Ş a h T ә h m a s. Durma! Necә ki, dedim elә edәrsәn, get bu saat Süleyman xanı qoşunla göndәr.... (Heydәr xan çıxır.)
Ş a h T ә h m a s (bir az fikirdәn sonra). Hәr halda, gәrәkdir ehtiyatlı olmaq, güc onda, ad onda, dövlәtin cәmi әyanları ona tәrәf.... Yox, bu işi belә qoymaq olmaz, gәrәkdir onun başı vurula, Heydәrdәn savayı qeyri vәzirlәr dә bir neçә dәfә deyiblәr ki, Nadirә ümid bağlamq olmaz....
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
H e y d ә r x a n. Qibleyi-alәm! Xәbәr gәlibdir ki, Nadir şәhәrin on, beş ağaclığındadır.
Ş a h T ә h m a s. Buyruq ver ki, şәhәrә qoymasınlar.
H e y d ә r x a n. Qibleyi-alәm! Bu saat onun qabağını saxlamaq olmaz. Buyruq veriniz gәlsin, vaxta ki, daxil oldu, cәllada hökm edәrsiniz boynunu vursun.
Ş a h T ә h m a s. Yaxşı, sәn cәllada deyәrsәn hazır olsun. Buyruq ver ki, Nadir şәhәrә daxil olanda qoşunu bir ağaclıqda qoysun vә şәhәrin xәlqi çox şadlıq etmәsin. (Tәhmas öz otağına gedir.)
H e y d ә r x a n. Hәr nә hiylәm var idi işlәtdim. İndi padşaha mәndәn müqәrrib bir kimsә olmadığını Nadir düşünәr. Mәnim әslim xan, dövlәtin hәr bir ixtiyarı mәnim әlimdә, Nadir isә dünәnki quldur. Doğrusu, ürәyim qәbul etmәyir ki,
dünәnki quldur bu gün bu tövr şan-şövkәtә layiq olsun.... Xeyr.... Vaxtında gәrәkdir iş görmәk....
Ş a h T ә h m a s (daxil olur. Uzaqdan şeypur sәsi). Heydәr! Bu nә sәsdir? (Heydәr xan qapıya gedәrkәn, qapıdan Nadir vә sәrkәrdәlәr daxil olub şahın qabağında dizlәri üstә otururlar.) Durun! (Әli ilә göstәrir.) Bir adam ki, padşahın әmrindәn çıxdı, ona xeyir-dua vermәk olmaz, onun başı gәrәkdir vurulsun. (Nadir vә qeyrilәri ayağa durub bir-birinә tәәccüblә baxırlar.)
N a d i r. Qibleyi-alәm! Nә günahın sahibiyәm?
Ş a h T ә h m a s. Günahın çoxdur: neçә aydır gedibsәn, beş min qoşun aparıbsan, bu vaxtadәk bir şey yazmayıbsan, bәs bundan mәlum olur ki, padşahın әmrindәn çıxıb, başında qara fikirlәr bәslәyirsәn. Mәn o başı yox etdirәrәm..
(Bәrkdәn.) Cәllad!
 
İKİNCİ GӘLİŞ
 
N a d i r (uca sәslә). Sәbir ediniz, qibleyi-alәm! Tәvәqqe edirәm qulluğunuza göndәrdiyim mәktubları buyurasınız
gәtirsinlәr.
Ş a h T ә h m a s. Nә mәktub?
N a d i r. Hәr nә ki olubdur, hәr şәhәri ki almışıq, hamısının barәsindә Mirzә Mehdi yazıbdır. Mirzә, doğrudurmu?
M i r z ә M e h d i. Bәli, hәr әhvalat ki olub, vaxtbavaxt tәfsilәn qibleyi-alәmin qulluğuna yazılıb göndәrilibdir.
Ş a h T ә h m a s. Heydәr! Kağızları gәtir görüm.
N a d i r. Qibleyi-alәm! Fikrinizә gәlirmi, qoşunun qabağında and içdim ki, bundan sonra sәmim-qәlblә millәtә vә dövlәtә kömәk edәcәyәm? Ola bilәrmi o andımdan sonra padşahıma vә dövlәtimә xәyanәt edәm?
Ş a h T ә h m a s. Onlar köhnә sözdür.... İnsanın qәlbini bilmәk olmaz.
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Heydәr xan kağızları gәtirib verir şaha.
 
H e y d ә r x a n. Qibleyi-alәm, ancaq iki kağız alınıbdır. (Şah Tәhmas kağızları alıb baxır.)
Ş a h T ә h m a s (başını yırğalayıb). Bәli, hәrgah burada yazılanın hamısı düz olsa, çox hünәrlәr edibsiniz, amma....
N a d i r. Qibleyi-alәm! Sәbәb nәdir ki, mәnim sözlәrimә inanmırsınız? Vә nә sәbәbә gәrәkdir mәn yalan danışam vә yainki yazam? Tәvәqqe edirәm buyurasınız qalan mәktubları. da gәtirsinlәr.
Ş a h T ә h m a s (Heydәrә). Dahadamı var?
H e y d ә r x a n. Qibleyi-alәm! Qeyri mәktublar o qәdәr lazımlı olmadığına görә saxlamamışam.
Ş a h T ә h m a s. Әhvalat fikrindәdir, ya yox? Nә yazılmışdı?
H e y d ә r x a n. Bir qәribә vә lazımlı söz yox idi, o barәdә kәrratla qibleyi-alәmә әrz etmişәm vә mәxfi edәcәyәm.
N a d i r (acıqlı). Qibleyi-alәmdәn çox tәvәqqe olunur ki, qalan mәktubları harada olsa Heydәr xan tapsın; ikinci, mәn dövlәt vә millәt yolunda qılınc vuram, necә ola bilәr ki, dövlәtin mәndәn gizlin sözü ola vәhalonki cәmi qoşun hamısı mәnә tabedir: öl dәsәm ölәrlәr, qal desәm qalarlar....
Ş a h T ә h m a s. Nadir! Özünә çox ümid edirsәn, yaman fikirlәri başından daşla! Yoxsa ... başından özgә bir xәyallar
keçir? Hә?
N a d i r. Şahım! Fikrimdә vәtәnә rövnәq vermәkdәn, onu düşmәnin zülmündәn, mәşәqqәtindәn qurtarmaqdan başqa bir şey yoxdur. Qibleyi-alәm! Bunu gәrәkdir fikrinizdәn unutmayasınız ki, mәnim xüsusi düşmәnlәrim çoxdur, gözlәri görüb xain olan ürәklәri qәbul etmir ki, mәn quldurluqdan qibleyi-alәmin mәrhәmәti ilә gәlib bu şan vә şövkәtә çatam. Xülasә.... (Fikirdә.) Mәlum olur ki, mәn qibleyi-alәmin buyurmağına görә, özgә fikirlәrә düşmüşәm. Bәli.... Hәrgah mәnim ... o fikirlәrim qibleyi-alәmә naxoşdur, buyursun bu saat başımı vursunlar; ancaq tәvәqqe edirәm hamı mәktubları tapdırıb oxuyasınız, o vaxt yәqin edәrsiniz, mәn qibleyi-alәmin hüzurunda nәinki tәnbehә vә bәlkә böyük olan mәnsәbә layiq olam.... Bu biçarә sәrkәrdәlәr vә qoşun aslan kimi dava edib, cәmi Xorasan vә Әfqanıstan mahallarını zәlzәlәyә gәtirib xanlarını әsir, yerlәrini tar-mar ediblәr. Bunlar göstәrәn qeyrәtin әcri budurmu? Bu binәvalar şad-xürrәm gәlәrkәn fikir edirdilәr: "Şahımız bizә mәrhәmәt vә әnam edәcәkdir", fәqәt.... (Fikrә gedir.)
Ş a h T ә h m a s (hirsli). Mәnә nәsihәt etmә! (Başını әli ilә tutub fikrә gedir vә әli ilә işarә edir ki, çıxsınlar. Nadir xan vә qeyrilәri çıxırlar. Tәk.) Ürәyimizi şad edәcәkdir! Әnam edәcәkdir! Yaxşı şad edәrәm! Dünәnki quldur mәnә nәsihәt edir. Xeyr, görünür, bir şey var, Heydәr deyәn söz gәrәkdir doğru ola. İnsan belә olurmuş. Bir az ki, әlinә ixtiyar verәrsәn, özünü itirәr. (Fikir.) Yox, bu işi belә qoymaq olmaz, vaxtkәn çarә qılmaq.... (Fikir.) Nә etmәk? Kimdәn bilmәk ki, hәqiqәt, Nadir padşahlıq fikrinә düşübdür. Heydәrin sözünә çox da inanmaq olmaz. (Fikir). Tapdım.... Mirzә Mehdi Nadirin әn müqәrrib adamıdır, onun həp bir gizlin fikri olarsa bilәr.... Tәlәb edәrәm. Qorxusundan hәr nә varsa, açıb
deyәr. (Qapıdakı fәrraşa). Heydәr xanı buraya çağır. (Fikirdә.)
 
DÖRDÜNCÜ GӘLİŞ
 
H e y d ә r x a n (daxil olur). Qibleyi-alәm! Buyuruğunuz?
Ş a h T ә h m a s. Heydәr! Bu saat Mehdini buraya çağırt.
H e y d ә r x a n. Qibleyi-alәm sağ olsun, Mirzә Mehdini?
Ş a h Tәhmas. Mirzә Mehdini! Mirzә Mehdini! Mәnә lazımdır. Nadir onsuz heç yerә getmәz vә ondan bir şey gizlәtmәz. Bir-birinә mәhәbbәtlәri çoxdur.
H e y d ә r x a n. Tәәccüb! Qibleyi-alәmin hüzurunda elә adamların nә işi gәrәkdir ola?
Ş a h T ә h m a s. Heydәr, elә demә, Mehdi ağıllı adamdır. Yaxşı qәlәmi var, mәn istәyirәm mәxsus Nadirin barәsindә onunla söhbәt edәm.
H e y d ә r x a n. Bәçeşm! (Çıxır.)
Ş a h T ә h m a s. Mehdini qorxutmaq gәrәkdir, yoxsa Nadirin pünhan işlәrini açmaz; Nadiri o çox istәyir. (Fikrә.) Bәli, qorxu başa bәladır, onu zindana saldırram. (Fikrә.) Yox.... Әvvәl xoşluqla, hәrgah xoşluqla olmadı, onda güc ilә
dedirdәrәm.
 
BEŞİNCİ GӘLİŞ
 
H e y d ә r x a n (daxil olur). Qibleyi-alәm sağ olsun! Mehdi gәlibdir.
Ş a h T ә h m a s. De gәlsin. (Heydәr çıxır.)
  
ALTINCI GӘLİŞ
 
M i r z ә M e h d i x a n. Salamәleyküm!
Ş a h T ә h m a s. Mehdi! Әylәş! (Mirzә Mehdi oturmayıb qolu bağlı qabağında durur. Şah Tәhmas Heydәr xana işarә edir ki, çıxsın.) Mehdi! Qәlәmin yaxşı olmağa görә istәyirәm sәnә bir böyük mәnsәb verәm, ancaq gәrәkdir sidqi-ürәklә dövlәtә qulluq edәsәn.
M i r z ә M e h d i x a n (baş әyib). Qibleyi-alәmin mәrhәmәti mәnim üzәrimdә çoxdur. Ancaq qibleyi-alәm sağ olsun! Böyük mәnsәbә mәn özümü layiq bilmirәm.
Ş a h T ә h m a s. Ümidvaram ki, qәlәmin gücü ilә dövlәtә çox mәnfәәt gәtirәsәn, dövlәtә vә millәtә zәrәr olan şeylәri tәxirsiz bildirәsәn ki, vaxtında bәlanın әlacını tapmaq. (Mirzә Mehdi xan fikirdә.) Nә üçün fikrә getdin?
Anlamayırsanmı?
M i r z ә M e h d i x a n. Qibleyi-alәm! Hәqiqәt, anlamıram.
Ş a h T ә h m a s. Anlamayırsan? Mәsәlәn, bir şәxs padşahın canına qәsd edә, belә bir әhvalatı lazım gәlirmi xәbәr edәsәn?
M i r z ә M e h d i x a n. Әlbәttә!
Ş a h T ә h m a s. Bәs de görüm, Nadirin tәrәfindәn bir şey eşitmәyibsәnmi?
M i r z ә M e h d i x a n. Xeyr, qibleyi-alәm!
Ş a h T ә h m a s. Bәlkә mәqami-dostluqda sәnә demiş ola ki, guya fikrindәn padşahlıq keçir.
M i r z ә M e h d i x a n. Qibleyi-alәm! Neçә ildir mәn onunla bir yerdә oluram, hәr bir sirri vә pünhan sözü olubsa, mәndәn gizlәtmәyibdir, hәmәvaxt felindәk vә qövlindәn sәltәnәtiniz payidar olmağı vә qibleyi-alәmә artıq dәrәcәdә mәhәbbәti
aşkar görünür. Hәqiqәt, dava mәqamında şir kimi şәmşir әlindә hamıdan qabaq düşmәn müqabilinә gedibdir. Padşahını sevmәyәn şәxs dә bu tövr edәrmi?
Ş a h T ә h m a s. Bәs görükür heç bir şey eşitmәyibsәn?
M i r z ә M e h d i x a n. Heç!
Ş a h T ә h m a s (hirsli). Sәni zindana salandan sonra hamısını deyәrsәn.... Get, amma bir adama bizim söhbәtimizi deyibsәn, özünü ölmüş bil! (Baş әyib gedir.)
Ş a h T ә h m a s (fikirdә). Bәlkә Heydәr sәhvdir, ağlım kәsmir ki, Nadirdә belә cürәt ola. Hәrgah bu fikrә düşmüş olsa da, bu tezlikdә aşkara çıxarmaz. (Fikrә gedib başını әli ilә tutur.)
  
YEDDİNCİ GӘLİŞ
 
H e y d ә r x a n (yavaş-yavaş daxil olur). Qibleyi-alәm! Nә üz veribdir?
Ş a h T ә h m a s (başını qaldırıb). Sәnsәn? Heydәr, mәn fikrimi sәnin barәndә dәyişdirdim. Dövlәt işlәrindә sәndәn mәnә müqәrrib adam yoxdur, özün görürsәn sәnә nә qәdәr mәrhәmәtim keçir, cәmi dövlәtin ixtiyarını vermişәm sәnә. Bununla belә, işdәn belә mәlum olur ki, sәn istәyirsәn Nadir kimi adamı mәnә düşmәn edәsәn . Deyirsәn, guya Nadir istәyir padşahlığı әlimdәn alsın, taxtda özü әylәşsin. Mәnim heç dәlilim yoxdur. Mirzә Mehdi ki, ona müqәrrib adamların biridir, söylәyir, Nadir mәnim yolumda baş qoymağa hazırdır. Vә bir dә qeyri mәktublar ki, Nadir işarә edir, mәni tәşvişә salıbdır. Hanı o mәktublar?
H e y d ә r x a n. Qibleyi-alәm! O mәktubların mәzmununu siz bilirsiniz, haman mәktublarda yazılan әhvalat Әfqanıstan barәsindәdir.... Bundan qeyri bir әhvalat yoxdur. O ki qaldı Nadirin әminliyinә ... şәkkim çoxdur.... Qibleyi-alәm! Sizinlә söhbәt edәndә diqqәt etdinizmi, dedi: qoşunlar vә sәrkәrdәlәr hamısı mәnә tabedir.... Bu nә sözdür? İşarә deyilmi? (Şah Tәhmas fikrә gedir.)
Ş a h T ә h m a s. Bәs Nadirin xain olmağını, görükür, sәn yәqin edibsәn?
H e y d ә r x a n. Yәqin, mәnә gün kimi aşkardır. Mәnim mәslәhәtimә görә Nadiri gәrәkdir bu gün zindana salalar, tainki әlaqәsi heç kimsә ilә olmasın. Çünki bu xәbәrlәri eşitsә, hәm qoşunu vә hәm sәrkәrdәlәri tәhrik edәr ki, qibleyi-alәmin
üzünә ağ olsunlar.... (Şah Tәhmas fikrә gedir, Heydәr xan qoynundan kağız çıxarır, Şah Tәhmas kağızı görür.)
Ş a h T ә h m a s. Bu saat buyruq verәrsәn onu hәbs etsinlәr. (Bәrkdәn.) Bu saat! O nә kağızdır?
H e y d ә r x a n. Qibleyi-alәm! Bu gün gәlibdir. Osmanlı dövlәti bizim şәrtnamәmizә cavab yazıbdır.
Ş a h T ә h m a s. Nә yazıbdır?
H e y d ә r x a n. Yazır ki, gәrәk biz Әrәs çayının sağ tәrәfini onlara verәk....
Ş a h T ә h m a s (fikirdә). Sağ tәrәfini.... Xeyr, elә şey ola bilmәz!
H e y d ә r x a n. Әlbәttә, belә şey ola bilmәz, amma....
Ş a h T ә h m a s (acıqlı). Necә amma?
H e y d ә r x a n. Çarәmiz yoxdur, gәrәk razı olaq.
Ş a h T ә h m a s. Necә çarәmiz yoxdur? Nә üçün gәrәk razı olaq?
H e y d ә r x a n. Qibleyi-alәm! Osmanlının müqabilinә çıxmaq üçün әqәllәn gәrәk 20.000 qoşunumuz ola. Bu qәdәr qoşunu keçәn davalardan sonra yığmaqmı olar?
Ş a h T ә h m a s (başını әli ilә tutur vә bir az fikirdәn sonra). Yox.... Mәn sәhv etmişәm. Bu saat gedib Nadiri çağırarsan buraya. Әvvәlki buyruğumu ki, hәbsә salsınlar, әlbәttә, demәzsәn. Mәn görürәm onsuz bu iş başa gәlmәz. Bu saat gәrәkdir onu hüzuruma gәtirәsiniz vә Cәfәr xan, Mehdi xan burada olsunlar.
H e y d ә r x a n. Qibleyi-alәm!
Ş a h T ә h m a s. Durma, buyurduğuma әmәl et! (Heydәr xan çıxır.) Nadir bu halda dövlәtin müşkül işlәrindә gәrәkdir, ah... Nә yaman halәtdir! (Fikirdә.) Nә üçün mәn Heydәrә inanıb Nadiri özümә düşmәn edirәm? Yox, tamamdır! Bu gündәn Heydәrә çox ümid etmәmәk.
  
SӘKKİZİNCİ GӘLİŞ
 
R z a x a n. Qibleyi-alәm! Bu saat xәbәr gәlibdir ki, Osmanlı İrәvandan keçib 30.000 qoşunla bizim torpağa ayaq qoyubdur.
Ş a h T ә h m a s. Elә şey ola bilmәz. Ancaq bu xәbәr vardır ki, bizim şәrtnamәni qәbul etmәyib istәyir ki, Әrәs çayının sağ tәrәfini onlara verәk.
R z a x a n. Qibleyi-alәm! Bu xәbәri yәqin bilib qulluğnuza gәlmişәm, yoxsa cürәt etmәzdim.
Ş a h T ә h m a s. Bәs Heydәr görükür, sәhvdir. Ah ... xain.... Ah ... bәdbәxt Heydәr! Bu saat onu çağırarsan, görüm bu әhvalatları nә üçün gizlәdir?
 
(Rza xan istәyir çıxsın. Nadir xan, Heydәr xan, Mәhәmmәd xan, Cәfәr xan daxil olurlar.)
 
Ş a h T ә h m a s (Nadirә). Mәn sәnin tәqsirindәn keçib әvvәlki ixtiyarını qaytarıram. Ümidvaram ki, bir para xәyalatdan qayıdıb sәdaqәtdә xidmәt edәsәn. Bu saat Rza xan bir qәmgin xәbәr gәtiribdir, guya Osmanlı bizim yerlәrә ayar qoyubdur. Ona görә vaxtı fövt etmәyib Rza xanı, Mәhәmmәd xanı vә Cәfәr xanı kömәkçi götürüb kedәrsәn düşmәnin müqabilinә!
N a d i r (әvvәl yavaş sәc ilә, sonra getdikcә sәsini ucaldır). Qibleyi-alәmin mәrhәmәti mәnim üzәrimdә çoxdur. Bu vaxtadәk sidqi-qәlblә dövlәt vә millәtә qulluq etmişәm: vәtәnimizi düşmәnlәrdәn xilas etmişәm. Xorasandan sonra qibleyi-alәmin xәbәri olmaya-olmaya әfqanların üstünә getmişәm, yerlәrini alıb özlәrini dağa-daşa salıb vaxtında şahıma xәbәr etmişәm. Amma bu qulluqlarımın әvәzindә qibleyi-alәmin tәrәfindәn nәinki böyük mәrtәbәyә vә hәtta bir xoş nәzәrә dә layiq olmamışam. Mәn heç! Amma qoşun, qoşun üçün padşahımın "mәrhәba" sәsi qüvvәti-qәlb vә böyük sәadәtdir.. Dövlәtә bugünәdәk mәn xәyanәt etmәmişәm, bununla belә, qibleyi-alәm! Bir saat bundan әqdәm, necә ki, eşitdim, buyruq vermişsiniz mәni hәbsә salsınlar.... Çox tәәccüb! Çox tәәccüb! Sәbәb? Sәbәb? İnsanın biinsaf, biqeyrәtliyi vә paxıllığı! Bilirәm, hamısını bilirәm, fәqәt qibleyi-alәm! Özümә cürәt edib deyirәm: hәmişә padşah ilә millәtin arasında olan pәrdә dövlәtin viran olmağına vә millәtin bәdbәxtliyinә әn birinci sәbәb olubdur. Bu pәrdә vәzirlәrdәn ibarәt bir şeydir ki,hәm padşahı vә hәm dә millәti qaranlıqda saxlar. Nә padşahın millәtdәn vә nә millәtin padşahdan xәbәri olmaz. Millәtin zülmdәn ah vә nalә sәsini padşah eşidәrsә, vәzirlәr deyәrlәr: qibleyi-alәm! Sәni millәt alqışlayır, alqışlayır.... Ağılsız, fәrasәtsiz öz vәzifәsini anlamayan padşah bu sözlәrә inanar, inanıb da zavallı millәtin daima göz yaşına vә axırda vәtәnin puç olmağına sәbәb olar. İndi, hәzәrat! Bir padşah ki, dövlәti vә millәti tapşıra biinsaf, bimәrifәt şәxslәrә (baxır Heydәr xana vә sәsini ucaldır), bir padşah ki, canfişan olan qoşunun vә sәrkәrdәnin qәdr-qiymәtini bilmәyә (üzünü xanlara) tac vә sәltәnәtә layiq deyil. Hәrgah istәyirsiniz vәtәnimiz hәr fәsaddan xali vә asudә ola gәrәkdir belә padşah sәltәnәtdәn xaric olsun....
C ә f ә r x a n, R z a x a n, M ә h ә m m ә d x a n (hamı qılınclarını siyirib). Doğru buyurursunuz.... Nadir şah cağ olsun!
Nadir şah sağ olsun!
 
(Şah Tәhmas vә Heydәr xan özlәrini itirirlәr vә dillәri tutulur.)
 
PӘRDӘ