Məzmuna keç

Bibliya/Paulun Kolosselilərə Məktubu

Vikimənbə saytından
Paulun Filipililərə Məktubu Bibliya. Paulun Kolosselilərə Məktubu

Paulun Saloniklilərə Birinci Məktubu


1 2 3 4 Qeydlər

Paulun bu məktubu indiki Türkiyə ərazisindəki Efes şəhərinin şərqində yerləşən Kolosse şəhərinin imanlılar cəmiyyətinə ünvanlanıb. Bu cəmiyyət Paul tərəfindən yaradılmamışdı, lakin Paul özünü məsuliyyətli hiss edirdi, çünki oraya Efesdən işçilər göndərmişdi. Paul xəbər tutmuşdu ki, o cəmiyyətdəki yalançı müəllimlər Allahı tanımaq və tamam xilas almaq üçün insanın mələklərə və başqa ruhani qüvvələrə səcdə etmələrinin lazım olduğunu öyrədirdi. Bundan əlavə, bu müəllimlər həm də sünnət, yemək qaydaları və digər ənənələrə əməl etməyi tələb edirdilər.

Paul bu saxta təlimlərə qarşı duraraq həqiqi məsihçi təlimini nümayiş etdirir. Həvarinin öyrətdiklərinə əsasən yalnız İsa Məsih xilas etməyə qadirdir, digər əqidələr və işlər əslində insanı Ondan uzaqlaşdırır. Allah-Taala İsa Məsih vasitəsilə dünyanı yaratdı və Onun vasitəsilə dünyanı Özünə tərəf döndərir. Dünyanın xilas ümidi yalnız İsa Məsihlə birlikdə olmaqdır. Sonra Paul imanlıların həyatları üçün bu böyük təlimi necə tətbiq etdiyini izah edir.

Maraqlı odur ki, Paulun bu məktubunu Kolosse cəmiyyətinə çatdıran Tixik Onisimlə birgə yola çıxmışdı; bu adam haqqında Paul Filimona xahiş məktubunu yazmışdır.

Kitabın məzmunu:

  • 1:1-8 Giriş
  • 1:9-2:19 Məsihin təbiəti və işi
  • 2:20-4:6 Məsihdə yeni həyat
  • 4:7-18 Son salamlar

1 Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan 2 Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan[1] sizə lütf və sülh olsun!

Paul Allaha şükür edir

3 Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. 4 Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq. 5 İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz. 6 Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır. 7[2] Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün[3] çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. 8 O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı.

Paulun Kolosselilər üçün duası

9 Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. 10 Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz, 11 hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, 12 müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. 13 O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 14[4] Oğlunda[5] satınalınmaya – günahlarımızın bağışlanmasına malikik.

Məsihin şəxsiyyəti və vəzifəsi

15 Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. 16 Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. 17 Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. 18[6] Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. 19 Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa 20 və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.

21 Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. 22 İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. 23 Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum.

Paulun imanlılara xidməti

24 İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram. 25 Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, 26 yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. 27 Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir. 28 Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. 29 Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.

1 İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz. 2 Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi[7] dərk etsinlər. 3 Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. 4 Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. 5 Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm.

Məsihin qoyduğu həyat tərzi

6 Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. 7 Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.

8 Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. 9 Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. 10 Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. 11 Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən[8] ayrılaraq sünnət olundunuz. 12[9] Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. 13[10] Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb 14[11] tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini[12] ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. 15 Allah başçıları və hakimləri[13] tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.

16[14] Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. 17 Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. 18 Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə[15] güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. 19[16] O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən[17] buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.

Məsihdə yeni həyat

20 Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq 21 «buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz? 22 Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır. 23 Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.

1[18] Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. 2 Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. 3 Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. 4 Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.

5 Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. 6 Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə[19] gəlir. 7 Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz. 8 İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. 9[20] Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb 10 yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. 11 Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.

12[21] Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. 13[22] Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. 14 Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. 15 Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! 16[23] Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. 17 Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.

Evdə olan münasibətlər

18[24] Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun.

19[25] Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın.

20[26] Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır.

21[27] Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar.

22[28] Ey qullar, hər işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin. 23 Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin. 24 Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz. 25[29] Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz.

1[30] Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun.

Müxtəlif öyüdlər

2 Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun. 3 Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim. 4 Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim.

5[31] Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. 6 Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz. Salam göndərmə 7[32][33] Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək. 8 Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız[34] və o sizin qəlbinizi ovutsun. 9[35] Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək.

10[36] Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin. 11 Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər.

12[37] Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır. 13 Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir.

14[38] Sevimli həkim Luka və Dima da sizə salam göndərir.

15 Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin. 16 Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun. 17[39] Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır».

18 Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun!

Qeydlər

[redaktə]
  1. Allahdan – bəzi əlyazmalarda Allahdan və Rəbb İsa Məsihdən (Rom. 1:7).
  2. Kol. 4:12; Flm. 23-24
  3. Sizin üçün – bəzi əlyazmalarda bizim üçün.
  4. Ef. 1:7
  5. Oğlunda – bəzi əlyazmalarda Oğlunda, Onun qanı vasitəsilə.
  6. Ef. 1:22-23; 2:14-16
  7. Allahın sirri olan Məsihi – bəzi əlyazmalarda Allahın – həm Atanın, həm də Məsihin sirrini.
  8. Cismani təbiətdən – bəzi əlyazmalarda günahkar cismani təbiətdən.
  9. Rom. 6:4
  10. Ef. 2:1-5
  11. Ef. 2:14-16
  12. Borc sənədi – yəni Musanın Qanunu.
  13. Başçıları və hakimləri – yəni qüvvətli şər ruhları.
  14. Rom. 14:1-6
  15. Gördüyü görüntülərə – bəzi əlyazmalarda görmədiyi şeylərə.
  16. Ef. 4:16
  17. Bədən – yəni imanlılar cəmiyyəti.
  18. Zəb. 110:1
  19. İtaətsizlərin üzərinə – bəzi əlyazmalarda bu sözlər yoxdur.
  20. Yar. 1:26; Ef. 4:22-24
  21. Ef. 4:2
  22. Ef. 4:32
  23. Ef. 5:19-20
  24. Ef. 5:22; 1Pet. 3:1-2
  25. Ef. 5:25; 1Pet. 3:7
  26. Ef. 6:1
  27. Ef. 6:4
  28. Ef. 6:5-8
  29. Qanun. 10:17; Ef. 6:9
  30. Ef. 6:9
  31. Ef. 5:16
  32. Həv. 20:4; 2Tim. 4:12
  33. Ef. 6:21-22
  34. Bizim vəziyyətimizdən xəbərdar olasınız – bəzi əlyazmalarda sizin vəziyyətinizdən xəbərdar olsun.
  35. Flm. 10-12
  36. Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2; Flm. 23-24
  37. Kol. 1:7; Flm. 23-24
  38. 2Tim. 4:10-11; Flm. 23-24
  39. Flm. 1-2

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy