Vikimənbə:Günün mətni/sentyabr 8
Görünüş
Daş qəlbli insanları neylərdin, ilahi?!
Mirzə Ələkbər Sabir
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm belə dövranları neylərdin, ilahi?!
Məzlumların goz yaşı dərya olacaqmış, -
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, -
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!
Iş rəncbərin, guz öküzün, yer özününkü, -
Bəyzadələri, xanları neylərdin, ilahi?!