Bibliya/İbranilərə Məktub
←Paulun Filimona Məktubu | Bibliya. İbranilərə Məktub |
Yaqubun Məktubu→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | Qeydlər |
«İbranilərə Məktub» qarşıdurmalarla üzləşən və imanından dönmək təhlükəsində olan məsihçi imanlılara ünvanlanıb. Məktubun müəllifi onları imanda ruhlandırır və hər şeydən öncə göstərir ki, İsa Məsih Allahın izzətinin təzahürü və onun mahiyyətinin tam surətidir. Bunu etməklə o, üç əsas həqiqəti vurğulayır: İsa Məsih Allahın əbədi Oğludur. O çəkdiyi əzablarla Ataya itaətli olmağı öyrəndi. İsa Məsih Allahın Oğlu olaraq Əhdi-Ətiqin peyğəmbərlərindən, xüsusilə də, Musadan da üstündür. İsa Məsih kahinlərdən üstün olaraq Allah tərəfindən əbədi Kahin elan olunmuşdur. İmanlılar İsa Məsihə iman etmək vasitəsilə günahdan, qorxudan və ölümdən qurtulur. İsa Baş Kahin kimi həqiqi xilası təmin edir.
Məktubun müəllifi İsrail tarixində məşhur adamları nümunə gətirərək oxucuları sadiq qalmağa çağırır. O, oxuculara iztirab və təqiblər zamanı İsaya baxıb dözümlü olmağı tövsiyə edir. Məktub məsləhət və xəbərdarlıqla bitir.
Kitabın məzmunu:
- 1:1-14 Allahın Oğlunun mələklərdən üstünlüyü
- 2:1-18 İmanlılara öyüd-nəsihət
- 3:1-4:13 İsanın Musadan üstünlüyü
- 4:14-7:28 İsa Məsih baş kahinimizdir
- 8:1-13 Məsihin Əhdinin üstünlüyü
- 9:1-22 Yeni Əhdin qurbanı köhnəsindən üstündür
- 9:23-10:39 Son qurban
- 11:1-40 İman qəhrəmanları
- 12:1-29 Allahın ata ürəyi barəsində
- 13:1-25 Öyüd-nəsihətlər
1
[redaktə]Allahın Oğlu mələklərdən üstündür
1 Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. 2 Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. 3 Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. 4 Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu. 5[1] Axı Allah mələklərin hansına nə vaxtsa
«Sən Mənim Oğlumsan,
Mən bu gün Sənə Ata oldum»
yaxud
«Mən Ona Ata, O isə Mənə Oğul olacaq»
demişdir? 6[2] Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir:
«Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».
7[3] Mələklər barəsində isə deyir:
«Öz mələklərini küləklərə,
Öz xidmətçilərini yanar oda döndərir!»
8[4] Amma Oğul haqqında bunu deyir:
«Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,
Sənin şahlıq əsan insaf əsasıdır.
9 Salehliyi sevib qanunsuzluğa nifrət etmisən.
Ona görə Allah, Sənin Allahın
Sevinc yağı ilə
Yoldaşlarından çox Səni məsh edib».
10[5] Yenə deyir:
«Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan,
Göylər Sənin əllərinin işidir!
11 Onlar yox olacaq, amma Sən qalacaqsan,
Hamısı paltar kimi köhnələcək,
12 Onları geyim kimi bükəcəksən,
Onları paltar kimi dəyişdirəcəksən.
Amma Sən dəyişməzsən,
İllərin tükənməzdir».
13[6] Lakin Allah mələklərin hansına nə vaxtsa
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur»
demişdir? 14 Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?
2
[redaktə]Diqqətli olaq
1 Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın. 2 Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə, 3 bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu. 4 Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.
5 Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi. 6[7] Lakin kimsə bir yerdə belə şəhadət etdi:
«İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?
7 Onu mələklərdən az müddət ərzində aşağı tutdun,
İzzət və əzəmət tacını onun başına qoydun.[8]
8 Hər şeyi onun ayağının altına qoyub tabe etdin».
Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük. 9 Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
10 Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi. 11 Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
12[9] «İsmini qardaşlarıma elan edəcəyəm,
Toplantı arasında Sənə həmd söyləyəcəyəm».
13[10] Yenə də deyir:
«Mən Ona güvənəcəyəm»
və yenə
«Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
14 Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin 15 və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. 16 Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər. 17 Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin. 18 Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
3
[redaktə]İsa Musadan üstündür
1 Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün. 2[11] İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı. 3 Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü. 4 Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır. 5 Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı. 6 Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub[12] saxlasaq, Onun evi bizik.
İmansızlığa qarşı xəbərdarlıq
7[13] Buna görə Müqəddəs Ruhun dediyi kimi:
«Bu gün əgər Onun səsini eşitsəniz,
8 Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi,
Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.
9 Orada atalarınız Məni sınadılar,
Qırx il əməllərimi görərək Məni yoxladılar.
10 Buna görə o nəsildən zəhləm getdi.
Dedim: “Onlar həmişə ürəklərində azır,
Yollarımı tanımırlar”.
11 Buna görə qəzəblənib and içmişəm:
“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
12 Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. 13 Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın. 14 Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq. 15[14] Necə ki deyilmişdir:
«Bu gün əgər Onun səsini eşitsəniz,
Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».
16[15] Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi? 17 Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi? 18 Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil? 19 Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.
4
[redaktə]Allahın rahatlıq diyarı
1 Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq. 2 Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.[16] 3[17] Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir:
«Buna görə qəzəblənib and içmişəm:
“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».
Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır. 4[18] Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi». 5[19] Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».
6 Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər. 7[20] Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir:
«Bu gün əgər Onun səsini eşitsəniz,
Qoy ürəkləriniz inadkar olmasın».
8[21] Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı. 9 Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır. 10[22] Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi. 11 Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.
12 Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir. 13 Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
İsa Məsih bizim Baş Kahinimizdir
14 Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq. 15 Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir. 16 Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.
5
[redaktə]1 İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir. 2 Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur. 3[23] Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir. 4[24] Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.
5[25] Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona
«Sən Mənim Oğlumsan,
Mən bu gün Sənə Ata oldum»
deyən Allah Onu izzətləndirdi. 6[26] Digər yerdə isə O belə deyir:
«Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən».
7[27] Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi. 8 O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. 9 Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu 10 və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi. Kamilliyə doğru irəliləyək 11 Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir. 12[28] Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. 13 Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir. 14 Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.
6
[redaktə]1 Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini, 2 vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq. 3 Allah izin verərsə, bunlara da əməl edəcəyik.
4 Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş, 5 Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda 6 imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər. 7 Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır. 8 Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.
9 Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz. 10 Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun. 11 Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki, 12 siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz.
Allahın vədi
13[29] Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi:
14 «Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».
15 Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu. 16 İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur. 17 Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. 18 Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq. 19[30] Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur. 20[31] İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu.
7
[redaktə]Kahin Melkisedeq
1[32] Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. 2 İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır. 3 O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır.
4 Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. 5[33] Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. 6 Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. 7 Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. 8 Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır. 9 Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi. 10 Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi.
Yeni kahinlik nizamı
11 Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı? 12 Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var. 13 Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir. 14 Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi. 15 Melkisedeqə bənzər başqa bir Kahinin təyin edilməsi bunu daha da aydın göstərir. 16 O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu. 17[34] Çünki
«Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən»
deyə şəhadət olunur. 18 Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur. 19 Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir.
20 Bu kahinlik isə andsız olmadı. O biri kahinlər andsız kahin oldu. 21[35] Lakin İsa Ona
«Rəbb and içdi, qərarını dəyişməz:
“Sən əbədi[36] bir Kahinsən”»
deyən Allah vasitəsilə andla kahin oldu. 22 Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu.
23 Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. 24 Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. 25 Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır. Yeni Əhdin Baş Kahini
26 Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun. 27[37] O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi. 28 Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi.
8
[redaktə]1[38] Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub. 2 O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir. 3 Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır. 4 Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var. 5[39] Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi:
«Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».
6 Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.
7 Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı. 8[40] Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir:
«Rəbb bəyan edir:
“İsrail xalqı və Yəhuda xalqı ilə
Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.
9 Bu Əhd
Atalarını Misir torpağından çıxartmaq üçün
Əllərindən tutduğum gün
Onlarla bağladığım əhdə bənzəməyəcək.
Çünki onlar əhdimə sadiq qalmadılar,
Mən də onlardan üz döndərdim”
Rəbb belə bəyan edir.
10 “O günlərdən sonra
İsrail xalqı ilə
Bağlayacağım Əhd belədir”
Rəbb bəyan edir,
“Qanunlarımı onların zehinlərinə qoyub
Ürəklərinə yazacağam.
Mən onların Allahı,
Onlar da Mənim xalqım olacaq.
11 Bir kəs öz həmvətənini yaxud qardaşını
‹Rəbbi tanı› deyib öyrətməyəcək.
Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.
12 Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam,
Günahlarını daha yada salmayacağam”».
13 Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.
9
[redaktə]Yeni Əhdin qurbanı köhnəsindən üstündür
1 Birinci Əhdin də ibadət barəsindəki qaydaları və dünyəvi Müqəddəs məkanı var idi. 2[41] Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi. 3[42] İkinci pərdə arxasında isə Ən Müqəddəs yer adlanan bir bölmə var idi. 4[43] Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi. 5[44] Sandığın üzərində isə kəffarə qapağına kölgə salan izzətli keruvlar var idi. Lakin bunlar barəsində indi ətraflı danışa bilmirik.
6[45] Bu şeylər belə qurulduqdan sonra kahinlər həmişə çadırın ilk bölməsinə daxil olub ibadət aparırlar. 7[46] İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz. 8 Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır. 9 Bu çadır indiki vaxt üçün bir misaldır. Bu səbəbdən ibadət edənin vicdanını kamilləşdirə bilməyən təqdimlər və qurbanlar verilir. 10 Bunlar ancaq yemək, içmək və cürbəcür yuyunma tərzləri ilə, yəni hər şeyin nizama salınacağı vaxtadək qüvvədə olub cismani işlərə məxsus olan qaydalarla əlaqədardır.
11 Lakin Məsih indi gələn[47] nemətlərin Baş Kahini olaraq gəldi. İnsan əli ilə qurulmayan, yəni bu yaradılışdan olmayan daha böyük və daha mükəmməl çadırdan keçib 12[48] təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. 13 Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, 14 deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!
15 Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. 16 Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır. 17 Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur. 18 Bu səbəbə görə Birinci Əhd də qan axıdılmadan qüvvəyə minmədi. 19[49] Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrin[50] qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi:
20 «Budur Allahın sizə əmr etdiyi Əhdin qanı».
21[51] Eyni tərzdə çadır və bütün xidmət əşyalarının üzərinə qan səpdi. 22[52] Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.
Son qurban
23 Beləliklə, göylərdəkilərin təsvirlərini bu qurbanlarla, göylərdəkiləri isə bunlardan daha yaxşı qurbanlarla təmizləmək lazım idi. 24 Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun. 25 Baş kahin hər il özünün olmayan qanla Ən Müqəddəs yerə girər. Amma Məsih Özünü dəfələrlə təqdim etmək üçün göyə girmədi. 26 Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi. 27[53] Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar, 28 eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.
10
[redaktə]1 Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. 2 Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər. 3 Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır. 4 Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
5[54] Buna görə Məsih dünyaya gələndə deyir:
«Qurban və təqdim istəmədin,
Amma Mənə bir bədən hazırladın.
6 Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi.
7 O zaman dedim: “Budur, gəlmişəm,
Kitab tumarında Mənim haqqımda yazılıb.
Ay Allah, Sənin iradəni yerinə yetirim”».
8 Məsih əvvəl dedi:
«Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin,
Bunlardan xoşun gəlmədi».
Bunlar hamısı Qanuna görə təqdim olunur. 9 Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni[55] yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. 10 Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
11 Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. 12[56] Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. 13 O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. 14 Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
15 Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:
16[57] «“O günlərdən sonra
Onlarla bağlayacağım Əhd belədir”
Rəbb bəyan edir,
“Qanunlarımı onların ürəyinə qoyub
Zehinlərinə yazacağam”».
17 Sonra deyir:
«Günahlarını və qanunsuzluqlarını yada salmayacağam».
18 Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur.
Nəsihət və xəbərdarlıq
19 Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. 20 O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. 21 Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. 22[58] Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. 23 Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. 24 Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. 25 Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün[59] yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
26[60] Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. 27 Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. 28[61] Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. 29[62] Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? 30[63] Çünki
«Qisas Mənimdir, əvəzini Mən verəcəyəm»
və yenə də
«Rəbb Öz xalqını mühakimə edəcək»
deyəni tanıyırıq. 31 Var olan Allahın əlinə düşmək dəhşətdir! 32 Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. 33 Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz. 34 Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. 35 Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. 36 Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. 37[64] Çünki
«Bir az müddətdən sonra
Gələn gələcək, gecikməyəcək.
38 Amma saleh adamım imanla yaşayacaq.
Əgər geri çəkilsə, ondan razı qalmayacağam».
39 Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.
11
[redaktə]İman qəhrəmanları
1 İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır. 2 Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.
3[65] İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.
4[66] İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.
5[67] Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb. 6 İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
7[68] Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.
8[69] İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı. 9[70] İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. 10 Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi. 11[71] Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı. 12[72] Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.
13[73] Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər. 14 Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər. 15 Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı. 16 Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.
17[74] İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. 18[75] Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. 19 O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.
20[76] İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi.
21[77] Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi.
22[78] Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.
23[79] Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar.
24[80] Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi. 25 Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. 26 Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi. 27[81] İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı. 28[82] İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.
29[83] İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular. 30[84] İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı. 31 İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.
32[85] Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz. 33[86] İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, 34[87] şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular. 35[88] Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar; 36[89] digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar; 37[90] onlar daşqalaq edildilər, mişarlanıb bölündülər,[91] qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar. 38 Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər.
39 Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı. 40 Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.
12
[redaktə]Allah tərbiyə verən Atadır
1 Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. 2 Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. 3 Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
4 Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız. 5[92] Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz:
«Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,
Onun məzəmmətindən ruhdan düşmə.
6 Çünki Rəbb sevdiyini tərbiyələndirər,
Qəbul etdiyi hər oğulu döyər».
7 Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin? 8 Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız. 9 Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? 10 Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir. 11 Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
12[93] Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. 13 Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
Allahın lütfünü rədd etməyin
14 Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək. 15[94] Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin. 16[95] Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı. 17[96] Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı.
18[97] Siz toxunula bilən, odla yanan bir şeyə,[98] qaranlığa, zülmətə, qasırğaya, 19 şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar. 20[99] Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər. 21[100] Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi. 22[101] Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, 23 göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, 24 Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
25[102] Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir. 26[103] O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi
«Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm»
deyə vəd etmişdir. 27 «Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar. 28 Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək. 29[104] Çünki Allahımız yandırıb-yaxan alovdur.
13
[redaktə]Öyüd-nəsihətlər
1 Aranızda daimi qardaşlıq sevgisi olsun. 2[105] Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər. 3 Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz. 4 Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək. 5[106] Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». 6[107] Buna görə biz arxayınlıqla deyirik:
«Rəbb mənə yardım edəndir, heç qorxmaram.
İnsan mənə nə edə bilər?»
7 Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün. 8 İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir. 9 Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər. 10 Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur. 11[108] Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır. 12 Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. 13 Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək. 14 Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq. 15 Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək. 16 Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.
17 Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.
18 Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq. 19 Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.
20 Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah 21 sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə[109] icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.
22 Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım. 23 Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.
24 Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.
25 Hamınıza lütf olsun!
Qeydlər
[redaktə]- ↑ 2Şam. 7:14; 1Saln. 17:13; Zəb. 2:7
- ↑ Qanun 32:43; Zəb. 97:7
- ↑ Zəb. 104:4
- ↑ Zəb. 45:6-7
- ↑ Zəb. 102:25-27
- ↑ Zəb. 110:1
- ↑ Zəb. 8:4-6
- ↑ Qoydun – bəzi əlyazmalarda qoydun, Əllərinin işləri üzərində onu hökmdar etdin.
- ↑ Zəb. 22:22
- ↑ Yeş. 8:17-18
- ↑ Say. 12:7
- ↑ Qoruyub – bəzi əlyazmalarda sona qədər möhkəm qoruyub.
- ↑ Zəb. 95:7-11
- ↑ Zəb. 95:7-8
- ↑ Say. 14:1-35
- ↑ Bu kəlama qulaq asanların imanına şərik olmadılar – bəzi əlyazmalarda eşidəndə bu kəlamı imanla qovuşdurmadılar.
- ↑ Zəb. 95:11
- ↑ Yar. 2:2
- ↑ Zəb. 95:11
- ↑ Zəb. 95:7-8
- ↑ Qanun. 31:7; Yeşua 22:4
- ↑ Yar. 2:2
- ↑ Lev. 9:7
- ↑ Çıx. 28:1
- ↑ Zəb. 2:7
- ↑ Zəb. 110:4
- ↑ Mat. 26:36-46; Mark 14:32-42; Luka 22:39-46
- ↑ 1Kor. 3:2
- ↑ Yar. 22:16-17
- ↑ Lev. 16:1-2
- ↑ Zəb. 110:4
- ↑ Yar. 14:17-20
- ↑ Say. 18:21
- ↑ Zəb. 110:4
- ↑ Zəb. 110:4
- ↑ Əbədi – bəzi əlyazmalarda Melkisedeq vəzifəli əbədi.
- ↑ Lev. 9:7
- ↑ Zəb. 110:1
- ↑ Çıx. 25:40; Həv. 7:44
- ↑ Yer. 31:31-34
- ↑ Çıx. 25:23-40; 26:1-30; 36:8-34; 37:10-24
- ↑ Çıx. 26:31,33
- ↑ Çıx. 16:33; 25:10-16; 30:1-6; 37:25-28; Say. 17:8-10; Qanun. 10:3-5
- ↑ Çıx. 25:17-22; 37:6-9
- ↑ Say. 18:2-6
- ↑ Lev. 16:1-34
- ↑ İndi gələn – bəzi əlyazmalarda gələcək.
- ↑ Lev. 16:15-16; Say. 19:9,17-19
- ↑ Çıx. 24:6-8
- ↑ Dana və təkələrin – bəzi əlyazmalarda danaların.
- ↑ Lev. 8:15
- ↑ Lev. 17:11
- ↑ Yeş. 53:12
- ↑ Zəb. 40:6-8
- ↑ Sənin iradəni – bəzi əlyazmalarda Ay Allah, Sənin iradəni.
- ↑ Zəb. 110:1
- ↑ Yer. 31:33-34; İbr. 8:10-12
- ↑ Lev. 8:30; Yez. 36:25
- ↑ Qiyamət günü – hərfi tərcümədə gün.
- ↑ Yeş. 26:11
- ↑ Qanun. 17:6; 19:15
- ↑ Çıx. 24:8
- ↑ Qanun. 32:35-36; Rom. 12:19
- ↑ Hab. 2:3-4; Rom. 1:17; Qal. 3:11
- ↑ Yar. 1:1; Zəb. 33:6,9; Yəh. 1:3
- ↑ Yar. 4:3-10
- ↑ Yar. 5:21-24
- ↑ Yar. 6:13-22
- ↑ Yar. 12:1-5
- ↑ Yar. 35:27
- ↑ Yar. 18:11-14; 21:2
- ↑ Yar. 15:5; 22:17; 32:12
- ↑ Yar. 23:4; 1Saln. 29:15; Zəb. 39:12
- ↑ Yar. 22:1-14
- ↑ Yar. 21:12; Rom. 9:7
- ↑ Yar. 27:27-29,39-40
- ↑ Yar. 47:31-48:20
- ↑ Yar. 50:24-25; Çıx. 13:19
- ↑ Çıx. 1:22; 2:2
- ↑ Çıx. 2:10-12
- ↑ Çıx. 2:15
- ↑ Çıx. 12:21-30
- ↑ Çıx. 14:21-31
- ↑ Yeşua 2:1-21; 6:12-25
- ↑ Hak. 4:6-5:31; 6:11-8:32; 11:1-12:7; 13:2-16:31; 1Şam. 1:1-28:3; 16:11; 1Pad. 2:11
- ↑ =Dan. 6:1-27
- ↑ Dan. 3:1-30
- ↑ 1Pad. 17:17-24; 2Pad. 4:25-37
- ↑ 1Pad. 22:26-27; 2Saln. 18:25-26; Yer. 20:2; 37:15; 38:6
- ↑ 2Saln. 24:21
- ↑ Bölündülər – bəzi əlyazmalarda bölündülər, sınağa çəkildilər.
- ↑ Əyy. 5:17; Sül. 3:11-12; Vəhy 3:19
- ↑ Sül. 4:26; Yeş. 35:3
- ↑ Qanun. 29:18
- ↑ Yar. 25:29-34
- ↑ Yar. 27:30-40
- ↑ Çıx. 19:16-22; 20:18-21; Qanun. 4:11-12; 5:22-27
- ↑ Bir şeyə – bəzi əlyazmalarda dağa.
- ↑ Çıx. 19:12-13
- ↑ Qanun. 9:19
- ↑ Yar. 4:10
- ↑ Çıx. 20:22
- ↑ Haq. 2:6
- ↑ Qanun. 4:24; 9:3
- ↑ Yar. 18:1-8; 19:1-3
- ↑ Qanun. 31:6,8; Yeşua 1:5
- ↑ Zəb. 118:6
- ↑ Lev. 16:27
- ↑ Bizdə – bəzi əlyazmalarda sizdə.